FAZİL MUSTAFA: “Hər hansı təşkilat və ya Universitet deputata ad verirsə, yaxud, fəaliyyətinə görə mükafatlandırıb, ona bahalı vaza verirsə, o zaman deputat deməlidir ki, bu bahalı vazadır, mən götürə bilmərəm. Buna görə mən cəzalandırıla bilərəm“
QÜDRƏT HƏSƏNQULİYEV: “Parlamentdə küçə söyüşünün söyülməsi halları olub…”
“Milli Məclis üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi aprelin 20-də Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin iclasında müzakirəyə çıxarılıb.

Etikxeber.az-ın məlumatına görə, iclasda çıxış vitse-spiker Bahar Muradova bildirib ki, qanun layihəsinin hazırlanması Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərdən irəli gəlir.




B.Muradovanın sözlərinə görə, Konstitusiyada göstərilib ki, deputatın etik davranış qaydaları qanunla müəyyən edilməlidir.
Vitse-spiker bildirib ki, dünyanın bir çox ölkələrində müvafiq dövlət qurumlarının rəhbərlərinin, seçkili orqanların rəhbərlərinin, bələdiyyə üzvlərinin, dövlət qulluqçularıın, o cümlədən, parlament üzvlərinin fəaliyyətini tənzimləyən qanunlar var.
B.Muradova qeyd edib ki, qanun layihəsinin əsas məqsədi deputatların fəaliyyətində şəffaflığın və səmərəliliyinin artırılması, o cümlədən Milli Məclis üzvünün nüfuzuna xələr gətirə biləcək hərəkətlərdən çəkindirməkdir:
“Azərbaycanda parlament ənənələri və beynəlxalq təcrübə nəzərə alınaraq bu qanun layihəsi hazırlanıb”.
***
B. Muradova çıxışına davam edərək qeyd edib ki, deputata 40 mindən artıq seçici səsə verərək, onu seçir.
“Seçici onun fəaliyyətinə inanaraq, səs verir və ondan yaxşı fəaliyyət gözləyir. Ancaq deputatın fəaliyyəti zamanı bəzən müəyyən xoşagəlməz və deputat fəaliyyətinə adekvat olmayan hərəkətlərə yol verilir. Bəzən deputat siyasi qrup maraqlarına uyğun olaraq, qanunların müzakirəsi zamanı adekvat olmayan hərəkətlərə yol verir. Qanun layihəsinin əsas qayəsi də deputatın fəaliyyətinə xələl gətirən hərəkətlərə yol verilməsinin qarşısını alınmasına və onun daha səmərəli fəaliyyət göstərməsinə xidmət edən sənəddir”– deyə, komitə sədri bildirib.
Müzakirlər zamanı çıxış edən millət vəkili Azay Quliyev sənədin konseptual qaydada qəbulunu müsbət hal hesab etsə də, onunla bağlı təklif və iradlarını da bildirib.
İlk olaraq A. Quliyev təklif edib ki, qanun layihəsi ilə bağlı hakim partiya, parlamentdə təmsil olunan müxalifət partiyaları, müstəqillər və digər qruplarla müzakirlər keçirilsin.
Millət vəkili eyni zamanda, deputatın fəaliyyətinin daha çox çərçivəyə alınmasına qarşı çıxıb və bildirib ki, əgər deputat etik qaydaları pozmadan istənilən qanun layihəsi zamanı çıxış edirsə, bu, hansısa etik qaydanı pozma halı kimi dəyərləndirlməməlidir.
***
“Hər hansı təşkilat və ya Universitet deputata ad verirsə, yaxud, fəaliyyətinə görə mükafatlandırıb, ona bahalı vaza verirsə, o zaman deputat deməlidir ki, bu bahalı vazadır, mən götürə bilmərəm. Buna görə mən cəzalandırıla bilərəm”.
Bunu da millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, qanun alyihəsində bir sıra ziddiyətlər də mövcuddur.
“Çünki sənəddə etik qayda ilə mənəvəi məsələ qarışdırılır. Qanun layihəsindən elə çıxır ki, deputatlar eyni Universiteti bitirməli, eyni savada və biliyə malik olamlıdır. Axı, belə olmaz?! Birisi hüquqşünasdır, birisi biznesi təmsil edir. Digəri müxtəlif ali məktəbi bitirib. Hamının eyni bilik, savad, davranış qaydası sərgiləməsi mümkün deyil. Məsələn, Türkiyədə elə deputat var ki, heç yaza bilmir. Ancaq seçici o şəxsə səs verib, depuat seçir. Belə yanaşmalar düz deyil”– deyə, o, bildirib.
F. Mustafanın digər iradı İntizam Komissiyasına verilən səlahiyyətlərlə bağlı olub.
O, bildirib ki, bir çox hallarda İntizam Komissiyasının rəyi subyektiv və qərəzli ola bilər.
“Məsələn, bir sahibkar hansısa çıxışıma görə, mənə qonaqlıq vermək istəyir. O zaman ona deməliyəm ki, bir həftə gözlə, qoy mən İntizam Komissiyasına müraciət edib rəy alım, ondan sonra… Çıxışım sahibkarın xoşuna gəlib, qonaqlıq vermək istəyir, bunun nəyi qəbahətdir və qanunsuzdur?!”- deyə, o, bildirib.
Millət vəkili deyib ki, sənəddə elə müddəalar yer alıb ki, onlar deputatın fəaliyyətini daha çox çərçivəyə alır və bu baxımdan, düzgün deyil:
“Odur ki, qanun layihəsi daha da qısaldılmalıdır və maddələr lakonik olmalıdır. Çünki deputat sıradan olan şəxs deyil və ona etik qayda ilə bağlı ən xırda detalı xatırlatmaq düzgün deyil”.
Millət vəkili Tahir Kərimli öz növbəsində bildirib ki, gələcəkdə referendum keçirilərsə, ora parlament və deputatlarla bağlı hər hansı dəyişiklik salınarsa, o zaman Milli Məclisin (MM) mövqeyi də öyrənilməlidir:
“Yoxsa, mövqe öyrənilmədən referendum keçirilir və dəyişiklik edilir… Biz də məcbur olub başlayırıq, dəyişikliyə uyğun olaraq qanunları qəbul etməyə…”
T. Kərimli qanun layihəsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini də verib.
Deputat Rövşən Rzayev bildirib ki, ilk olaraq deputatın cəmiyyətdə hörmətinin bərpasına nail olunmalıdır.
***
Deputat Qüdrət Həsənquliyev qeyd edib ki, vaxtı ilə parlamentdə küçə söyüşünün söyülməsi halları olub:
“Həmin şəxslər də təbii ki, layiqli cəzalarını alıblar. Gələcəkdə də bu tipli addımların atılmasının qarşısını almaq üçün belə bir qanun layihəsinin hazırlanması zəruri idi”.
Hazırda qanun layihəsi ətrafında müzakirələr davam edir.
Qeyd edək ki, parlament tərəfindən hazırlanan yeni qanun layihəsi 13 maddədən ibarətdir.
Qanun qəbul ediləcəyi təqdirdə Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 7-ci bəndinə, 94-cü maddəsinin I hissəsinin 1-ci və 3-cü bəndlərinə uyğun olaraq, MM deputatının etik davranış qaydalarını, habelə həmin qaydalara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.
Layihə qəbul olunduqdan sonra bu qanun yalnız deputat statusu olan şəxslərə şamil edilir. Hər bir deputat etik davranış qaydalarını rəhbər tutaraq, bu qanunun müddəalarına əməl etməyə borcludur.
Qanun layihəsində etik davranış qaydalarını kobud surətdə pozan deputatların mandatdan məhrum edilməsi, deputatların təhqiramiz sözlərdən istifadə etməyə qadağa qoyulması, eləcə də deputatlara həmkarlarının sözünü kəsmək qadağan edilir.
Eyni zamanda, layihəyə əsasən, Azərbaycanda deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, yaxud onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən, eləcə də bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz.
Layihədə qeyd olunub ki, bu qayda qonaqpərvərliklə bağlı və dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş məbləğdən (55 manat) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.
Etikxeber.az