Babasının adını daşıyan, 3 bacının tək qardaşı, evin tək oğlu, doğum günündə döyüşlərə yollanan, Nazlı adlı balası Vətən əmanət qalan-BİLAL XANLAR OĞLU QƏNBƏROV… – FOTOLAR

Daha bir Nur üzlümüz…Daha bir Şəhidimiz…

44 günlük tarixi İkinci Vətən Müharibəsində Qəhrəmanlıq Dastanı yazan İgidlərimizdən biri…

Qənbərov Bilal Xanlar oğlu…

Bilal 1993-cü ilin sentyabrın 29-da Bakı şəhərində anadan olub…

Bilala 1941-1945-ci illər Böyük Vətən Müharibəsinin veteranı olmuş qəhrəman babasının adı qoyulub…

Və atalar məsəlində deyildiyi kimi, ot kökü üstə bitər…

Balaca, nəvə Bilal da babası kimi Qorxmaz, Cəsur olub…

Bilalgil ailədə 4 uşaq-3 bacının tək qardaşı olub…

O, uşaqlığından mehribanlığı, mərhəmətli olmağı seçilib…

Daim böyük-kiçik yerini bilən, şən və çox zarafatcıl olub…

Bilal orta təhsilini 2000-2011-ci illlərdə alıb…

2018-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb, 2020-ci ilin yanvarın 5-də Vətənə xidmət borcunu yerinə yetirərək, tərxis olunub…

Bilal ailəli olub…

Nazlı adında dünya gözəli bir qızı dünyaya gəlib…

Və Bilalın ən böyük arzusu son gününə qədər dilindən düşürmədiyi Nazlını hərtərəfli böyütmək idi…

Boş vaxtlarını onunla keçirər, qızına qayğı göstərərdi…

Cəbhədə olanda hər dəfə “Nazlıdan muğayat olun”-deyib, sağollaşardı.

Qeyd edim ki, Bilal 2020-ci il sentyabrın 29-da, 27 yaşının tamamında, növbəti doğum günündə İkinci Qarabağ Savaşına, döyüşlərə qoşulmaq üçün yola düşüb…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb və Şuşa uğrunda döyüşlərdən birində, noyabrın 3-ündə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib…

Bu yerdə onu da qeyd edim ki, Şəhidimizin anası Gültəkin ana-Gültəkin xanımla bu gün, 12 iyun tarixində İsmayıllı rayonunda, Şəhid ailələrinin görüşündə tanış oldu…

Nur üzlü, mələk simalı əsl Azərbaycan-Türk xanımı, anasıdır…

Gültəkin xanımla Şəhidimiz haqqında qısa da olsa, söhbətləşdim, başsağlığı verdim…

Gültəkin ananın, Gültəkin xanımın dediklərindən:

“Bilal çox qorxmaz, çox cəsur oğul idi. Həm də hamımızın arxa-dayağı idi. Bilal bundan qabaqkı ad günlərini, yəni, 25 və 26 yaşını hərbi hissədə qeyd etdiyi üçün bu ad gününü başqa cür qeyd edəcəkdik. Amma Bilal ad günündə döyüşlərə, Vətəni qorumağa yollandı…Özü də deyə-deyə, gülə- gülə getdi. O, Qələbəyə çox inanırdı. Şuşaya bayraq sancmaq isə ən böyük arzusu idi. Bilal Hadrut, Cəbrayıl, Füzuli və Şuşa şəhərinin alınmasında mənfur düşmənə qarşı böyük şücaətlə vuruşdu.

O, hər dəfə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin çıxışlarının onları necə ruhlandırdığını vurğulayırdı. Bilal dəfələrlə ölümlərdən geri döndü. Ancaq döyüşlərdən birində Şəhidlik məqamına ucaldı. Şəhidlik zirvəsinə 3 noyabrda, məhz Şuşa uğrunda gedən döyüşlərdə yüksəldi və beləliklə, öz son arzusuna çatdı. 5 noyabrda Bilalın Səhidliyi xəbəri gəldi. Bütün ailəmiz, Bilalı sevənlər, qonşular, dost-tanış bu xəbərdən sarsıldı. Çünki hamı onun geri dönəcəyinə inanırdı…”.

Vətən, Qarabağ, Şuşa sevdalısı İgidimiz 6 noyabr tarixində Badamdar qəbiristanlığında torpağa tapşırılıb…

Şəhadətindən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “ Füzulinin azad olunmasına görə“,“ Cəbrayılın azad olunmasına görə“, “ Xocavəndin azad olunmasına görə“,“ İgidliyə görə’’ medalları ilə təltif edilib…

Haqqıdır, Haqqı olanı da öz qanı, canı ilə qazanıb…

7 mart 2021-ci ildə Gürcüstanın Bolnisi rayonunun Arıxlı kəndində və 1 aprel 2021-ci ildə Bakı şəhəri Bakı İstintaq Təcridxanasının önündə şəhid Bilal Qənbərovun adına bulaqlar istifadəyə verilib…

Nur içində yatsın, məqamı ucalardan-uca olsun!

Allah ailəsinə, əzizlərinə, Nazlı balasına, anasına-Gültəkin anaya səbr versin!

Bilal da daxil olmaqla, bütün Şəhidlər-bütün Şəhidlərimiz Fəxrimiz, Qürurumuz, And yerimizdir.

Bir ömür boyu onlara borcluyuq, onlara olan borcumuz bitməz, ödənməz.

Ruhları şad olsun, ruhları qarşısında baş əyirik, baş əyirəm!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

12.06.2021, İsmayıllı

Etikxeber.az

Read Previous

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Uels-İsveçrə-OYUNUNA BAXDILAR…

Read Next

Cavidan İbrahimli…20 yaşında Şəhid oldu…Atası dərdinə dözə bilmədi, qırxına yaxın dünyasını dəyişdi…86 YAŞLI HİKKƏLİ NƏNƏ İSƏ ANASI VƏ QARDAŞLARINI EVDƏN KÜÇƏYƏ ATDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir