Bu gündən Bakı, Sumqayıt və Abşeronda yuxarı sinif şagirdləri üçün ənənəvi dərslər bərpa olunur.
Təhsil Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla dərslər ənənəvi formada bərpa edilir.
Bu gündən həmçinin, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində təlimin əyani forması bərpa olunur.
15 fevral tarixindən məktəbəqədər təhsil müəssisələrində həftə içi hər gün əyani təlim aparılacaq.
Eyni zamanda, bu gündən ali və orta ixtisas təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə tədris ənənəvi formada bərpa olunur.
Fevralın 15-dən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa edilir.
Qərar magistratura səviyyəsində təhsil alanlara da şamil olunur.
Etikxeber.az