Bakı təhsili üçün 2019-cu il necə yadda qaldı?

2019-cu təqvim ilində ümumi təhsil sahəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə çatdırılması və tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü işlər görülüb.

Təhsildə keyfiyyətin davamlılığını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanları səfərbər edilib.

Ümumi statistika

BŞTİ-nin tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 319 məktəb və 5  Uşaq-Gənclər  İnkişaf  Mərkəzi fəaliyyət göstərir.

BŞTİ-nin tabeliyindəki məktəblərdə 441 077 şagirdin təlim-tərbiyəsi ilə 27 192 müəllim məşğul olur.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 45 637, IX siniflərində 30 945, XI siniflərində 19 521, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 182 nəfər təhsil alır.

48 mindən çox uşaq birinci sinfə elektron qeydiyyatdan keçib

Paytaxt üzrə BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinə və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I siniflərinə elektron sistem vasitəsilə 48 763 uşaq üçün sorğu yerləşdirilib. Onlardan 45 637-si BŞTİ-nin tabeliyindəki məktəb və liseyləri, 3 126-sı isə Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaları seçib.

I sinfə qəbul prosesində yenilik

Ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələrində I sinfə qəbul uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə vasitəsilə aparılıb.

Qeyd edək ki, tədris digər dildə aparılan bölmə üzrə uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı müsahibə valideyn və ya qanuni nümayəndələrin iştirakı ilə 3 nəfər müəllimdən ibarət komissiya tərəfindən həyata keçirilib. Müsahibə komissiyaları paytaxtın 12 inzibati rayonu üzrə 9 mərkəzdə fəaliyyət göstərib.

25 832 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub

BŞTİ-nin tabeliyindəki 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında 25 832 uşaq məşğələlərə cəlb olunub. Bakı şəhərində tətbiq olunan məktəbəhazırlıq qruplarına elektron qeydiyyat təcrübəsi genişləndirilərək, 2019-2020-ci dərs ilindən bütün ölkəni əhatə edib.

Şagird yerdəyişməsi elektronlaşdırılıb

2019-cu ildən etibarən ilk dəfə olaraq ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilib. Təhsil Nazirliyi tərəfindən şagirdlərin elektron yerdəyişməsi prosesi vətəndaşlar üçün daha bir imkan deməkdir. Elektron yerdəyişmə nəticəsində 6791 şagird bir məktəbdən digərinə köçürülüb.

1 631  şagird liseylərə qəbul üzrə müsabiqədən uğurla keçib

BŞTİ-nin tabeliyindəki lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqəyə 2 239 şagird qatılıb. Onlardan 1 631-i müsabiqənin nəticələrinə görə müvəffəq olub.

 1 433 nəfər fərqlənmə attestatı alıb

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 877, tam orta təhsil səviyyəsi üzrə isə 556 nəfər fərqlənmə attestatı ilə bitirib.

15 məzun qızıl və gümüş medala layiq görülüb

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 14-ü qızıl, 1-i isə gümüş medala layiq görülüb.

 Ali və orta ixtisas məktəblərinə qəbul göstəricilərində müsbət dinamika

Təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2019-2020-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul göstəricilərində də müsbət dinamika müşahidə olunub. Belə ki, qəbul imtahanlarına müraciət edən 17 505 abituriyentin 13 012 nəfəri, yəni 74 faizi respublikanın müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. 500 və 500-dən yuxarı bal toplayan abituriyentlərin sayı qəbul olunanların 22 faizini təşkil edib.

Qəbul imtahanlarında ən yüksək nəticə göstərərək ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilib. Onlardan 26-sı BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin məzunlarıdır.

39 məktəbdə 170 “Sağlam təhsil” sinfi təşkil edilib

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqi genişləndirilib. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində paytaxtdakı 39 ümumi təhsil müəssisəsində 170 “Sağlam təhsil” sinfi fəaliyyət göstərir.

Həmçinin cari tədris ilindən paytaxtdakı 20 məktəbdə 26 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb.

Təntənəli açılış mərasimləri

2019-2020-ci tədris ili ərəfəsində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş təhsil müəssisələrinin təntənəli açılış mərasimləri keçirilib. Bakı şəhəri 101, 208, 300 nömrəli tam orta məktəblərin açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev iştirak edib.

 Təhsil sahəsi üzrə mühüm sərəncamlar

Ölkə Prezidenti cənab İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında”, “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında”, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Sərəncamları sentyabrın 1-dən qüvvəyə minib. Qeyd olunan Sərəncamlar son illər ərzində təhsil işçilərinin sosial müdafiəsinə yönələn ali diqqətin daha bir bariz nümunəsidir.

Eləcə də “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında”, “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” və “Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında” Sərəncamlara əsasən, ölkə üzrə təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlərə  18  milyon manat, Bakı şəhəri və paytaxt qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmirinə 40 milyon manat, Azərbaycanda təhsil müəssisələrinin qazlaşdırılmasına 5,7 milyon manat vəsait ayrılıb.

“Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında”  və  “Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən, ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə təltif olunublar.

Eyni zamanda “2019-2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, tədris ilində yüksək nəticə göstərək ali məktəblərə daxil olan tələbələrə təqaüd verilib.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva paytaxt məktəblərində

Birinci vitse-prezident Mehriban xanım Əliyeva Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Mehriban Əliyeva, həmçinin Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə də olub. O, uşaqlarla görüşüb, şagirdlərin təhsili ilə maraqlanıb.

Tədris ilinin ilk dərsləri

Yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə-mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub.

161 məktəbdə 348 təmayül sinfi təşkil olunub

Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib.

BŞTİ-nin tabeliyindəki 161 məktəbdə 348 təmayül sinfi təşkil olunub.

Təmayülləşmə ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edir.

60 şagird inklüziv təhsilə cəlb edilib

Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 60 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, məqsədyönlü işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.

İşə qəbul üzrə 1 442 vakansiya təqdim olunub

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi  müsabiqəsinə BŞTİ tərəfindən 2019-2020-ci dərs ili üçün 1442 vakansiya təqdim olunub.

943 nəfər işə qəbul olunub

Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqə və müsahibələr nəticəsində 943 nəfər daimi əsaslarla işə qəbul olunub.

Bunlardan:

Ø  414 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətsiz müqavilə ilə işə qəbul mərhələsi nəticəsində;

Ø  274 nəfər vakant yer üzrə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində;

Ø  255 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

 1 099 nəfər müddətli müqavilə ilə işə qəbul edilib

2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1099 nəfər namizəd müddətli müqavilə ilə müxtəlif fənlər üzrə müəllim vəzifəsində işlə təmin olunub.

563 yaş həddinə çatmış müəllimlə müddətli müqavilə bağlanılıb

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 563 nəfər ilə dərs ilinin sonunadək müddətli müqavilə bağlanılıb.

288 təhsil işçisi təltif edilib

2019-cu ildə ölkə Prezidentinin Sərəncamlarına əsasən, paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə təltif olunublar. Belə ki, Bakı məktəblərində çalışan 8 müəllim “Tərəqqi” medalına, 14 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Həmçinin gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə Bakı məktəblərində fəaliyyət göstərən 16 müəllim “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 20 müəllim “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı” ilə təltif olunub.

Eləcə də  5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ərəfəsində səmərəli fəaliyyəti ilə fərqlənən 230 təhsil işçisi BŞTİ Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanı ilə təltif edilib.

282 nəfərin müxtəlif vəzifələrə işə qəbulu həyata keçirilib

2019-cu ildə təşkil edilən müsabiqələr vasitəsilə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 29 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 27 nəfər tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 23 nəfər psixoloq, 24 nəfər kitabxanaçı, 9 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə rəhbər, 18 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 152 nəfər laborant vəzifələrinə işə qəbul olunub. Qeyd edilən vəzifələr üzrə ümumilikdə, 282 nəfərin işə qəbulu həyata keçirilib.

26 nəfər direktor vəzifəsinə işə qəbul olunub 

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 2019-cu il ərzində 26 nəfər direktor vəzifəsinə işə qəbul edilib.

13 direktorun iş yeri dəyişdirilib.

111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Çalışmanın yaş hədinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb.

18 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib.

Orta aylıq əmək haqqı 682 manat təşkil edir

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2019-2020-ci tədris ili üçün 682 manat təşkil edir.

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

Bakı şəhəri təhsil işçilərinin “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransı keçirilib.

Konfransda ötən tədris ilində keyfiyyətin artırılması istiqamətində görülən məqsədyönlü işlər və parlaq uğurlardan bəhs edilib. Eyni zamanda məktəb idarəetməsi, məktəblərin reytinqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və təmayülləşmə kimi digər məsələlərdən söhbət açılıb.

Keyfiyyət göstəricilərinin təhlili

Təhsil Nazirliyi tərəfindən paytaxt məktəblərində təhsil alan 58 674 nəfər V və IX sinif şagirdi üçün Diaqnostik Qiymətləndirmə keçirilib.

Diaqnostik Qiymətləndirmə V siniflər üzrə 28 830,  IX siniflər üzrə 29 844 məktəblini əhatə edib.

Hər imtahan fənni üzrə şagirdlərin göstərdikləri nəticələr təhlil edilib, hesabatlar hazırlanaraq ümumi təhsil məktəblərinə göndərilib.

Buraxılış imtahanlarının nəticələri təhlil edilib

Ötən tədris ili üzrə IX və XI sinif şagirdlərinin buraxılış imtahanı nəticələri təhlil edilib.

Buraxılış imtahanı göstəricilərinin müqayisəli təhlil nəticələri ümumiləşdirilərək hər məktəb üçün hesabat halına salınıb və məktəblərə göndərilib.

Məktəblilər arasında sorğu keçirilib

BŞTİ tərəfindən məktəb mühitinin mövcud vəziyyətinə dair dəqiq məlumatlar əldə etmək və düzgün fəaliyyət planı hazırlamaq məqsədi ilə V və VI sinif şagirdləri arasında ev tapşırıqları, məktəb mühiti və kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi mövzularında məxfi sorğular keçirilib. Sorğuların nəticələrinə əsasən, tədbirlər planı hazırlanaraq məktəblərə təqdim edilib.

İbtidai siniflər üzrə araşdırma

İbtidai siniflərdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması və davamlı inkişafın təmin edilməsi məqsədilə paytaxt məktəblərinin IV siniflərində təhsil alan şagirdlərin 2018-2019 tədris ili üçün I və II Böyük Summativ Qiymətləndirmə nəticələri, həmçinin illik qiymətləri təhlil edilib, müvafiq hesabat hazırlanıb. Bu nəticələr baza qiymətləri kimi götürülərək, növbəti illərdə şagirdlərin fərdi inkişaf dinamikasını izləməyə imkan verəcək.

600-dən artıq pedaqoji mühazirə dinlənilib

Paytaxtın 12 inzibati rayonu üzrə 673 pedaqoji mühazirə dinlənilib. İdarənin tabeliyindəki təhsil müəssisələrini təmsil edən 16 nəfər pedaqoji mühazirələrdə qalib gəlib və fərqlənib.

“Oxu günü” tədbiri keçirilib

“Gəlin birgə oxuyaq!” şüarı altında ümumi təhsil məktəb və lisey şagirdlərinin iştirakı ilə ənənəvi “Oxu günü” tədbiri keçirilib.  Tədbirdə məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəcik və tamaşalar, musiqili kompozisiyalar, rəsm əsərləri təqdim ediblər. Tədbir çərçivəsində nəşriyyat və kitabxanaların kitab sərgi-yarmarkası təşkil olunub.

“Məktəb seminarları”na 7000-dən çox  iştirakçı qatılıb

BŞTİ tərəfindən 2019-cu il ərzində iki dəfə təşkil olunan “Məktəb seminarları”na ümumilikdə 7 491 təhsil işçisi qatılıb.

 “Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumi təhsil məktəbləri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.

Məktəb direktorlarının iştirakı ilə müşavirə keçirilib

Paytaxtın ümumi təhsil müəssisələri direktorlarının iştirakı ilə müşavirə keçirilib.

BŞTİ-nin təşkilatçılığı ilə keçirilən müşavirədə ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmə məsələlərindən bəhs olunub.

“Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib

Bakı şəhərində “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 64-ə çatıb. Onlardan 58-i BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisəsi, 2-si gimnaziya, 2-si internat,

2-si idman məktəbidir. Eləcə də Sumqayıtda 4, Abşeronda 2 məktəbdə “Məktəblinin dostu” layihəsi həyata keçirilir.

Hazırda layihə üzrə 300 əməkdaş fəaliyyət göstərir.

“Məktəblinin dostu” layihəsi çərçivəsində il ərzində şagirdlərin asudə vaxtının səmərəli təşkili üçün ekskursiyalar, 12 böyük məktəblərarası turnir və müsabiqə, 200-dən artıq məktəbdaxili intellektual təşəbbüs və sosial məsuliyyət çərçivəsində tədbir həyata keçirilib.

Həmçinin layihəyə daxil olan bütün məktəblərdə fövqəladə vəziyyətlərə hazırlıqla bağlı avadanlıqlar yoxlanılıb, bütün siniflər üzrə yanğın vəziyyəti ilə bağlı nəzəri təlimlər aparılıb və vətənpərvərlik mövzusunda müxtəlif irimiqyaslı tədbirlər keçirilib.

2000-dən çox məktəbli üçün “Yay məktəbi” təşkil edilib

“Məktəblinin dostu” layihəsi çərçivəsində şagirdlərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması  məqsədilə “Yay məktəbi” keçirilib. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində reallaşdırılmış “Yay məktəbi”ndə 2000-dən çox məktəbli üçün təlim, seminar, informativ sessiya, ekskursiya,  idman yarışları və əyləncəli saatlar təşkil edilib.

36 qrant layihə qalib olub

Paytaxt üzrə 36 layihə Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində qalib olub. BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrindən 39, 58, 84, 129, 145, 150, 155, 177, 212, 214, 216, 232 nömrəli tam orta məktəblər və 147 nömrəli Texniki-Humanitar Liseyə məxsus layihələr ümumi təhsil müəssisələri kateqoriyası üzrə qaliblər sırasında yer alıb. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən 23 layihə isə fərdi kateqoriya üzrə qalib gəlib.

Müəllimlər üçün stajkeçmə xidməti təşkil olunub

Ümumi təhsil müəssisələrinin müəllimləri üçün innovasiyalar və yeni texnologiyaların tədrisdə tətbiqi üzrə stajkeçmə xidməti keçirilib. Stajkeçmə xidmətinə BŞTİ-nin tabeliyindəki 36 ümumi təhsil müəssisəsindən 536 müəllim qatılıb.

26 məktəbdə informatika təmayüllü siniflər fəaliyyət göstərir

Təhsil Nazirliyi və BP şirkətinin əməkdaşlığı çərçivəsində “İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi” layihəsi həyata keçirilib. Layihə çərçivəsində paytaxtın 26 ümumi təhsil məktəbində informatika təmayüllü siniflər fəaliyyət göstərir.

Paytaxt üzrə 5 məktəbdə peşə təmayüllü siniflər yaradılıb

BŞTİ-nin tabeliyindəki 5 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılıb.

Paytaxtdakı 117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.

4 məktəbdə İngilis dili resurs mərkəzi fəaliyyət göstərir

BŞTİ və  Britaniya Şurası Təşkilatının (British Council) birgə əməkdaşlığı çərçivəsində 4 ümumi təhsil məktəbində İngilis dili resurs mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərin fəaliyyəti çərçivəsində Britaniya Şurası Təşkilatı (British Council) təlimçilərinin moderatorluğu ilə 4 günlük Müəlimlərin Fəaliyyət Qrupları (“Teacher Activity Groups”) və 2 günlük Debat, Əlaqə, Dialoq (“Debate, Negotitation, Dialogue”) mövzularında təkmilləşdirmə təlimləri keçirilib.

“Rəqəmsal bacarıqlar” layihəsi

Paytaxtın 75 ümumi təhsil məktəbi Təhsil Nazirliyi və Alqoritmika MMC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulub. Layihə çərçivəsində 205 informatika müəlliminin iştirakı ilə “İnformatika müəllimlərinin metodiki biliklərinin və texniki bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda 36 akademik saatlıq ixtisasartırma təlimi keçirilib.

Həmçinin layihə çərçivəsində 12 ümumi təhsil məktəbində “Kod saatı” aksiyası keçirilib. Aksiyada Bakı və Gəncə şəhərlərindən ümumilikdə 1 757 nəfər şagird iştirak edib.

“Uğur üçün tədris” layihəsi

Təhsil Nazirliyi və Britaniya Şurası Təşkilatının (British Council) birgə təşkilatçılığı ilə “Uğur üçün tədris” layihəsi həyata keçirilib.

2019-cu ildə layihəyə Bakı şəhəri üzrə 74 ümumi təhsil məktəbi cəlb olunub.

Layihə çərçivəsində 370 ingilis dili müəllimi üçün “Dil təkmilləşdirmə” təlimləri keçirilir.

Valideynlər təhsil müəssisələrində

Paytaxtın ümumi təhsil müəssisələrində “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində görüşlər keçirilib, valideynlər məktəb mühiti ilə daha yaxından tanış olublar.

54 məktəbdə ekoloji təqdimatlar

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsi reallaşdırılıb. Təqvim ili ərzində 54  ümumi təhsil məktəbində müxtəlif ekoloji mövzularda təqdimatlar keçirilib. Təqdimatlarda 5000-dən artıq şagird iştirak edib.

285 məktəbdə “Kiçik Akademiya”lar fəaliyyət göstərir

Ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”ların fəaliyyəti genişləndirilib.

Hazırda BŞTİ-nin tabeliyindəki 285 ümumi təhsil məktəbində  “Kiçik Akademiya” fəaliyyət göstərir. 22 məktəbdə isə yaradılması ilə bağlı hazırlıq işləri görülür.

Paytaxt məktəbində şagird idarəetmə sistemi yaradılıb

Paytaxtdakı bir sıra ümumi təhsil müəssisələrində şagird idarəetmə sistemi tətbiq olunub.

Şagird idarəetmə sistemi çərçivəsində tədris nailiyyətləri və qabiliyyətləri ilə fərqlənən şagirdlər xüsusi günlərdə məktəb direktoru, direktor müavinləri, uşaq birliyi rəhbəri kimi vəzifələrdə fəaliyyət göstərərək, məktəbi idarə ediblər.

Qardaş ölkə ilə birgə layihə

Azərbaycan və Türkiyə məktəbləri arasında “Məktub qardaşlığı” layihəsi həyata keçirilir.

Layihə çərçivəsində Türkiyənin Ankara şəhərindəki Mamak Ali Kuşçu məktəbinin şagirdləri BŞTİ-nin tabeliyindəki 47 nömrəli tam orta məktəbin II sinif şagirdləri ilə məktublaşıblar.

 Mütaliə istiqaməti üzrə layihələr reallaşdırılıb

Paytaxtın ümumi təhsil məktəblərində mütaliə istiqaməti üzrə “Qızıl rəf”, “Ədəbi natura”, “Siz hələ də mütaliə etmirsiniz?”, “Mən oxudum, siz də oxuyun” layihələri reallaşdırılıb.

“Ən yaxşı təqdimat” müsabiqəsi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib. Müsabiqənin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdlərindən 2-si Tərifnamə ilə təltif olunub.

“Ədəbiyyat biliciləri” müsabiqəsinə 25 minə yaxın şagird qatılıb

“Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edib. Müsabiqənin ölkə mərhələsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini təmsil edən 8 şagirddən 5-i qalib olub.

“Sabahın alimləri” VIII Respublika Müsabiqəsi

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 17 şagirdi “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibi olub.

Müsabiqədə ümumilikdə 54 layihə qalib seçilib. Qalib layihələrdən 38-i Bakını əhatə edib. Paytaxt məktəblilərindən 2-si I yerə, 7-si II yerə, 8-i isə III yerə layiq görülüb.

“Sabahın alimləri” VIII Respublika Müsabiqəsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 177 nömrəli tam orta məktəbin şagirdi Selcan Nurullayeva və 283 nömrəli tam orta məktəbin şagirdi Reyhan Camalova ABŞ-ın Finiks şəhərində keçirilmiş İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil ediblər.

Paytaxtda müsabiqə-konfrans

Ümumi təhsil müəssisələrinin rəhbərləri, tanınmış təhsil mütəxəssisləri və qabaqcıl müəllimlərin iştirakı ilə “Uşaq  və gənclərin azərbaycançılıq ideologiyası ruhunda  tərbiyəsi” mövzusunda müsabiqə-konfrans keçirilib.

Mövzu üzrə müsabiqə əsasında seçilmiş ən yaxşı tədqiqat işləri konfransda dinlənilib və 6 ən yaxşı tədqiqat müəllifi qalib elan olunub.

Respublika Fənn Olimpiadalarında 47 məktəbli uğur qazanıb

IX, X və XI sinif şagirdlərinin iştirakı ilə Respublika Fənn Olimpiadaları keçirilib. Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 5-i qızıl, 11-i gümüş, 31-i bürünc medal olmaqla, ümumilikdə 47 məktəbli uğur qazanıb.

V Respublika fənn müsabiqələrinə 9 000-ə yaxın şagird qatılıb

Ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında V Respublika fənn müsabiqələri keçirilib. Fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsində Bakı şəhəri üzrə 9 000 minə yaxın şagird iştirak edib.  Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə 18 nəfər riyaziyyat, 13 nəfər kimya, 18 nəfər fizika, 8 nəfər biologiya, 14 nəfər isə informatika fənni üzrə yüksək bal toplayaraq, I, II və III yerlərə layiq görülüb.

IV Məntiq Olimpiadasında 15 minə yaxın şagird iştirak edib

V-VI sinif şagirdləri arasında təşkil olunan Lütfi Zadə adına Məktəblilərarası IV Məntiq Olimpiadasının ilk turunda 15 minə yaxın  şagird iştirak edib. Olimpiadanın final mərhələsinin nəticələrinə əsasən, 44 nəfər şagird I, II, III yerlərə layiq görülüb. 349 şagird isə olimpiadanın final turunda fəal iştirakına görə Tərifnamə ilə təltif edilib.

Paytaxt məktəbliləri beynəlxalq arenada

Ölkəmizi VIII Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO) təmsil edən Bakı şəhəri 257 nömrəli tam orta məktəbin şagirdi Fidan Qarayeva bürünc medal qazanıb. Bu, 2016-cı ildən bəri olimpiadada iştirak edən məktəbli qızlarımızın qazandığı ilk medaldır.

Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov Yeniyetmələrin 23-cü Balkan Riyaziyyat Olimpiadasında gümüş medal, 313 nömrəli tam orta məktəbin şagirdi Fərid Əlizadə isə bürünc medal qazanıb.

Paytaxt məktəbliləri 17-ci beynəlxalq kompüter layihələri olimpiadasından (İnfomatrix Asia) medalla qayıdıblar. Qazaxıstanın Almatı şəhərində keçirilən olimpiadada 62 nömrəli məktəb-liseyin sagirdi Yusif Eyvazlı və X sinif şagirdi Nicat Dəmirçiyev bürünc medala layiq görülüblər.

177 nömrəli tam  orta məktəbin şagirdi  Leyla  Məmmədzadə  və 16 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Əli Bağırov Sankt-Peterburq şəhərində keçirilən “Özündə alimi kəşf et”  VI Ümumrusiya elmi-innovasiya konfransında uğurla iştirak edərək III dərəcəli diploma layiq görülüblər.

18 nömrəli tam orta məktəbin məzunu Faiq Məmmədzadə Rumıniyada keçirilən beynəlxalq robototexnika yarışında I yeri tutub və qızıl medala layiq görülüb. Həmçinin, beynəlxalq yarışda 276 nömrəli tam orta məktəbin şagirdi Sübhan Seyfullayev II yeri tutub və gümüş medalın sahibi olub.

Gənc fiziklərin, kimyaçıların və bioloqların yaradıcılıq müsabiqələri 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin, kimyaçıların və bioloqların yaradıcılıq müsabiqələri təşkil edilib.

Gənc fiziklərin yaradıcılıq müsabiqəsinin rayon mərhələsində 266 ümumi təhsil müəssisəsindən 798 şagird mübarizə aparıb. Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, 240 nömrəli məktəbin komandası 36 balla I, 83 və 166 nömrəli məktəb-liseylərin komandaları 33 balla II, 312 nömrəli məktəb-lisey və 291 nömrəli Ekologiya liseyinin komandaları isə 32 balla III yerə layiq görülüb.

Gənc kimyaçıların yaradıcılıq  müsabiqəsinin rayon mərhələsində 256 ümumi təhsil müəssisəsindən 768 şagird iştirak edib. Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, 72 nömrəli məktəb-liseyin komandası 38 balla I, 55 və 117 nömrəli tam orta məktəblərin komandaları 35 balla II, 271 və 42 nömrəli tam orta məktəblərin komandaları isə 29 balla III yerə layiq görülüb.

Gənc  bioloqların  yaradıcılıq  müsabiqəsinin rayon mərhələsində isə 261 ümumi təhsil müəssisəsinin 783 şagirdi yarışıb. Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, 312 nömrəli məktəb-liseyin komandası 44 balla I, 72 nömrəli məktəb-liseyin və 244 nömrəli tam orta məktəbin komandaları 42 balla II, 191 nömrəli məktəb-liseyin komandası isə 41 balla III yerə layiq görülüb.

Paytaxt məktəbliləri IV İngilis Dili Olimpiadasında

Paytaxt məktəbliləri IV İngilis Dili Olimpiadasında iştirak edib.

İki mərhələdən ibarət olan olimpiadada Bakı şəhəri üzrə 164 məktəbdən 556 şagird iştirak edib. Olimpiadada paytaxtdakı 10, 82, 257 nömrəli tam orta məktəblər, 287 nömrəli Zəkalar liseyi və Məktəb-Lisey Kompleksi fərqlənib.

İngilis dilində təqdimat müsabiqəsi

Paytaxt məktəbliləri arasında ingilis dilində təqdimat müsabiqəsi keçirilib. Müsabiqədə şagirdlər seçdikləri mövzu barədə ingilis dilində təqdimatlarını 10 dəqiqə ərzində nümayiş etdiriblər.

Müsabiqənin nəticəsinə əsasən, 245 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Səma Balıyeva I, 62 nömrəli məktəb-liseyin VIII sinif şagirdi Fərid Bəndiyev II, həmin məktəb-liseyin VII sinif şagirdi Mehriban Hüseynova isə III yeri tutub.

Şagirdlər yaşadıqları ərazini araşdırır

Paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Gəlin tanış olaq!” müsabiqəsi keçirilir. VIII-X sinif şagirdləri arasında keçirilən müsabiqə çərçivəsində məktəblilər yaşadıqları ərazinin maddi-mənəvi irsi, dəyərləri, etnoqrafiyası, tarixi, mədəniyyət abidələri, elm xadimləri, görkəmli şəxsləri barədə araşdırma aparır və videoçarx hazırlayırlar.

Tədqiqatçı məktəblilər

Paytaxt məktəblərinin II-IV sinif şagirdləri arasında “Kiçik tədqiqatçılar” müsabiqəsi keçirilib.

Həmçinin paytaxt məktəblərinin “Kiçik Akademiya” üzvü olan VIII-X sinif şagirdləri arasında tədqiqatçılıq müsabiqəsi təşkil olunub.

Müsabiqələrin əsas məqsədi şagirdlərin tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, onların gələcəkdə “Kiçik Akademiya”larda, intellektual klublarda təmsil olunmasını təmin etmək, şagirdlərdə məruzə ilə çıxış etmək vərdişlərinin formalaşdırılmasına əlverişli şərait yaratmaqdan ibarətdir.

Eksternat imtahanlarında 136 nəfər müvəffəq olub

Müxtəlif səbəblərdən əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün 2019-cu ildə təşkil edilən eksternat imtahanlarında ümumilikdə 220 nəfər iştirak edib. Onlardan 136 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.

Qeyd edək ki, 26-27 dekabr 2019-cu il tarixdə keçirilən eksternat imtahanlarının nəticələri isə yaxın müddətdə bəlli olacaq.

Paytaxt məktəblisi dünyanın nüfuzlu şəxsləri sırasında

Bakı şəhəri 283 nömrəli tam orta məktəbin XI sinif şagirdi Reyhan Camalova yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunun  gənc ixtiraçısı, “ASAN xidmət”in ideya müvəkkili və dünya üzrə 100 nüfuzlu qadından biri seçilib.

Qeyd edək ki, R.Camalova beynəlxalq uğurları ilə bərabər “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibi olub. O, müsabiqədə “Mühəndislik” nominasiyası üzrə I yeri tutaraq qızıl medalla təltif edilib.

 Həmçinin o, İstanbulda keçirilən “TRT World Citizen Awards 2019”da yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunu kəşf etdiyi üçün “Gənclik” mükafatına layiq görülüb.

Beynəlxalq əməkdaşlıq

Ankara, İstanbul və İzmir Milli Təhsil idarələrinin rəhbərləri ölkəmizə səfər edib.

Üçgünlük səfər çərçivəsində BŞTİ-də idarə rəhbərləri ilə geniş tərkibdə görüş keçirilib. BŞTİ ilə İstanbul, Ankara və İzmir Milli Təhsil idarələri arasında Niyyət protokolu imzalanıb. Həmçinin türkiyəli qonaqlar 189-190 və 138 nömrəli tam orta məktəblərdə, 268 nömrəli xüsusi məktəbdə olublar.

BŞTİ-də Moskva Şəhər Elm və Təhsil Departamentinin nümayəndələri ilə görüş keçirilib.

Görüş zamanı iki ölkənin təhsil müəssisələri arasındakı əməkdaşlığın indiki vəziyyəti və onun genişləndirilməsi üçün mövcud potensial müzakirə edilib, ümumi təhsil sahəsindəki təcrübə mübadiləsi barədə səmərəli fikir mübadiləsi aparılıb.

Görüşdən sonra rusiyalı qonaqlar 160 nömrəli Klassik gimnaziyada olub.

 İrlandiyanın Dublin şəhərinə təhsil səfəri təşkil edilib. Təhsil səfəri “Məktəb İnspeksiyalarında innovasiyaların tətbiqi” mövzusuna həsr edilib. Səfər çərçivəsində təcrübə mübadiləsi aparılıb, görüş və müzakirələr keçirilib.

Təhsil Nazirliyi, Təhsil İnstitutu, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və BŞTİ-nin əməkdaşlarından ibarət nümayəndə heyəti İspaniya Krallığının Barselona şəhərinə işgüzar səfər edib.

Səfər təhsil sistemində dövlət-özəl tərəfdaşlığının təşkili və idarə edilməsi sahəsində İspaniya Krallığının təcrübəsi ilə tanış olmaq və Azərbaycanda tətbiqi imkanlarını öyrənmək məqsədilə həyata keçirilib.

BŞTİ əməkdaşları üçün təlimlər

BŞTİ və Azərbaycan Müəllim İnkişafı Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində İdarənin əməkdaşları üçün “Effektiv rəyin verilməsi”, “Düşüncə tərzləri”, “Təsirli nitq və prezentasiya qaydaları” və “Müəssisədaxili ünsiyyət qaydaları” mövzuları üzrə təlimlər keçirilib.

Həmçinin BŞTİ və Azərbaycan Respublikasının Mərkəzi Bankının birgə əməkdaşlığı çərçivəsində İdarənin əməkdaşları üçün maliyyə savadlılığının artırılması istiqamətində təlimlər keçirilib.

Kollektiv Müqavilə imzalanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Bakı şəhəri rayon Komitələri ilə 2019-2021-ci illər üzrə Kollektiv Müqavilə imzalanıb.

Təhsil işçiləri üçün təlimlər

BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində çalışan gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri, informatika, Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimləri və psixoloqlar üçün seminarlar keçirilib. Həmçinin təmayül siniflərdə fənlər üzrə dərsdinləmələr təşkil olunub.

Paytaxt müəllimləri üçün “İnklüziv sinifdə təlimin təşkili” mövzusunda ixtisasartırma təlimləri keçirilib. Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun (YUNİSEF) birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan təlimlərə 1920 ibtidai sinif müəllimi cəlb olunub.

Paytaxtın ümumi təhsil müəssisələrinin fənn müəllimləri və ibtidai sinif müəllimləri üçün İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri və İKT-dən istifadə bacarıqlarının yoxlanılması üzrə qiymətləndirmə keçirilib. Qiymətləndirmədə 824 müəllim könüllü əsaslarla iştirak edib.

İKT üzrə savadlı olan müəllimlərə mentorluq xidmətinin təşkili ilə bağlı layihə həyata keçirilib. Layihə çərçivəsində paytaxtın 43 məktəbində çalışan 410 müəllim və inzibati heyətinə 3 ay müddətində mentorluq dəstəyi göstərilib.

Məktəbəhazırlıq qruplarında tədris aparacaq müəllimlər üçün yekun qiymətləndirmə keçirilib. İmtahanda “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlimləri başa vuran 1000-ə yaxın ibtidai sinif müəllimi  iştirak edib.

Məktəblilərin sosial-emosional sağlamlığı diqqət mərkəzindədir

Təhsil Nazirliyi #MənimləDanış sosial kampaniyasına start verib. Bununla bağlı hazırlanmış maarifləndirici sosial çarx ictimaiyyətə təqdim edilib.

BŞTİ-nin təşkilatçılığı ilə tərbiyə işləri üzrə direktor müavinləri  (təşkilatçılar), məktəb psixoloqları, uşaq birliyi təşkilatı rəhbərləri, müəllim və şagirdlərin iştirakı ilə məktəblərdə “Bullinq” mövzusunda seminarlar keçirilib.

Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondunun (YUNİSEF) birgə əməkdaşlığı çərçivəsində paytaxtın ümumi təhsil müəssisələrində VI-VIII sinif şagirdləri üçün “Mənimlə danış” kampaniyası çərçivəsində “Bullinq” mövzusunda seminarlar keçirilib.

Təlimə Dəstək Mərkəzi tərəfindən BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində maarifləndirici seminarlar keçirilib. Seminarlarda məktəblərin pedaqoji kollektivinə,  Vll-Xl sinif şagirdlərinə və valideynlərə  “Yeniyetməlik yaş dövrünün xüsusiyyətləri, problemləri”, “Valideyn-övlad münasibətləri”, “Valideyn-məktəb əməkdaşlığı” mövzularında məlumat verilib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən “Məktəbdə sağlam sosial emosional mühitin formalaşdırılması” proqramı üzrə təlimlər keçirilib.

Ulu öndərin anadan olmasının 96-cı ildönümünə  həsr olunmuş tədbirlər

BŞTİ-nin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş paytaxt məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdlərinin yaradıcılıq sərgisi keçirilib.

Həmçinin təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər, mühazirə, konfrans, seminar və “Dəyirmi masa”lar keçirilib.

 “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər

BŞTİ-nin təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçirilib. Paytaxtın 12 rayonu üzrə 62 mərkəzdə təşkil olunan dərslərdə BŞTİ-nin tabeliyindəki 305 məktəb, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan 18 məktəb və Bakıda məskunlaşmış qaçqın məktəblərindən ümumilikdə 19 521 nəfər XI sinif şagirdi iştirak edib.

Paytaxt məktəblərində “Nəsimi ili”nə həsr olunmuş tədbirlər

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində “Nəsimi ili” çərçivəsində silsilə tədbirlər, ədəbi-bədii gecələr, müsabiqələr, disput, “Dəyirmi masa” və konfranslar təşkil edilib. Tədbirlərin keçirilməsinin əsas məqsədi Azərbaycanın söz sənəti və tarixində yüz illər boyu yaşayan Nəsimi irsi barədə məktəbliləri məlumatlandırmaq, yetişməkdə olan gənc nəslin bədii və fəlsəfi fikir tarixinə olan marağını artırmaqdan ibarətdir.

Ümumi təhsil müəssisələrində “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” adlı müsabiqə keçirilib.

İdman sahəsində 993 medal

2019-cu ildə Bakı məktəbliləri idman sahəsində də ciddi nailiyyətlərə imza atıblar.  Paytaxt məktəbliləri idmanın müxtəlif növləri  üzrə beynəlxalq və respublika yarışlarında 365 qızıl, 308 gümüş, 320 bürünc  olmaqla ümumilikdə, 993 medal əldə ediblər.

Tarixi şəxsiyyətlərin yubileyləri qeyd olunub

Paytaxtın ümumi təhsil müəssisələrində ölkə Prezidentinin Sərəncamlarına əsasən, yubileyləri qeyd edilən ziyalıların və tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilib.

Uşaq-Gənclər İnkişaf Mərkəzləri beynəlxalq festivallarda

BŞTİ-nin tabeliyindəki 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) “Dan ulduzu” rəqs ansamblı Türkiyədə Novruz bayramı və TRT AVAZ telekanalının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə iştirak edib.

BŞTİ-nin tabeliyindəki 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Zirvə” rəqs kollektivi Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Nevanın nağılları” xoreoqrafik müsabiqə-festivalında iştirak edib.

Xor kollektivi yaradılıb

Bakı Şəhəri  üzrə  Təhsil İdarəsi  və  Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən 33 ümumi  təhsil müəssisəsinin şagirdlərindən  ibarət  birləşmiş  xor kollektivi yaradılıb. Layihə ümumi təhsil müəssisələrində uşaq-xor fəaliyyətinin genişləndirilməsi, məktəblərarası mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədilə təşkil olunub.

Paytaxt məktəblərində “Yaşıl məktəb” aksiyası

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində “Yaşıl  məktəb” aksiyası çərçivəsində yaşıllıq zolaqları salınıb, 3 000-dən çox ting əkilib.

Azərbaycan Beynəlxalq Təhsil Sərgisi 

Bakı Ekspo Mərkəzində təşkil edilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində yeni layihələr və mövcud təhsil imkanları təqdim olunub. Sərgidə dünyanın 22 ölkəsini təmsil edən 150-dən çox təhsil strukturu iştirak edib.

“Sənədsiz məktəbli qalmasın” aksiyası keçirilib

“Sənədsiz məktəbli qalmasın” aksiyası çərçivəsində Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin şagirdlərinə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi təmin edilib.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə keçirilən aksiyanın əsas məqsədi şagirdlərin vaxt itkisi olmadan müvafiq xidmətlərdən yararlanmalarını təmin etməkdən ibarətdir.

Məktəblilər üçün ekskursiyalar

Paytaxt məktəblilərinin Heydər Əliyev Mərkəzi, Xalq  Təhsili   Muzeyi, YARAT Müasir İncəsənət Mərkəzinə və digər tarixi abidə və muzeylərə ekskursiyaları təşkil olunub.

“Məktəblilər üçün muzey həftəsi”

“Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində təşkil edilən ekskursiyalarda 29 regionun uşaq-gənclər inkişaf mərkəzindən və Bakı şəhəri üzrə 270-ə yaxın ümumi təhsil müəssisəsindən ümumilikdə 21 729 məktəbli iştirak edib. Layihə çərçivəsində məktəblilər ölkəmizin milli-mənəvi dəyərləri barədə geniş məlumat əldə ediblər.

Təhsil müəssisələrində maarifləndirici təlimlər

Təhsil müəssisələrində şagirdlərin zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılması, sağlam həyat tərzinin formalaşdırılması, QİÇS, talassemiya ilə mübarizə, yol hərəkəti qaydaları, fövqəladə hallarda davranış qaydaları, peşə seçimi, reproduktiv sağlamlıq və digər mövzularda sağlam həyat tərzini təbliğ edən maarifləndirici tədbirlər keçirilib.

Təhsil işçiləri arasında idman yarışları

Bakı şəhərinin ümumi təhsil məktəblərinin müəllimləri və təhsil işçiləri arasında idman yarışları təşkil olunub. Yarışlar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) və BŞTİ-nin birgə təşkilatçılığı ilə keçirilib.

Voleybol, şahmat, dama, mini-futbol və stolüstü tennis üzrə yarışlarda I, II və III yeri tutan komandalar diplom və hədiyyələrlə mükafatlandırılıb.

Həmçinin təhsil işçiləri arasında futbol üzrə Bakı şəhər çempionatı keçirilib. Çempionatın nəticələrinə əsasən, BŞTİ-nin futbol komandası III yeri tutub. Final mərhələsində qarşılaşan “Nərimanov” komandası I, “Binəqədi” komandası isə II yerə layiq görülüb.

Paytaxt məktəbliləri Avropa Gənclər Olimpiya Festivalında

Paytaxtımızın ev sahibliyi etdiyi XV Avropa Gənclər Olimpiya Festivalına dəstək məqsədilə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində ümumi təhsil müəssisələrində silsilə tədbirlər həyata keçirilib.

Qeyd edək ki, festivalda 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) Bakı şəhərindən 49 məktəb iştirak edib.

Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında 136 nömrəli tam orta məktəbin X sinif şagirdi Fərid Sadıxlı sərbəst güləş üzrə yarışda ən yüksək nəticəyə – I yerə layiq görülüb.

Paytaxt məktəbinin müəllimi dünya çempionu olub

Bakı şəhəri  306 nömrəli tam orta məktəbin idman müəllimi Sübhan Hümbətov İtaliyada Dünya Koreya Döyüş Sənətlərinə daxil olan Hapkido döyüş növü üzrə keçirilən dünya çempionatında 75 kiloqram çəki dərəcəsində I yerə çıxaraq dünya çempionu adını qazanıb, qızıl medala layiq görülüb.

Paytaxt məktəblilərinin Respublika çempionatındakı uğurları

Məktəblilər arasında keçirilən respublika çempionatında voleybol və basketbol idman növləri üzrə I yeri Bakı şəhəri 269 nömrəli, basketbol idman növü üzrə III yeri isə Bakı şəhəri 160 nömrəli Klassik gimnaziyanın komandası tutub.

Qalib komandalar Xorvatiyanın Poreç şəhərində və Yunanıstanın Heraklion şəhərində keçirilmiş məktəblərin dünya çempionatında ölkəmizi təmsil edib.

Məktəblilər vətənpərvərlik ruhunda tərbiyə edilir

Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə Azərbaycan  tarixi haqqında həqiqətləri çatdırmaq məqsədilə təhsil müəssisələrində müvafiq tarixi günlərə həsr olunmuş silsilə tədbirlər keçirilib. Həmçinin pedaqoji işçilər  və məktəblilərin  Şəhidlər Xiyabanına və “Ana  fəryadı” abidəsinə ziyarətləri təşkil edilib.

Xocalı faciəsinə həsr olunmuş rəsm sərgisi

Xocalı faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar BŞTİ-nin  tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzləri şagirdlərinin rəsm və əl işlərindən ibarət sərgi təşkil edilib.

Paytaxt məktəbliləri Formula 1 tədbirlərində

Paytaxt məktəbliləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Pri yarışları ilə bağlı tədbirlərdə maraqlı proqramla çıxış ediblər.

Tədbirlərdə ümumi təhsil müəssisələri “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində müxtəlif Avropa ölkələrini təmsil edib, həmin ölkələrin maddi-mənəvi irsini nümayiş etdiriblər.

Təmir, tikinti, təchizat

2019-cu ildə BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, mövcud olan 1 məktəbin binası yenilənib, 1 məktəb üçün digər ərazidə yeni bina inşa olunub, ehtiyac olan ərazidə 1 yeni məktəbin inşası başa çatıb və 2 məktəbin köhnə korpusları sökülərək yenidən tikilib.

Eləcə də, 224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb.

2 məktəbin sökülərək yenidən tikintisinə, 2 məktəbin isə korpuslarının sökülərək tikintisinə başlanılıb. Hazırda ehtiyac olan ərazidə 1 yeni məktəbin və 1 məktəb üçün əlavə korpusun tikintisi davam etdirilir.

443 üçtərəfli müqavilə imzalanıb

Təhsil müəssisələrinin maddi-texniki bazasından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlardan istifadə edilməklə, məktəblərdə müxtəlif idman növləri, xarici dil, şahmat, musiqi, rəqs və digər kurslar təşkil edilib. Bakı məktəblərində əlavə dərnəklər, kurslar təşkil etmək üçün 215 üçtərəfli birgə fəaliyyət müqaviləsi imzalanıb.

Həmçinin ali təhsil müəssisəsi tələbələrinin BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində pedaqoji təcrübə keçmələri ilə bağlı 228 üçtərəfli müqavilə imzalanıb.

 86 mindən çox müraciət daxil olub

2019-cu il ərzində BŞTİ-yə 86 651 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 17 099 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 41 495 müraciət daxil olub. 2 445 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

21 082 sənəd (vətəndaşlar tərəfindən 4 595 ərizə, Təhsil Nazirliyindən 2 667, digər qurumlardan 2 667, məktəblərdən 7 491 məktub, 709 strukturdaxili yazışma və  2 953 kadr ərizəsi)  qəbul olunub. Həmçinin 4 530 elektron müraciətə baxılıb.

Bakının 12 inzibati rayonu üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb.

İctimaiyyətlə əlaqələr genişləndirilir

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin həyatında baş ve­rən yeniliklər və İdarənin fəaliyyəti haqqında məlumatların operativ şəkildə icti­maiyyətə çatdırılması istiqamətində işlər 2019-cu ildə də müvafiq qaydada yerinə yetirilib.

BŞTİ-nin fəaliyyəti ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc olunması, media ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə KİV-dən daxil olan sorğular operativ şəkildə cavablandırılıb.

Televiziya kanallarına və digər KİV-lərə reportajların hazırlanması üçün səmərəli şərait yaradılıb. Mətbuat konfransı və pressturlar təşkil olunub. Müvafiq hüquqi-normativ sənədlər ictimaiyyət üçün şərh edilib, BŞTİ rəhbərliyinin və əməkdaşlarının çıxışları və müsahibələri təşkil olunub.

22 iyul Millli Mətbuat Günü münasibətilə BŞTİ-nin təşkilatçılığı ilə jurnalistlərlə görüş keçirilib.

Kütləvi informasiya vasitələri üçün BŞTİ-nin tədris ili və təqvim ili üzrə ümumi fəaliyyətini əks etdirən qısa hesabatlar hazırlanıb.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri arasında “Ən yaxşı məktəb saytı” müsabiqəsi keçirilib. Paytaxtın hər bir inzibati rayonu üzrə qalib gəlmiş  məktəblər İdarə tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Həmçinin paytaxt məktəblərində fəaliyyət göstərən tərbiyə işləri üzrə direktor müavinləri (təşkilatçı) və ümumi təhsil məktəblərinin saytlarını idarə edən şəxslər üçün təlimlər keçirilib. 

Bakı Şəhər Təhsil İdarəsinin Mətbuat Xidməti

Etikxeber.az

 

Read Previous

Akademik Azərbaycanın son 16 ilindən – YAZDI

Read Next

YAP-ın deputatlığa namizədi- FATMA YILDIRIM KİMDİR? – YENİLƏNİB – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir