“Bəzi adamlar işğalçı Ermənistan üzərində qazanılmış qələbəmizin miqyasını kiçiltməyə çalışır, amma onların cəhdlərinin heç bir mənası yoxdur…”-YAP-ÇI DEPUTAT

 İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işləri hər bir vətəndaş üçün qürurvericidir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri həmişə böyük maraq və ruh yüksəkliyi ilə qarşılanır. Dövlətimizin başçısının hər səfəri böyük əhəmiyyət daşıyan əlamətdar hadisələrlə yadda qalır.

Azərbaycan Prezidentinin fevralın 14-də işğaldan azad olunmuş ərazilərimizə  səfərində də ilkin infrastruktur layihələrinin təməlqoyma mərasimlərinin keçirilməsinin və açılışının şahidi olduq. Dövlətimizin başçısı qeyd etdiyi kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər bunu deməyə əsas verir.

Etikxeber.az xəbər verir ki, bunu YAP-çı millət vəkili Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, Vətən müharibəsində dövlətimizin möhtəşəm qələbəsini şərtləndirən bir sıra mühüm amillər var. Ötən illər ərzində Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət ölkəmizin beynəlxalq müstəvidə imicini daha da gücləndirib. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır.

“Son 17 il ərzində Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlverişli hüquqi baza formalaşmış, vacib beynəlxalq sənədlər qəbul olunmuşdu. Təbii ki, bu məsələdə dövlətimizin başçısının bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini, Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırması mühüm rol oynayıb.

Digər vacib bir məqam isə ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlar hesabına Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılması üçün ötən 17 ildə atılan davamlı addımlarla bağlıdır. Yəni, 17 il ərzində Azərbaycan münaqişənin həlli istiqamətində siyasi müstəvidə fəallıq göstərməklə yanaşı, həm də ölkəmizin iqtisadi, hərbi gücünün artırılması istiqamətində məqsədyönlü iş aparıb. Məhz düşünülmüş və uzaqgörən siyasət nəticəsində 1990-cı illərin əvvəllərindən bizə miras qalmış işğal faktı 44 günlük Vətən müharibəsi ilə aradan qalxdı.

Bu gün biz müşahidə edirik ki, o vaxtlar hakimiyyətdə təmsil olunmuş, hazırda radikal müxalifət mövqeyində dayanan  bəzi adamlar işğalçı Ermənistan üzərində qazanılmış qələbəmizin miqyasını kiçiltməyə çalışırlar. Amma onların cəhdlərinin heç bir mənası yoxdur. Çünki xalq kimin kim olduğunu yaxşı bilir. Onların miras qoyduğu problemi Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu həll etdi”-deyən millət vəkili həmçinin bildirib ki, -Prezident İlham Əliyevin təməlini qoyduğu, uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsini yaradacaq:

“Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Naxçıvana quru dəhlizin açılması mühüm tarixi nailiyyətdir. Məhz Azərbaycan Prezidentinin təkidi ilə əvvəllər nəzərdə tutulmayan Azərbaycanın qərb rayonları və Naxçıvan MR arasında nəqliyyat əlaqəsi yaradılacaq. Bununla da Naxçıvan həm blokadadan çıxarılır, eyni zamanda, yeni nəqliyyat damarı yaradılır. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşir. Belə bir yeni nəqliyyat dəhlizinin yaradılması regionda mühüm hadisədir və region ölkələrinin əməkdaşlığını daha da gücləndirəcək”.

Etikxeber.az

Read Previous

Azərbaycanın İstanbulda Ticarət Nümayəndəliyi-YARADILACAQ – RƏSMİ

Read Next

Dünən yaşananlar və YAŞADIQLARIM…-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir