“Baba, bu biçarənin nə günahı varmış ki, ona belə ağır cəza veriblər?!” – AKADEMİK YAZDI – FOTOLAR

O indi Amerika Birləşmiş Ştatlarında, Vaşinqtonda yaşayır.

Amma biz Bakıda tanış olmuşduq. Hələ SSRİ yerində idi. Müəyyən qədər laxlasa da, ləngər vurnmağa başlasa da, 1980-ci illərdə heç kəs təsəvvür etrməzdi ki, bu nəhənglikdə imperiya belə tezliklə parça-parça olacaq.

Onda Əbülfəz Bahaduri Böyük Britaniyada, Mançestr şəhərində yaşayırdı. Universiteti İngiltərədə bitirmişdi. Mərhum atası vaxında tədbirli hərəkət edərək oğluna Mançestrdə 2 otaqlı kiçik mənzil almışdı. Odur ki, Əbülfəz İrana qayıtmayaraq əmək fəaliyyətinə buralarda başlamaq istəyəndə ən azı yaşayış yeri baxımından çətinliyi yox idi. Özünüifadə üçün isə, təbii ki, Avropada üfüqlər yetərincə geniş idi.
Biz ilk dəfə tanış olanda 1987-ci il idi. O zamanlar mən bizim Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda işləyirdim.

Əbülfəz ixtisasca kompüter texnologiyaları üzrə mütəxəssis olsa da, elə əvvəlinci görüşlərimizdən onun ədəbiyyatı, musiqini, sənəti necə qəlbən sevməsinə, həm də yaxşı bilməsinə, istedadlı rəssamlığına şahid kəsildim. Xüsusən aşıq yaradıcılığının tarixini beş barmağı kimi bilirdi. Bəzi dostlar bir aşıq havası səslənincə Əbülfəzin dərhal nəyin çalındığını deməsinə mat qalırdılar ki, nə təhər olur bu cavan adam illərcə İngiltərə yaşaya-yaşaya milli musiqiyə belə dərindən bələddir?!

Ancaq Əbülfəz muğamı da həm yaxşı bilir, həm də bu qədim səs abidələrimizin məftunudur.Həmin səbəbdən də 1987-ci ildə məndən xanəndə Hacıbaba Hüseynovla görüşünü təşkil etməyimi rica edəndə onu da götürüb yollanmışdım Asəf Zeynallı adına musiqi məktəbinə. Hacıbaba müəllim də Əbülfəzin həm muğama aşinalığına, həm də ən xırda incəliklərə də maraq göstərməsinə məmnun olmuşdu, tələbələrini yola salandan sonra sözün əsl mənasında bizə bir ustad dərsi keçmişdi. Mən də həmin söhbəti yazmışdım lentə. Əbülfəz Bakıdan ayrılanda bu səs yazısını əziz bir yadigar kimi özüylə aparmışdı. 

abilf-1

Xeyli sonralar ABŞ-a köçərək radioda işləməyə başlayanda artıq müstəqillik qazanmış ölkəmizin Vaşinqtondakı səfiri Hafiz Paşayevlə görüşündə Əbülfəz Bakı səfərindən, xanəndə Hacıbaba Hüseynovla görüşündən söz açınca Hacıbaba sənətinin valehlərindən olan Hafiz müəllim həmin lent yazısını köçürərək ona da verməyi xahiş etmişdi.

Lakin Əbülgəz folklorumuzun, tariximizin bilicisi olmaqla yanaşı, sazı, muğamı qəlbinə yaxın tutmaqla bərabər milli simfonik musiqimizin də aşiqidir.Hələ bununla bağlı bir məzəli əhvalat da baş vermişdi.
Bakıda Əbülfəzlə taksiylə harasa gedirdik.Radioda Qara Qarayev haqqında veriliş səslənirdi.
Görünür musiqisevər olan sürücü bu mövzunun hər sərnişinçün maraqlı olmadığını düşündüyündən radionu sakit səsdə saxlamışdıvə adətən dil boğaza qoymayan başqa taksiçilərdən fərqli olaraq dinməz-söyləməz, bizi istədiyimiz ünvana doğru apara-apara diqqətlə verilişi dinləyirdi.

Təhər-tövründən əcnəbi olduğu hiss edilən sərnişinin – Əbülfəzin ona müraciətlə “Lütfən, radionun səsini bir az artıra bilərsinizmi?!” deməsinə sürücü təəccüblənən kimi də oldu.Veriliş davam edirdi. Arada böyük Qara Qarayevin ayrı-ayrı simfoniyalarından, baletlərindən parçalar səslənirdi, diktor bəstəkarın ömür yolundan, sənət uğurlarından bəhs edən mətni oxuyurdu.Aparıcının dilindən Qara Qarayevin cavan yaşlarında Lenin mükafatına layiq görülməsi sorağını eşidəndə Əbülfəz tutuldu və içini çəkərək vaysındı: “Baba, bu biçarənin nə günahı varmış ki, ona belə ağır cəza veriblər?!.“Nə cəza?” soruşdum.
– Necə yəni nə cəza! Sizin ölkədə, Sovet İttifaqında Lenin ən böyük şəxsiyyət sayılmırmı? Demək, onun adına olan mükafat da cəzaların ən ağırı olmalıdır”.

Taksi sürücüsü heyrətlə gözlərini döyürdü. Artıq mənə Əbülfəzin təəccübünün, taksi sürücüsünün heyrətinin də səbəbi aydın idi və izah etdim.İş ondadır ki, Azərbaycan dilinə ərəbcədən keçmiş və bizdə “təltif”, “bəxşiş” mənasında işlənən “mükafat” sözü həm də “cəza” deməkdir . Ərəblərdə də, İranda da elə əsasən bu mənada qavranılır. Və bu qəbil başqa bir yığın söz var ki, farscada, ərəbcədə büsbütün başqa anlamda istifadə edildiyi halda, bizim dildə fərqli, bəzən lap əks məna qazanıb. Məsələn, fars dilində “gmrah” kəlməsi “yolunu azmış” mənası verir, bizdə “sağlam”, “qıvraq” deməkdir; “xəstə” bizdə “azarlı, hanısısa mərəzə tutulmuş, bimar” anlamındadır, farsların özündə, o cümlədən Cənubi Azərbaycan türkləri arasında. sadəcə, “yorğun” mənasında.

Əbülfəz də SSRİ-dəki 1930-cu illər repressiyalarından xəbərdar idi. Ona görə də düşünürmüş ki, “Lenin mükafatı” (onun yozumunda “Lenin cəzası”) azı güllələnməyə bərabər bir hökm imiş!..Həqiqəti biləndən sonra Əbülfəz də, sürücü də xeyli gülüşdülər.

…1980-ci illərdə, 1990-ların əvvəllərində Əbülfəz xaricdə yaşayan soydaşlarımızın Azərbaycan Respublikası ilə əlaqələrinin qurulub möhkəmlənməsi yolunda cani-dildən çalışan barmaqla sayılacaq qədər azlardan idi.
Həm də Böyük Britaniyada olan soydaşlarımız sırasından oçağkı Dostluq Cəmiyyətinin də, az sonrakı Vətən Cəmiyyətinin də tanıdığı şəxsiyyətlər, ünvanlar lap az idi. Əbülfəz özü fəal çalışmaqla yanaşı oralardakı neçə-neçə başqalarının da səslərinin, əllərinin Bakıya çatmasında vasitəçiyə, körpüyə çevrildi.Unudulmaz Lütfiyar İmanov Əbülfəzgilin Londonda təşkil etdiyi konserti, zalı səmimiyyətləri, sevgiləri ilə dolduran tamaşaçıların onu necə hərarətlə qarşılamasını həmişə riqqətlə xatırlayırdı.

Ölkələri və xalqları bir-birindən ayıran kip-kip bağlı dəmir pərdələr yeni-yeni açılmağa üz qoyurdu və belə təşəbbüslərin hər birinin əhəmiyyəti çox böyük idi. Lütfiyar İmanovun Londondakı həmin konsertini Əbülfəzgil o zaman ayrıca videokaset kimi də buarxmışdılar. 1991-ci ildə Əbülfəz Bahadurinin dəvəti ilə mən Böyük Britaniyaya səfər etdim. Bir neçə gün onun “Təpə başı” dediyim – Hill top məhəlləsindəki evinə qonaq olandan sonra Şeffildə də baş aldıq, Londonda da maraqlı günlər keçirdik. O çağlar tanış olduğum peportyor və iş adamı Məmməd-Aleks Gülzari, istedadlı fotoqraf Azər İmdadi, müğənni Xosrov Məhsuri, böyük şərqşünas alim, London Universitetinin professoru Turxan Gənceyi və bir çox başqaları ilə münasibətlərimiz çox keçmədən qırılmaz dostluğa çevrildi. Yadıma düşür ki, Əbülfəzin Mançestrdəki mənzilində Azərbaycan radiosunun yüzlərlə verilişinin yazıldığı kasetləri görəndə mat qalmışdım ki, yolların bağlı dönəmlərində bunları nə sayaq əldə edib.

Sən dəmə, 1960-70-80-ci illərdə Güneydə xüsusi adamlar varmış ki, dalğaları sərhəd tanımayan Azərbaycan Radiosunun, xüsusən “Araz” kanalının yayımladığı ədəbi verilişləri, radiotamaşaları, konsertləri, müxtəlif mədəni proqramları lentə alırmışlar, sonra kasetlər şəkilndə çoxaldır, Təbriz bazarında satırlarmış. Əbülfəz də özünə ədəbiyyat, musiqi, ədəbi dil müəllimi hesab etdiyi o verilişlərin kasetlərini Təbriz bazarından alıb saxlayırmış, dönə-dönə dinləyirmiş, sonralar özü ilə İngiltərəyə gətiribmiş, həmin köhnə “dostları” təbii ki, indi ABŞ-da, Virciniyadakı mənzilindədir. İndi xeyli uzaqda qalmış 1991-ci ildə Əbülfəz bir axşam söylədi ki, Bakı radiosundan dinlədiyim, kasetini alıb saxladığım verilişlər işərisində ən çox sevdiyim Üzeyir bəyin haqqındakı bir proqram olmuşdu.

Həvəslə həmin verilişin bəzi təfərrüatlarını nağıl eləməyə başlayanda qayıtmışdım ki, o verilişi mən hazırlamışdım. İnanmamışdı ki, sən o vaxt uşaq olardın, bu təcrübəli, bişkin bir adamın hazırladığı proqrama oxşayır.Zarafat etmişdim ki, elə mən belə işləri uşaqlıqdan başlamışam, ilk tələbəlik illərindən radio və televiziya ilə əməkdaşlıq etmişəm, ona görə tez böyümüşəm.

Kaseti tapıb qoymuşdu səslənməyə, arada mənim Qulam Məmmədli, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Niyazi, Bəhram Mansurovdan, Yavər Kələntərlidən müsahibə alan xeyli cavan səsim eşidilincə, verilişin sonunda diktor müəllif kimi adımı çəkincə Əbülfəzin bütün şəkləri yoxa çıxmışdı, “Əhsən sənə!” demişdi.
Yadıma düşür 1996-cı il, Əbülfəzin həmişə onun xiffətini çəkən, fikrini edən mərhum anası ilə birgə Bakıya gəlişi, Gəncə səfərimiz, Nizami məqbərəsini ziyarətimiz, Göygölün gözəlliyinə dalmağımız…
Sonra mənim Amerikaya səfərlərim, yeni görüşlərimiz…

Mütəmadi telefon söhbətlərimiz…

…Azərbaycan İstiqlalının 100 yaşı tamam oldu, ən böyük sərvətimiz olan dövlət müstəqilliyimizin ikinci əsri başlandı.

Bu əzizdən əziz ildönümü münasibəti ilə Azərbaycan Dövləti ayrıca yubiley medalı təsis etdi və sevinirəm ki, həmin ali təltifə layiq görülənlərin arasında dəyərli və köhnəlməz dostumuz Əbülfəz Bahadurinin də adı var.
Bu medal bir rəmzdir. Bu rəmzin arxasında Əbülfəz Bahadurinin ömrünün onilləri boyu könlündə daşıdığı coşqun Azərbaycan sevgisi, millətimizi, yurdumuzu dünyada tanıtmaq, daha da ucaltmaq səmtində ardıcıl səyləri dayanır.

Vətəni candan sevənlərin, xalq və yurd üçün fədakarlıqla çalışanların bütün tarix boyu və dünyanın hər yerində mükafatları heç vaxt əskik olmayıb.“Mükafat” sözünün hər iki mənasınada – həm cəza, həm təltif anlamında. Belə cevgilərə, belə fəaliyyətlərə görə sıxıntılarla üzləşənlər, başı daşdan-daşa dəyənlər, acılar dadanlar da az olmayıb. Tarix o qədər qəmli səhifələrdən agahdır ki!

Amma belə pak amalları ömürlərinin mənasına çevirənlər, millətinə, Vətəninə imkanı çatdığı faydanı verməkdən usanmayanlar mütləq və mütləq, gec, ya tez layiq olduqları şərəflərə də çatırlar.

Təltiflər də, bu qəbil işıq daşıyıcısı fədakarları şəxsən tanıyan və tanımayanların minnətdarlıqları da, məhəbbətləri də, alqışları da onları hökmən tapır!

Rafael HÜSEYNOV,

Millət vəkili, Akademik

Etikxeber.az

Read Previous

Olimpiya Festivalı – AZƏRBAYCAN LİDERLİYİ ƏLDƏN VERDİ…

Read Next

Gənclər Yay Olimpiya Festivalı – 6 NÖVDƏ MÜBARİZƏ OLACAQ – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir