“Bəyannamənin imzalanması ilə qonşu dövlət bir daha Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd etmiş oldu”-KAMİLƏ ƏLİYEVA YAZIR

Prezident cənab İlham Əliyevin Azərbaycanın milli maraqlarına xidmət edən müstəqil, balanslaşdırılmış və bərabərtərəfli xarici siyasəti nəticəsində dünyada ölkəmizin nüfuzu durmadan artmaqdadır.

Bir çox böyük dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanla həm siyasi, həm də iqtisadi sahədə ikitərəfli əlaqələr qurmağa böyük maraq göstərirlər.

Azərbaycan dövləti hər zaman xarici siyasətində beynəlxalq əməkdaşlığa və həmrəyliyə böyük əhəmiyyət vermişdir.

BMT dən sonra dünyanın ikinci ən böyük siyasi təşkilatı olan Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident cənab İlham Əliyevin irəli sürdüyü təkliflər və dünyanı narahat edən problemlərə toxunması eyni zamanda bundan çıxış yolunu göstərməsi dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən rəğbətlə qarşılanmışdır.

Prezident cənab İlham Əliyevin xarici siyasətinin əsas prioritetini qonşu ölkələrlə yüksək səviyyəli və dostluq əlaqələrinin qurulması təşkil edir. Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında tarixən hər zaman yüksək dostluq və qardaşlıq münasibətləri mövcud olmuşdur. Bütün beynəlxalq tədbirlərdə Azərbaycan və Türkiyə hər zaman bir birini dəstəkləmişdir.

2021 ci ilin iyun ayının 15 də Şuşada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzaladılar. “Şuşa Bəyannaməsi ” hər iki dövlətin parlamentləri tərəfindən də təsdiq edilmişdir.

Bəyannamənin imzalanması iki dost dövlətin münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsinə səbəb oldu. Bununla Azərbaycan öz təhlükəsizliyinin təmin edilməsində mühüm bir addım atmış oldu. Azərbaycanın Türk Dövlətləri Təşkilatına və Avropa İttifaqına verdiyi töhfələr getdikcə artmaqdadır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

NATO nun Baş Katibi də Azərbaycanın Avropanın etibarlı qaz təchizatçısı olduğu üçün cənab İlham Əliyevə öz minnətdarlığını bildirmişdir. Qonşu Rusiya dövləti ilə Azərbaycan arasında bu gün çox sıx dostluq münasibətləri mövcuddur. Dünyanın ən güclü dövləti və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya ilə əlaqələrin bu səviyyədə olması Prezident cənab İlham Əliyevin düşünülmüş və müdrik siyasəti nəticəsində bərqərar olmuşdur.

Fevralın 22 də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya Federasiyasına səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə” imzalandı. Bəyannamə iki dövlət arasında qarşılıqlı fəaliyyətin ən mühüm sahələrini əhatə edir.

Bəyannamənin birinci bəndi xüsusi əhəmiyyət kəsb edir.

Burada qeyd edilir ki, hər iki ölkə öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.

Bu Bəyannamənin imzalanması ilə Rusiya dövləti bir daha Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd etmiş oldu.

Kamilə ƏLİYEVA,

Millət vəkili

Etikxeber.az

Read Previous

Müttəfiqlik etibarlı dostluq deməkdir-MUSA QULİYEVİN NƏZƏR-NÖQTƏSİ

Read Next

Ordumuzun mövqeləri yenidən atəşə tutuldu-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir