Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Asif Əlövsət oğlu Abışovun Anım Günüdür.
Asif Abışovun bu gün Əbədiyyətə uğurlanmasından üç il ötür.
Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Lək kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, qısa çıxışlar olunacaq.
Sonra Anım mərasimi keçiriləcək, adına ehsan süfrəsi açılacaq.
Etikxeber.az xəbər verir ki, Asif Abışov 1992-ci ilin may ayının 16-da Bərdənin Lək kəndində sadə bir ailədə dünyaya gəlib.
Ailədə üç uşaq-iki qardaş, bir bacı olublar.
Qardaşı Ariflə həm də əkiz idilər.
Əkiz qardaşı ilə 1999-2010-cu illərdə eyni məktəbdə, eyni sinifdə oxuyublar.
Əsgərliyi, hərbi xidməti də iki qardaş bir yerdə çəkiblər.
Hərbi xidmətdən sonra isə Asif Abışov həyatını yenidən hərblə, Ordu ilə bağlayıb.
Hərbi kursa gedib və kursu bitirdikdən sonra 5 il Murovda hərbçi kimi xidmət edib.

İkinci Vətən Müharibəsi başlayan gündən də döyüşlərdə olub.
Döyüş yolu uzun və şərəfli olub, sentyanrın 27-dən noyabrın 2-nə, Şəhidliyinə qədər 35 günlük döyüş yolu keçib.
Füzuli və Xocavənd istiqamətlərində döyüşən Asif Abışov noyabrın 2-də Xocavənddə ağır döyüşlər zamanı Şəhidlik məqamnına ucalıb.
Ancaq Şəhidliyi xəbəri ailəsinə noyabrın 17-də bildirilib və nəşi 18-də doğulduğu Lək kəndində torpağa tapşırılıb…
Asif həm də Ləkin yeganə İkinci Vətən Müharibəsi Şəhididir.
Şəhidliyindən sonra da Ali Baş Komandan tərəfindən 3 medalla-“Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
O, həm də subay olub.
Bir müddət öncə dünyaya gələn qardaşı oğluna da Onun-Asif Abışovun adı verilib.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az