Bərdəli İkinci Vətən Müharibəsi Şəhidləri-Əkbər Mustafayev və Samir Ələkbərli-BU GÜN CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNLƏRİDİR – MƏZARLARI ZİYARƏT OLUNDU, ADLARINA ÇAY-EHSAN SÜFRƏLƏRİ AÇILDI – FOTOLAR YENİLƏNİB – (2)

Bərdəli İkinci Vətən Müharibəsi Şəhidləri Əkbər Natiq oğlu Mustafayev və Samir Şamil oğlu Ələkbərlinin doğum günləridir.

Hər iki Şəhidin bu gün-2 iyul 2025-ci il tarixində 23 yaşları tamam olur.

Bu, həm də hər iki Şəhidin Cənnətdəki beşinci doğum günləri, mövludlarıdır.

Anım günləri ilə bağlı bu gün səhər saatlarında hər iki Şəhidin-Bərdə Şəhidlər Xiyabanı və Mirzəxan kənd qəbiristanlığındakı məzarları ziyarət olunacaq, ruhlarına dualar ediləcək, “Quran” oxunacaq, adların ehsan süfrələri açılacaq.

Etikxeber.az xəbər verir ki, Əkbər Mustafayev 2000-ci ilin iyul ayının 2-də Bərdənin Mirzəxan kəndində dünyaya gəlib.

Ailənin üç övladından biri, ondan iki yaş böyük olan əkiz bacıların tək qardaşı idi.

Orta məktəbi bitirdikdən sonra, 2018-2020-ci illərdə həqiqi hərbi xidmətdə olub.

2020-ci ilin yanvarında Əsgərliyini başa vurduqdan sonra həyatını yenidən hərb ilə bağlayıb.

2020-ci ilin fevralında Dövlət Sərhəd Xidmətində (DSX) fəaliyyətə başlayıb, Gizir kimi fəaliyyət göstərib.

Peşəkar hərbçi kimi İkinci Vətən Müharibəsinin ilk saniyələrindən döyüşlərdə olub və şərəfli döyüş yolu 13 gün çəkib.

Oktyabrın 9-da Hadrut istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi bir həftə sonra-oktyabrın 16-da Mirzəxan kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 4 medalla-“Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Əkbər həm də Mirzəxanın yeganə İkinci Vətən Müharibəsi Şəhididir.

O, eyni zamanda, subay olub.

***

Ailəsi əslən Şuşadan və məcburi köçkün olan Samir Ələkbərli2002-ci ilin iyulun 2-də Bərdədə, sadə bir ailədə dünyaya göz açıb.

Ailənin iki övladından biri, tək bacının tək qardaşı idi.

Samir 2020-ci ilin iyulunda hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsi başlayan zaman cəmi iki ay yarımın Əsgəri olub.

İkinci Qarabağ Savaşı zamanı Füzuli istiqamətində döyüşlərdə iştirak edib və oktyabr ayında döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Oktyabrın 10-da, səhər tezdən Şəhidliyi xəbəri ailəsinə çatdırılıb və elə həmin gün Bərdə rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra 3 medalla təltif edilib.

Qeyd edək ki, Şəhidliyindən sonra qardaşı dünyaya gəlib və qardaşına Onun adı verilib.

18 yaşlı Samir də subay olub.

Məkanları cənnətlik, Cənnətdəki beşinci doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

07:27

***

Bu gün səhər saatlarında hər iki Şəhidin-Samir Ələkbərlinin Bərdə Şəhidlər Xiyabanında, Əkbər Mustafayevin isə Mirzəxan kənd qəbiristanlığındakı məzarları ziyarət olunub.

Məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar edilib, “Quran” oxunub.

Ailələrinə-valideynlərinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki beşinci doğum günləri təbrik olunub.

Sonra adlarına çay-ehsan süfrələri açılıb.

Hər iki Şəhidin məzarını ziyarətdə və adlarına açılan ehsan süfrəsində valideynləri, doğmaları, Bərdəli Şəhid ailələri, din xadimləri və digər şəxslər iştirak ediblər.

14:30

***

FOTOLAR:

15:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr saxlanıldı-7 NƏFƏR BARƏSİNDƏ HƏBS-QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ – FOTO – YENİLƏNİB

Read Next

“Mehman Şəhid olanda Damla körpə, cəmi 3 ay 5 günlük idi…Heç doyunca bir-birinin üzlərini görə bilmədilər…O vaxtdan da özümə söz vermişdim ki, Damlaya heç nə olmasın, 5 yaşı tamam olanda ona məclis quracağam…Bu, mənim arzum idi və bu gün də bu arzumu reallaşdıra bildim…”-BƏRDƏLİ ŞƏHİD MEHMAN QULUYEVİN ANASI MÜŞGÜNAZ QULUYEVA – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir