“Azad olunmuş torpaqlarımızı cənnətə çevirəcək, ölkəmizi daha da şöhrətləndirəcək və xalqımızın tarixinə yeni, unudulmaz səhifələr yaza biləcəyik…”-TAHİR RZAYEVİN YAZISI

Bu gün, Yeni Azərbaycan Partiyasının regionun ən güclü siyasi təşkilatı olduğu və ölkənin həyatında mühüm rol oynadığı bir vaxta keçmişə dönüb onun yarandığı dövrə nəzər salmamaq mümkün deyildir.

Mən də o günləri yaxşı xatırlayıram və bilavasitə həmin hadisələrin içərisində olmuşam.

AXC-Müsavat cütlüyünün yaratdığı anarxiya, xaos insanları cana gətirmişdi. Ərzaq çatışmırdı, çörək tapılmırdı, işıq yanmırdı, su gəlmirdi. Bir tərəfdən də erməni təcavüzü güclənmişdi. Regionlarda özbaşınalıq baş alıb gedirdi. AXC üzvləri hakimiyyət orqanlarını iflic etmişdilər.

Onlar təhsilindən, təşkilatçılığından, hörmət və mədəniyyətdən asılı olmayaraq istədikləri adamı rayonlara rəhbər təyin edir, onlara tabe olmayanları aşağılayır, hətta qətlə yetirirdilər. Çay paylayanlar, montyorlar, mağaza müdirləri və digər idarəçilik təcrübəsi olmayanlar bir andaca böyük bir rayonun rəhbərinə çevrilir, əhalini səfərbər etmək, erməni təcavüzünün qarşısını almaq əvəzinə soyğunçuluqla məşğul olurdular.       

Əli Kərimlini, Rəhim Qazıyevin, Pənah Hüseynovun və digərlərinin etimad göstərdikləri bu kadrlar beş nəfəri idarə etmək, daşı daş üstünə qoymaq, bir nəfərin belə dərdinə qalmaq qabiliyyətinə malik olmasalar da, vəzifəyə gəldikdən sonra özlərini hamıdan savadlı, çox bilən, bacarıqlı hesab edir və ziyalı insanları hörmətdən salır, səsini çıxardanı susdururdular.

Ölkənin hər yerində – xüsusilə Qarabağ regionunda bu hadisələr daha ciddi xarakter almışdı. Xankəndidə torpaqlarımızı işğal etmək üçün planlar hazırlandığı, tədbirlər keçirildiyi bir vaxtda Ağdamda, Bərdədə, Ağcabədidə, Tərtərdə, Goranboyda, Yevlaxda və digər ətraf rayonlarda cəbhəçilər vəzifəyə gəlmək, kimisə işdən çıxartmaq, pul gətirən yerlərə sahib olmaq uğrunda mübarizə aparırdılar. Vəzifəyə  küçədə daha çox çığıranlar, adamları təhqir edənlər, soyğunçular, cinayətkar adamlar belə gətirilirdi.    

O vaxtlar ziyalı, vətənin və xalqın gələcək taleyini düşünən insanlar təqiblərə, təhqirlərə məruz qalsalar da, ümidlərini üzmürdülər, inamlarını itirmirdilər, üzlərini Naxçıvana – Heydər Əliyevə tuturdular, ondan kömək gözləyirdilər. Prezident seçkilərinə getmək üçün yaş senzini götürmək, Heydər Əliyevin parlamentin iclaslarında fəal iştirakını təmin etmək üçün imzalar toplanılır, müdafiə komitələri yaradılır, Ulu Öndərə müraciətlər ünvanlanırdı. Düzdü, o zamanlar AXC-Müsavat cütlüyü bunun qarşısını qətiyyətlə almağa çalışsalar da, hər bir vasitəyə, zorakılığa əl atsalar da, ancaq istədiklərinə nail ola bilmirdilər.

Heydər Əliyevə olan sonsuz məhəbbət bütün çətinliklərə sinə gərir, ziyalı insanlar ölümdən belə çəkinməyərək Heydər Əliyevi müdafiə etmək uğrunda qətiyyətlə mübarizə aparırdılar. Yaxşı yadımdadır, o vaxtlar Bərdənin hörmətli ziyalılarından olan Azay Abdıyev Ağcabədiyə tez-tez gəlirdi. Biz – kəndlərə gedir, yaş senzinin götürülməsi ilə əlaqədar deputatlardan, ziyalılardan imza alırdıq. Bir gün geri qayıdanda xəbər tutduq ki, cəbhəçilər Hindarx kəndində yolu kəsib bizi gözləyirlər. Başqa yolla rayon mərkəzinə gəlməli olduq. Ancaq çox keçmədi ki, özlərini demokrat adlandıran cəbhəçilərin qoçu dəstələri tərəfindən Azay müəllim avtomatdan açılan atəş nəticəsində qıçından ağır yaralandı.

Bax bu idi Xalq Cəbhəsinin demokratiyası. Ağcabədi sakinləri bu “demokratiyanın” – Leyla Yunusun, Rəhim Qazıyevin rayonda törətdikləri hərəkətlərin acısını bu gün də unutmayıblar. O vaxtlar silahlı yolla rayon partiya komitəsinin binasını bir andaca zəbt edən cəbhəçilər sonralar neçə-neçə insanın qətlinə, təhqir olunmasına, təsərrüfatların dağıdılmasına, evlərin qarət edilməsinə, insanların şəxsiyyətlərinin alçaldılmasına imkan yaratdılar, səbəbkar oldular.       

Belə bir vaxtda xalqı öz ətrafına toplaya bilən partiyanın yaradılması, xalqın etimadını qazanan, təcrübəli, idarəçilik bacarığı olan bir insanın hakimiyyətə gətirilməsi dövrün tələbi və olduqca zəruri idi. Çünki ölkə parçalanırdı, böhran içərisində idi, xalq əzilirdi. Xalq Cəbhəsi iqtidarı ölkədə özbaşınalığın, xaosun genişlənməsini, qarşıdurmaların ciddi xarakter almasını şüurlu şəkildə həyata keçirirdi. Çünki onlar ölkəni idarə edə bilmir, torpaqları qorumaq, insanları müdafiə etmək iqtidarında deyildi. Öz bacarıqsızlıqlarını, savadsızlıqlarını pərdələmək üçün onlara münaqişə, qarşıdurma yaratmaq da çox sərf edirdi. Digər tərəfdən, torpaqlarımızın düşmənlərə təslim edilməsi üçün qarşıdurmalar əlverişli şərait yaradırdı və AXC hakimiyyəti qəsdən insanları qarşı-qarşıya qoyur, ölkəni parçalamaq üçün vətəndaş müharibəsinə zəmin yaradırdılar. Beləliklə, ölkə və xalq uçuruma gedirdi…

 YAP məhz bu ağır dövrdə yarandı. YAP-ın yaradılması xalqın Heydər Əliyevə olan sonsuz ehtiram və inamının ifadəsi idi. Çünki Ulu Öndər istər Azərbaycanda çalışdığı, hakimiyyətdə olduğu bütün illərdə, istərsə də Moskvada yüksək vəzifə daşıdığı dövrdə, həmişə xalqla birlikdə olmuş, vətənə sədaqəti, xidməti ilə insanların böyük məhəbbətini qazanmışdı. O, bütün çətinliklərə sinə gərərək xalqının mənafeyi və gələcəyi naminə inamla mübarizə aparmış və öz gərgin, düşünülmüş fəaliyyəti, nəcib əməlləri ilə Azərbaycana şöhrət qazandırmışdı.

Azərbaycan xalqı bu xidmətləri görmüşdü, öz həyatında, ölkənin taleyində hiss etmişdi. Ona görə də Heydər Əliyevi dəstəkləməkdə haqlı idi. Vəzifədə olanda da, olmayanda da xalq Heydər Əliyevə inanırdı, onu sevirdi. Əgər 1992-ci ilin Prezident seçkilərində Xalq Cəbhəsi hakimiyyəti demokratiyaya zidd addım atıb yaş senzi tətbiq etməsəydi Heydər Əliyev xalqın əksər səsini qazanıb Azərbaycan Prezidenti seçiləcəydi. Bu şübhəsiz idi. Çünki xalq Ulu Öndəri ölkəyə rəhbərliyə tələb edirdi, onun tərəfində idi.

Yaxşı xatırlayıram. Həmin seçkidə mən azad müşahidəçi kimi iştirak edirdim və bir neçə seçki məntəqəsində olmuşdum. Səsvermədə iştirak edənlərin çoxu Heydər Əliyevə səs verdiklərini bildirirdilər. Onlar bülletenlərin arxasına “Heydər Əliyevə səs verirəm” yazıb qutulara atır və bununla da ona öz ehtiramlarını ifadə edirdilər.

Xalq öz seçimində yanılmırdı. Sonrakı hadisələr də bunu sübut etdi. YAP yarandı və Heydər Əliyev ikinci dəfə xalqın təkidli tələbi ilə hakimiyyətə gəldi. Azərbaycanın bugünkü inkişafı, beynəlxalq aləmdə qazanılan mövqe, düşmən üzərində tarixi qələbəmiz, ölkədə yaranmış ictimai-siyasi sabitlik göstərir ki, xalq yanılmamış, seçimi uğurlu olmuşdur. Deməli, yol düzgün seçilmiş, reallıqlar düzgün qiymətləndirilmişdir. Çünki Heydər Əliyev ideyalarına, əməllərinə arxalanan xalqın yolu aydın, gələcəyi uğurludur.           

Biz bunu Ulu Öndərin etibar etdiyi, özü qədər inandığı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin timsalında, Yeni Azərbaycan Partiyasının fəaliyyətində, xalqımızın birlik və həmrəyliyində aydın görürük. Heydər Əliyev ideyalarından yaranan YAP cənab İlham Əliyevin rəhbərliyi sayəsində yeni keyfiyyət mərhələsinə qədəm qoymuş, xalqın çox böyük dəstəyini qazanan güclü siyasi təşkilata çevrilmişdir. Yeni Azərbaycan Partiyasının VII qurultayı bunu bir daha göstərdi və həqiqətən də xalqın partiyası olduğunu sübut etdi.

Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri İlham Əliyev qurultayda partiyanın yaranma tarixindən, onun keçdiyi şərəfli yoldan danışarkən dedi:

“Yeni Azərbaycan Partiyasının adı Ulu Öndər Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Burada, əlbəttə ki, onun 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı”.

Ölkə rəhbəri keçmişi xatırlatmaqla həmin çətin anları unutmamağı, gələcək nəsillərə çatdırmağı, dünəni və bu günü lazımınca qiymətləndirməyi, tarixdən ibrət dərsi götürməyi, vətəni, torpağı vəzifəyə satanlara, ölkəmizin imicinə qara yaxmağa çalışanlara, xaricdən maliyyələşib xalqımızın əleyhinə işləyənlərə qarşı barışmaz olmağı tövsiyə edir.

O, bir vaxtlar torpaqlarımızı ermənilərə satan, xalqın başına müsibətlər açan, fəlakətlər törədən və çətin gündə qaçıb gizlənən AXC-Müsavat qalıqlarının bu gün xalqın adından danışmalarını qəbul etmir, onlara etirazını bildirərək deyir:

“O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz mövqelərini güdürdü. Hakimiyyətə gəlmiş təsadüfü adamlar eynən Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn insanlarla, elə bil ki, əkiz qardaşdırlar. Təcrübəsiz, biliksiz, mədəniyyətsiz, səriştəsiz, qorxaq, fərari, daha hansı epitet qaldı. İstənilən mənfi epitet bunlara yaraşır. Bax bunlar idi o vaxt Azərbaycanı idarə edənlər”.          

Bir çox hallarda AXC-Müsavat cütlüyünün nümayəndələri onların azmüddətli hakimiyyətlərinin bu qədər tənqid edilməsini şişirtmə adlandırmaqla özlərinə bəraət qazandırmaq istəyirlər. Xalq Cəbhəsi əslində 1988-ci ildən başlayaraq bu günə kimi xalqa xəyanət mövqeyindədir. Ölkənin imicinə ziyan vurmaq, insanları çaşdırmaq, yalan, şantaj yolunu tutmuşdular.

Onlar xalqımızın və ordumuzun düşmən üzərindəki tarixi qələbəsinə belə sevinmirlər, əksinə, öz çıxışları, bəyanatları ilə ermənipərəst mövqe tutduqlarını bir daha sübut edirlər. Əli Kərimlinin son çıxışlarının birində səsləndirdiyi fikirlər onun düşmən obrazını bir daha ortaya qoyur. O deyir: “İşğaldan azad edilmiş ərazilərlə bağlı hakimiyyətin prioriteti əhalini məskunlaşdırmaq yox, o ərazilərdə də təsərrüfat yaradıb, pul qazanmaqdır”.

Əli Kərimli özü başa düşmək istəməsə də, xalq yaxşı bilir ki, 30 il işğal altında qalan torpaqları onlar ermənilərə satmışdılar və erməni qardaş-bacılarının o torpaqları əkib – becərmələri, talan etmələri bu bədxahları heç vaxt narahat etməmişdi. Ancaq indi azərbaycanlıların həmin əraziləri abadlaşdırması, işğaldan azad edilmiş  torpaqlarda əkin aparılması onları narahat etməyə başlamışdır. Bax budur radikal müxalifətin iç üzü, onların vətənə, torpağa münasibəti, demokratiyası, xalqa xidməti. Bunların keçmişdə və indi törətdikləri hadisələr, kütləvi mitinqlərə çağırışlar, yalanlar, iftiralar sözsüz ki, unudula bilməz və unudulmamalıdır.

Əlbəttə ki, yaşlı nəsildən fərqli olaraq gənclər 1990-1993-cü illərin çətinliklərini, AXC-Müsavat hakimiyyətinin özbaşınalıqlarını gözləri ilə görməmişlər və təəssüflər olsun ki, bəziləri bu gün də Əli Kərimli, Cəmil Həsənli kimilərin vədlərinə inanırlar.

Prezident tarixi faktlara əsaslanaraq bildirdi ki, o dövrdə hakimiyyətdə olanların çoxunun əli Azərbaycan xalqının qanına batmışdır. Torpaqların erməni təcavüzkarlarına verilməsində cəbhəçilər böyük rol oynamış, işğalı reallaşdırmaqla hakimiyyətə gəlmələrini təmin etmişlər.

 Ölkə rəhbəri onu da qeyd edir ki, “Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra da yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları bir kənara qoymalıyıq… Mən demişəm, indi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli, dayanıqlı inkişaf təmin edilsin”.

YAP-ın VII qurultayında səslənən fikirlər, təkliflər əlbəttə ki, ölkənin gələcək inkişafına, ictimai-siyasi sabitliyin təmin olunmasına, dövlətin qüdrətinin artırılmasına, müstəqilliyinin əbədi olmasına, vətəndaş həmrəyliyinə, siyasi dialoqun genişləndirilməsinə demokratiya və aşkarlığın təmin edilməsinə, xalqımıza və ölkəmizə qarşı radikal mövqedə duranlara, uğurlarımıza kölgə salanlara, qara yaxanlara qarşı birgə mübarizə aparılmasına istiqamətləndirilmişdir.

Cənab İlham Əliyevin qurultaydakı geniş məzmunlu çıxışı nəinki ölkəmizin bu gününə və sabahına, eləcə də dünya dövlətlərinin birliyinə, əməkdaşlığına, sülhün əmin-amanlığın təmin edilməsinə, bəşəriyyətin xoşbəxtliyinə hesablanıb və elmin, düşüncənin, insanlığın inkişafına xidmət edir. Çünki Azərbaycan xalqının başı müharibələrdən, hakimiyyətsizlikdən, iddia və qarşıdurmalardan, yalançı, saxta vətənpərvərlikdən çox bəlalar çəkib. O bəlaları xalqımız uzun müddət unutmayacaq və unuda bilməz. Ona görə ki, o, bir xalqın faciəsinin, qara günlərinin tarixidir.

Xalqımız yeni tarix yazıb-yaradırsa, yeni reallıqlar dövrünə qədəm qoyursa, keçmişi tez-tez xatırlamalı, həqiqətləri dərk etməli, dünənlə bu günü qarşılaşdırmalı, qiymətləndirməli və düzgün nəticə çıxarmalıdır.

Məhz belə olan halda biz azad olunmuş torpaqlarımızı cənnətə çevirəcək, ölkəmizi daha da şöhrətləndirəcək və xalqımızın tarixinə yeni, unudulmaz səhifələr yaza biləcəyik.

Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Etikxeber.az

Read Previous

“Bir ata kimi içim qan ağlasa da, oğlumla, onun Şəhidliyi ilə fəxr edirəm, qürur duyuram…Fəxr edirəm ki, Elman kimi bir İgidin, Şəhidin atasıyam!”-ŞƏHİD ELMAN HƏSƏNOVUN ATASI – FOTOLAR

Read Next

Müzəffər Abbasov, Emil Qocayev və Seymur Məmmədov- YAŞAT BU QAZİLƏRİMİZİ DƏ TÜRKİYƏYƏ ƏMƏLİYYATA GÖNDƏRİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir