Bakı Zirvəsi – Zirvə Azərbaycan! – KAMİLƏ ƏLİYEVA YAZDI

Dünyanın BMT-dən sonra üzvlərinin sayına görə ikinci ən böyük beynəlxalq təşkilatı olan  Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Azərbaycanda, paytaxt Bakıda keçirilməsi tarixi hadisə idi.

Məlum olduğu kimi,  cəmi 8 il öncə, 2011-ci ildə ölkəmiz Qoşulmama Hərəkatına üzv qəbul olunmuşdur.

Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində də ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanmışdır. Məhz bu nüfuzun nəticəsidir ki, Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə isə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürü idi.

Ölkəmiz  bu Zirvə Görüşünə də uğurla və layiqincə ev sahibliyi etdi.

Hər zaman olduğu kimi, bu dəfə  də ölkəmiz bütün dünyaya qonaqpərvərliyini, sülpərvərliyini, bəşəriyyəti narahat edən bütün məsələlərin müzakirə olunduğu və oluna biləcəyi bir məkan olduğunu dünyaya nümayiş etdirdi.

Zirvə Görüşünün ilk günündə, açılışında 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak etdilər. Ümumilikdə “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşünə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri qatıldılar. 

Zirvə Görüşünün açılışını edən Qoşulmama Hərəkatına sədrlik edən Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro çıxışında Azərbaycan hökumətinə qonaqpərvərliyə görə təşəkkür edərək,  ölkəsinin sədrliyi dövründə Qoşulmama Hərəkatının böyük inkişaf yolu keçdiyini, dünyada sülhün və təhlükəsizliyin güclənməsinə xidmət göstərdiyini və növbəti üç il üçün sədrliyin Azərbaycana keçdiyini bəyan etmişdir, həmçinin, Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verilmişdir.

Sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev Zirvə Görüşü iştirakçıları qarşısında çox əhatəli, çox məzmunlu və tarixi bir nitq söyləmişdir. Dövlət başçısı çıxışında Zirvə Görüşünü dünya ölkələrininin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının Azərbaycanın yeritdiyi siyasətə verdiyi dəstək kimi qiymətləndirmiş və bu qərara görə  təşəkkürümü bildirmişdir.

zirva-ilya-3

Eyni zamanda, qeyd etmişdir ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq.  Çünki bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür.

Çıxışı zamanı “Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur”-deyən dövlətimizin başçısı çox mühüm bir məqama da toxunaraq bildirmişdir ki,  sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir.

Bu gün çox təəssüflər olsun ki, yaşadığımız dünyada, beynəlxalq aləmdə bu cəhdlər özünü göstərməkdədir.  Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə cəhdləri gözümüzün qarşısındadır, dövrümüzün acı reallığıdır.

Konkret olaraq, 31 ildən artıq bir müddət ərzində işğalçı və təcazüvkar Ermənistan, onu açıq və gizli himayə edən qüvvələr, antiAzərbaycan dairələr tərəfindən ölkəmizə qarşı bu cür cəhdlər edilməkdədir, hər kəsin qəbul etdiyi beynəlxalq hüququn norma və prinsipləri açıq-aşkar tapdalanmaqda, ayaqlar altına atılmaqdadır.

kamila

Odur ki, Azərbaycan Prezidentinin çıxışında bu məsələnin növbəti dəfə dilə gətirilməsi çox vacib və olduqca əhəmiyyətli məqamlardandır. Dövlət başçısı çıxışında növbəti dəfə  Ermənistan-Azərbaycan münaqişəsinə, Ermənistan təcavüzkarlıq siyasətinə geniş yer ayıraraq, bir daha işğalçı ölkəni, onun münaqişənin sülh və danışıqlar yolu ilə həlli prosesinə törətdiyi təxribatçılıq və fintəkarklıq əməllərini  könkret faktlarla, arqumentlərlə ifşa etmişdir.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələbinin yer almasına baxmayaraq,  ölkə başçısı ötən 26 il ərzində həmin qətnamələrin heç birinin  həyata keçirilmədiyini bəyan etmişdir.

Vurğulamışdır ki, bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içində icra edilir, bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir ki, kağız üzərində qalır.

Bu ikili standartlar siyasətinə atıq son qoyulmasına çağırış edən Azərbaycan Prezidenti ali, mötəbər kürsüdən bir baha ölkəmizin haqq səsini ucaldaraq, beynəlxalq birliyi, münaqişənin həlli ilə məşğul olan təşkilatları  təcavüzkar dövlət olan Ermənistanı işğalçılıq siyasətindən çəkindirmiyə, ona ciddi təzyiqlər göstərməyə və işğal faktının aradan qaldırılmasına kömək etməyə  səsləmişdir.

Hesab edirəm ki, bu çağırış, bu bəyanat mütləq şəkildə öz nəticəsini verəcək, günü-gündən ifşa edilərək, ardıcıl siyasi-diplomatik zərbələr alan Ermənistan bir gün sülhə razılaşmağa, Azərbaycanın haqlı və ədalətli tələblərini yerinə yetirməyə məcbur olacaq.

Artıq onun başqa çıxış yolu yoxdur, haqq da, ədalət də bizim tərəfimizdədir. Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır və Azərbaycanın olacaq.

Bütövlükdə bu quruma 3 il müddətində sədrliyin Azərbaycanda olması ölkəmizin beynəlxalq aləmdəki, dünyadakı yerinin, rolunun, çəkinin, nüfuzunun daha da artmasına, möhkəmlənməsinə gətirib çıxaracaq.

Azərbaycan bu tarixi fürsətdən, şansdan istifadə edərək, ölkə həqiqətlərini, reallıqlarını, öz inkişafını dünyaya daha yaxından nümayiş etdirəcək və dünya bir daha Azərbaycanın tərəqqisinə, çiçəklənməsinə, inkişafına şahid olacaq.

Odur ki,  Zirvə Görüşünü olduqca tarixi və böyük siyasi hadisə, ölkəmizin növbəti uğuru hesab edirəm.

Bakı Zirvəsi-Azərbaycanın Zirvəsi oldu.

Bakı Zirvəsi-Zirvə Azərbaycan!

Kamilə ƏLİYEVA,

Millət vəkili, professor, BDU-nun kafedra müdiri

Etikxeber.az

Read Previous

“Bizim çox güclü rəqiblərimiz var idi…” – PREZİDENT – FOTO – YENİLƏNİB

Read Next

Hafiz Paşayev prezidentə müraciət etdi – NAZİR MÜAVİNLİYİNDƏN GETMƏK İSTƏDİYİNİ BİLDİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir