Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Bakı şəhərinin Suraxanı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Səbuhi Vahid oğlu Orucovun Anım Günüdür.
Səbuhi Orucovun bu gün Əbədiyyətə uğurlanmasından üç il ötür.
Anım Günü ilə bağlı bu gün səhər saatlarında Bülbülə Şəhidlər Xiyabanında Şəhidin məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.
Məzarını ziyarətdən sonra “Büllur” restoranında Anım mərasimi düzənlənəcək, adına ehsan veriləcək, ruhuna bir daha dualar oxunacaq.
Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, Şəhid ailələri, Qazilər, Suraxanı rayon İcra Hakimiyyətinin məsul şəxsləri, din xadimləri və digər şəxslər iştirak edəcəklər.
Etikxeber.az xəbər verir ki, əslən İsmayıllı rayonundan olan Səbuhi Orucov 1993-cü il yanvarın 20-də Bakı şəhərində, Bülbülə qəsəbəsində dünyaya gəlib.
Ailədə iki övlad, iki qardaş olublar.
Tək qardaşı Fuad Orucov ali təhsillidir və subaydır.
2000-2011-ci illərdə Bülbülə qəsəbində yerləşən 232 və 87 saylı orta məktəblərdə oxuyub.
Orta məktəbi bitirdikdən sonra, 2011-2013-cü illərdə Tərtər rayonunda hərbi xidmət keçib.
Xidməti başa vurduqdan sonra Müdafiə Nazirliyinin Sülhməramlı Taborunda müddətdən artıq hərbi qulluqçu (MAXE) olaraq çalışıb.
İkinci Vətən Müharibəsi zamanı MAXE kimi döyüşlərdə iştirak edib, Füzuli, Cəbrayıl, Laçın, Qubadlı rayonları istiqamətində döyüş, vuruşub.
Adıçəkilən rayonların-bir çox yaşayış məntəqələrinin işğaldan azad olunmasında iştirak edib və 2020-ci ilin oktyabrın 26-da Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.
Nəşi bir gün sonra, oktyabrın 27-də Bülbülə qəsəbə Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Səbuhi həm də subay olub.
Məkanı cənnətlik, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az