Bərdə Şəhidləri: 18 yaşlı Şəhid Samir və 36 yaşlı Şəhid anası Nəcibə xanım, iki övladı Vətən əmanət qalan “Qarabağ” ordenli Asəf-VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI ADINI HAQQ EDƏN DEVRAN… – FOTOLAR

Bir neçə gün öncə yenidən Qəhrəman, İkinci Vətən Müharibəsini canı, ruhu ilə yaşamış Bərdəmizdə oldum, növbəti dəfə Şəhid ailələrini ziyarət etdim…

Ziyarət etdiyim Şəhid ailələrindən biri Şəhid Samir Ələkbərlinin ailəsi oldu…

Ziyarətdə mənimlə birgə Bərdəli Şəhidimiz-Fəxri Qəribzadənin anası Mehparə xanım, əslən Şuşalı, ancaq Mingəçevir doğumlu-Şəhid Əzəmi Hüseynovun bacısı Elnarə xanım, hazırda Beyləqanda yaşayan-əslən Şuşalı başqa bir Şəhid anası, Şəhid Ərəstun Xıdırovun qardaşı Azər və “Nur” Dəstək Qrupunun üzvləri iştirak edirdi…

Ziyarət zamanı Şəhidin valideynləri-anası Nəcibə xanım, atası Şamil bəy, o cümlədən nənəsi və tək bacısı ilə görüşdüm…

Şəhidimiz evin-ailənin tək oğlu olub…

2002-ci ilin iyulun 2-sində Bərdədə dünyaya göz açıb…

Ancaq əslən Şuşalıdır, valideynləri Şuşadan Bərdəyə pənah gətirən məcburi köçkünləridir…

Samir 2020-ci ilin iyulunda hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsi başlayan zaman cəmi iki ay yarımın Əsgəri olub…

Müharibə başlayandan da Füzuli istiqamətində döyüşlərdə olub, döyüşüb, vuruşub və oktyabr ayında döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Oktyabrın 10-unda, səhər tezdən Şəhidliyi xəbəri ailəsinə, atasına çatdırılıb və Şəhidimiz elə həmin gün Bərdə Şəhidlər Xiyabanında dəfn olunub…

Ölümündən sonra Ali Baş Komandan tərəfindən 3 medalla təltif olunub…

Qeyd edim ki, Şəhidimizin valideynləri digər Şəhid valideynlərindən yaşca xeyli cavandırlar…

Samir Şəhid olarkən Şəhidimizin anasının cəmi 36 yaşı olub…

Cəmi 36 yaşında cavan bir Azərbaycan anası Şəhid anası olub…

Tam səmiyyətimlə deyirəm: bu yaşda Şəhid anasına, eləcə də Şəhid atasına nə deyəcəyimi, necə, nə cür təsəlli verəcəyimi belə bilmirdim, bilmədim…

Sözlər, kəlmələr belə düyünlənib boğazımda qalmışdı, sanki dilim söz tutmurdu…

Və üzünü görmədiyi, suyunu içmədiyi, havasını udmadığı Şuşasına qovuşmaq həsrəti, eşqilə qəlbi döyünən Samirimiz bu dünyadan Şuşaşız köçdü…

Amma Şəhid qardaşları, Vətən sevdalı Azərbaycan oğulları Samirin Şəhidliyindən 28 gün sonra Şuşanı yağı, murdar erməni tapdağından azad etdilər və ruhən də olsa, Samiri Şuşasına qovuşdurdular…

Bu gün Samirin ruhu həm də Şuşanın, Şuşasının üzərində dolaşmaqdadır…

Ruhu şad, məkanı cənnət olsun, 18 yaşlı Nur üzlü Şəhidimizin!

Nurlar içində uyusun!

Samirgildən, Şəhidimizin ailəsindən ayrıldıqdan sonra daha bir Şəhidimizin, “Qarabağ” ordenli Asəf Cəfərovun ailəsini, xanımını və Vətənə əmanət iki gül balasını, gələcəyin İgidlərini ziyarət etdim…

Bu ziyarətdə də Şəhidimiz Fəxri Qəribzadənin anası Mehparə xanım mənimlə idi…

Xatırladım ki, ikinci dəfəydi Şəhidimizin evində, ailəsində olurdum, ilk dəfə təxminən iki ay öncə, may ayında Bərdədə olarkən ziyarət etmişdim Şəhidimizin ailəsini…

Bu dəfə də özümə borc bildim ailəsini ziyarət etməyi…

Şəhidimizin həyat yoldaşı Aydan xanımla bir xeyli söhbətləşdim, yenə ürək-dirək verdim, bir daha səbr dilədim…

Bildirdim ki, həyat davam edir, acını, kədəri unutmaq mümkün olmasa da, həyata tutunmaq, yaşamaq lazımdır-həm özü üçün, həm də iki körpə balası-Kənanı və Emili üçün…

Şəhid anası Mehparə xanım özü acılar içində olsa da, övlad dağı yaşasa da, Şəhid xanımına səbrli olmağı, övladlarını böyüdüb boya-başa çatdrması üçün dimdik ayaqda qalmağı, mücadilə aparmağı dilə gətirdi, xahiş etdi…

Şəhidimizin ailəsini ziyarət təxminən bir saat çəkdi və bir daha Şəhidimizin, Şəhidlərimizin döyüş, həyat yolundan danışıldı, bəhs edildi…

Bir daha Asəf Əsgərov da daxil olmaqla, bütün Şəhidlərimizin Fəxr, Qürur mənbəyi olduğu dilə gətirildi, vurğulandı…

Qeyd edildi ki, bugünümüzə, dinclik və əmin-amanlığımıza, Qələbə və Zəfərimizə, üçrəngli bayrağımızın şəstlə dalğalanmasına görə Şəhidlərimizə borcluyuq…

Onlar elə bir Qəhrəmanlıq Dastanı yazdılar ki, onu oxumağa, vərəqləməyə bir ömür belə yetməz…

Bərdədə sonucu ziyarətim Şəhidimiz Devran Fazil oğlu Naibovun ailəsi oldu…

Bu yerdə qeyd edim ki, Devrangildə də ikinci dəfə olurdum, may ayında Bərdədə olarkən onun da ailəsini ziyarət etmişdim…

Yenə özümə borc bildim ki, Xüsusi Təyinatlılardan olmuş kəşfiyyatçımızın, peşəkar hərbçimizin, Qəhrəmanımızın, İgidimizin ailəsini ziyarət edim…

Və onu da qeyd edim ki, Devran elə bir İgid, Qəhrəman olub ki, danışmaqla, yazmaqla bitməz…

Və bir neçə medallı İgidimiz Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı adını tam HAQQ edir…

Bu, onun HAQQIdır və HAQQI olanı da almalıdır.

Ailəsi də Şəhidimizə Milli Qəhrəman və ya Vətən Müharibəsi Qəhrəmanı adı veriləcəyi günü səbrsizliklə gözləyirlər…

Arzulayırlar ki, növbəti sərəncamlarda övladlarının bu iki addan biri ilə təltif olunması xəbərini eşitsinlər…

Allah arzularına qovuşdursun, Şəhidimizin, Qəhrəmanımızın ailəsini!

Və onu da xatırladım ki, Şəhidimiz ata tərəfdən Bərdəli, ana tərəfdən Naftalanlıdır və qohumumdur.

Şəhidimizin valideynləri-anası Xuraman xanım, atası Fazil bəylə bir xeyli söhbətləşdikdən sonra sağollaşıb onlardan ayrıldım…

Allah Devranımızın, Samirimizin, Fəxrimizin, Asəfimizin və cəmi Şəhidlərimizin məkanlarını cənnətlik etsin!

Ruhları qarşısında baş əyirəm!

Şəhidlər ruhən, mənən yaşayırlar və Ölümsüzdürlər!

Şəhidlər ölməz, Vətən bölünməz!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

15-19 iyul 2021-ci il, Bərdə-Bakı

Etikxeber.az

Read Previous

“Regionda sülhün əldə olunması üçün müsbət rol oynamağa hazırıq”-ŞARL MİŞEL – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

“Gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür”-MÜDAFİƏ NAZİRİNDƏN XƏBƏRDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir