Bakıda gecə klubunda güclü partlayış baş verdi: 1 NƏFƏR ÖLDÜ, 37 NƏFƏR XƏSARƏT ALDI, HADİSƏ İLƏ BAĞLI CİNAYƏT İŞİ BAŞLANDI, TÜRKİYƏ, İSRAİL SƏFİRLƏRİ VƏ Aİ NÜMAYƏNDƏSİ PAYLAŞIM ETDİ-FOTOLAR – YENİLƏNİB – (5)

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhərinin mərkəzindəki gecə klubundakı partlayışla bağlı məlumat yayıb.

Etikxeber.az-ın xəbərinə görə məlumatda deyilir:

“3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub.

Dərhal ərziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən gecə klubu kimi fəaliyyət göstərən obyektdə yanğınla nəticələnən partlayışın baş verdiyi və obyekt daxilində uçqun baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilməyərək qısa müddətdə söndürülüb.

Hazırda obyekt daxilində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

İlkin məlumata əsasən, hadisə nəticəsində ölən və xəsarət alanlar var”.

***

Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda güclü partlayış baş verib.

Bunu “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev deyib.

Baş direktor bildirib ki, hadisə propan qaz balonunun partlaması səbəbindən baş verib.

Təhlükəsizlik məqsədilə ərazidə təbii qazın təchizatı dayandırılıb.

***

Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verən partlayışla bağlı Baş Prokurorluq məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən məlumata görə isə faktla bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılan qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunub.

Partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova). 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri istintaq hərəkətləri davam etdirilir.

İctimaiyyətə əlavə məlumat veriləcək

***

Bakıda gecə klubunda partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir.

Bu barədə də Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.

Hadisə zamanı həyatını itirən şəxs gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundovadır.

“37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib”-deyə, qeyd olunub.

***

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bu gün Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş vermiş partlayışla əlaqədar həmin obyektə gəlib.

Nazirə baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması və ilkin ehtimal olunan səbəbləri barədə yerində ətraflı məlumat verilib.

Kəmaləddin Heydərov partlayışın səbəblərinin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

10:43

***

“Bu gecə Bakıda baş vermiş partlayışa görə, qardaşımız Azərbaycana keçmiş olsun diləklərimizi çatdırırıq. Yaralananlara isə tezliklə şəfa diləyirəm”.

Bunu öz növbəsində Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Twiter səhifəsində yazıb.

10:49

***

“Ötən gecə Bakıda baş vermiş faciəli partlayış məni çox kədərləndirdi. Həlak olanların ailələrinə İsrail xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirəm”.

Bunları isə İsrailin Azərbaycandakı səfiri Corc Dik Twiterdə yazıb.

11:38

***

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko da partlayışla bağlı başsağlığı verib.

Başsağlığında bildirilir ki, dünən axşam saatlarında Bakıda baş vermiş faciəvi partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram:

“Düşüncə və dualarımızla bu faciədən əziyyət çəkənlərin yanındayıq”.

Etikxeber.az

Read Previous

“Vəziyyəti kritik olan xəstələrin yaxınları ilə mütəmadi əlaqə saxlanılır…”-VÜQAR QURBANOV

Read Next

8 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub-DİM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir