“Bakını Abşeronsuz, Abşeron yarımadasız təsəvvür etmək mümkün deyil…Bakı və Abşeron tamdır, vahiddir, ayrılmazdır…”-ZİYAD SƏMƏDZADƏ – MÜSAHİBƏ

Ziyad SƏMƏDZADƏ: “Azərbaycanı Bakısız, Bakını isə Azərbaycansız təsəvvürə, xəyala gətirmək mümkün deyil. Artıq iki əsrə yaxındır ki, Bakı Azərbaycanımızın baş şəhəri, paytaxtı rolunu, funksiyasını çox gözəl və çox müstəsna şəkildə yerinə yetirir…”

Etikxeber.az akademik, Milli Məclisin deputatı Ziyad Səmədzadənin müsahibəsini təqdim edir:

– Ziyad müəllim, Azərbaycan xalqının və dövlətinin tarixində paytaxt Bakının müstəsna rolu və əhəmiyyəti olub və var. Bakıda, onun qədim kəndlərindən biri olan Buzovnada göz açıb böyümüş bir insan, bir ziyalı kimi Bakının keçmişi, dünəni, bu günü və sabahı haqda nələri demək istərdiniz?

-Təbii ki, Azərbaycanın bütün bölgələri, şəhərləri, rayonları, kənd və qəsəbələri hər birimiz, vətəninə, millətinə bağlı olan hər bir azərbaycanlı üçün əzizdir, doğmadır, müqəddəsdir. Hər bir bölgənin öz gözəlliyi, öz müstəsnalığı, özünəməxsusluğu var. Hər biri Azərbaycan xalqının və dövlətinin minilliklərlə ölçülən tarixində öz müstəsna rolları, xidmətləri ilə seçilib, fərqlənib, bu günümüzə gəlib çatıblar. Yəni, hər birinin tariximizdə öz yeri, öz rolu, öz əhəmiyyəti var. Birini digərindən ayırmaq, fərqləndirmək, üstün saymaq tarixilik və ədalətlilik baxımından heç cür düzgün olmazdı. O cümlədən, payxat Bakının da Azərbaycan xalqının və dövlətinin tarixində özünəməxsus yeri var. Azərbaycanı Bakısız, Bakını isə Azərbaycansız təsəvvürə, xəyala gətirmək mümkün deyil. Artıq iki əsrə yaxındır ki, Bakı Azərbaycanımızın baş şəhəri, paytaxtı rolunu, funksiyasını çox gözəl və çox müstəsna şəkildə yerinə yetirir. Bu yerdə xatırladım ki, Azərbaycanın tarixən bir neçə paytaxt şəhəri olub – Qəbələ, Bərdə, Gəncə, Şamaxı, Naxçıvan. Bu şəhərlər də paytaxt kimi öz missiyalarını çox şərəflə və ləyaqətlə yerinə yetiriblər, tariximizə özlərini xidmətləri ilə qızıl hərflərlə həkk etdiriblər. İki əsrdir ki, bu missiyanı Bakımız şərəf və ləyaqətlə daşımaqdadır.

Tarixdən də məlum olduğu kimi, Bakıdan əvvəl Azərbaycanın sonuncu paytaxtı qədim Şamaxı şəhəri olub – Xaqaninin, Nəsiminin, Seyid Əzimin, Abbas Səhhətin, Məhəmməd Hadinin, Mirzə Ələkbər Sabirin, daha neçə-neçə tarixi şəxsiyyətin, mütəfəkkirin vətəni olan Şamaxı. Ancaq bu şəhər seysmik zonada yerləşdiyi, tarixən Azərbaycanda baş verən zəlzələlərin episentri olduğu üçün dəfələrlə burada dağıdıcı zəlzələlər baş vermiş, böyük dağıntılar, insan fəlakətləri yaşanmışdır. Odur ki, 19-cu əsrdə Azərbaycanı ilhaq edən, ikiyə bölən Çar Rusiyası paytaxtın bu şəhərdən başqa yerə köçürülməsi qərarına gəlmiş, ilkin hazırlıqlara başlamışdır. Paytaxtın Xəzərin sahillərində yerləşən, “Küləklər şəhəri” kimi ad çıxaran Badi-Kubəyə, Bakıya köçürülməsi üzərində dayanılmışdı.

Onu da xatırladım ki, Bakı hələ paytaxt olmazdan təxminən yarım əsr əvvəl, 1806-cı ildə Rusiyanın tərkibinə daxil edilmişdir. O vaxt Bakı tarixi İçərişəhərdən və qala divarlarından kənarda tikilmiş azsaylı binalardan ibarət idi. Müqayisə üçün deyək ki, 1807-ci ildə Bakıda 3 min nəfərə yaxın əhali və cəmi 500-ə yaxın ev var idi. XIX əsrin 80-ci illərinə qədər İçərişəhər ikiqat qala divarları arasında idi.Qala divarları vaxtilə 25-30 metr dənizin içərisinə doğru uzanaraq İçərişəhərin qarşısında qapalı liman əmələ gətirmişdi. Bakı yadellilərin diqqətini digər sərvətləri ilə yanaşı, həm də belə əlverişli limana görə cəlb edirdi. Bakı limanının Rusiyadan İrana gedən ticarət yollarının üstündə yerləşməsi bu şəhərin hərbi və strateji əhəmiyyətini artırırdı. O illərdə Bakıda sənayenin inkişafı ilə əlaqədar buraya yaşamağa və çörəkpulu qazanmağa gələnlərin sayı artmağa başlayır və İçərişəhərdən kənarda Bayırşəhərin formalaşması prosesi gedirdi. Odur ki, həm Şamaxıda tez-tez zəlzələlərin yaşanması, həm də qeyd olunan məqamlar nəzərə alınaraq, paytaxt kimi Bakının üzərində fikirlər qətiləşmişdi.

1859-cu il oktyabrın 9-da Şamaxı qubernatoru dövlət idarələrinin Bakıya köçürülməsinə hazırlıq işlərinin başa çatması barədə knyaz Baryatinskiyə raport göndərmiş, bildirmişdi ki, Bakıda quberniya idarələri üçün müvafiq binalar tapılıb, məmurlar üçün lazımi mənzillər icarəyə götürülür. Yalnız belə bir hazırlıq işləri başa çatandan sonra – 1859-cu il dekabrın 6-da Rusiya imperatoru 2-ci Aleksandr fərman imzalamışdı. Fərmanda deyilirdi: “Quberniya şəhəri olan Şamaxıda tez-tez zəlzələ baş verdiyini və Şamaxı quberniyasının quberniya idarələrinin bu şəhərdə saxlanılmasının münasib olmadığını anlayaraq, Biz Qafqazdakı canişinimizin təqdimatına əsasən əmr edirik: 1. İndiki Şamaxı quberniya idarəsi və orada yerləşən bütün quberniya idarələri Şamaxı şəhərindən Bakı şəhərinə köçürülsün; 2.Bakı quberniya şəhəri dərəcəsinə qaldırılsın; 3. Bundan sonra Şamaxı quberniyası Bakı quberniyası adlandırılsın; 4.Şamaxı şəhəri Şamaxı qəzasının qəza şəhəri hesab olunsun”.

Beləliklə, bu fərmanla Bakının taleyi dəyişir. Bundan sonra Azərbaycan Bakı vaxtilə işləməyə, Bakı vaxtilə idarə olunmağa başlayır. Eyni zamanda, qeyd edim ki, Bakını Abşeronsuz, Abşeron yarımadasız təsəvvür etmək mümkün deyil. Çünki Bakı tarixən Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşib və yerləşməkdədir. Bakı və Abşeron tamdır, vahiddir, ayrılmazdır…

– Yeri gəlmişkən, Bakı adının mənşəyi haqqında müxtəlif fikirlər, versiyalar var…

– Elədir, Bakı adının mənşəyi haqda çox müxtəlif versiyalar mövcuddur. Qeyd edim ki, Bakı toponiminin qədimliyi haqqında ilk məlumata İvan Meşaninovun 1927-ci ildə Bakıda nəşr olunmuş “Yegipet i Kavkaz” adlı məqaləsində rast gəlmək olar. Fərziyyəyə görə, e.ə. III minilliyin sonlarına aid edilən “Ölülər kitabı” Misir mifologiyası toplusunda əksini tapmış “Bakhav” toponimi Qafqazda formalaşıb, sözün kökü olan “Baka” – “Günəşin doğulduğu yer” və ya “Səhər şəfəqi” kimi iddia edilir. Bu toponim Böyük Qafqazın şərqində yerləşən Bakı ilə eyniləşdirilir. Bəzi mənbələrə görə, Bakı adına ilk dəfə V-VIII əsr mənbələrində “Baqavan” və ya “Baquan”, “Atşi Baqavan” və ya “Atşi Baqvan”, yəni, “Atəşi Baquan” kimi rast gəlinib. “Baqa” sözün kökü, “an” və “van” isə məkan bildirir. Toponim eramızın VII yüzilində bu ərazidə yaşamış “bakan” tayfası ilə əlaqələndilir, bəzilərinin fikrincə isə “Bakuyə” sözündən götürülüb. Bakının adlarından birinin də fars dilindən yaranan “Badi-Kubə” sözünün birləşməsindən yaranması ehtimal olunur.

Söz farsca “bad” (külək, yel) və “kubidan” (vurmaq, zərbə yetirmək) sözləriylə açıqlanır. Fars dilindən tərcümədə “Küləklər şəhəri” mənası verən bu sözün məhz Bakıya aid olmasını bir çox tarixçilər iddia edir. Azərbaycan xalqının və dövlətinin həyatında müstəsna xidmətləri olmuş məşhur Aşurbəylilər nəslindən olan böyük tarixçimiz, gözəl ziyalımız, professor Sara xanım Aşurbəyli isə Bakının ən qədim adının “Xunsar” olduğunu yazır. Bu yazılışda olan toponimin tərtibi onun 3 min ildən artıq bir dövr ərzində mövcud olduğunu göstərir. Xunsarın mənası “günə sarı”, yəni, “Günəşə doğru çevrilmiş” kimi açıqlanır. Nəzərə çatdırım ki, Bakı şəhərinin ilk rəsmi gerbi 21 may 1843-cü ildə təsdiq olunub. 4 hissədən ibarət qalxanvari lövhənin 1-ci qızılı sahəsində pələng, ikinci qızılı sahəsində yerdən çıxıb alovlanan qaz dilimləri təsvir edilib. Lövhənin bu iki sahəsinin təsviri Rusiyanın Kaspi vilayətinin gerbindən götürülüb. Gerbin göy rəng fonunda olan 3-cü sahəsində yüklü dəvə təsvir olunub. Bu, şəhər sakinlərinin yük daşımaqla məşğul olmalarını simvolizə edir. Gerbin göy rəng fonunda olan 4-cü sahəsində yerə sancılmış lövbər təsvir olunub ki, bu da Bakının yaxşı reydə malik liman şəhəri olmasından xəbər verir.

Bakı şəhərinin ikinci gerbi 16 mart 1883-cü ildə təsdiq olunub. Gerbin qara rəngli qalxanvari lövhəsində üç qızılı rəngli alov təsvir olunub. Qalxan quberniya və şəhər gerblərində işlənən qırmızı rəngli Aleksandr lenti (Knyaz Aleksandr Nevskinin adına təsis edilən ordenin taxıldığı lent) ilə sarınmış iki qızılı sünbüllə əhatə edilib və şəhərlərin gerblərində istifadə edilən üç bürclü qala təsviri ilə bitir. 14 aprel 1967-ci ildə Bakı şəhərinin üçüncü gerbi qəbul edilib. Gerbin ortasında mavi dalğaların üstündə Azərbaycanı “Odlar yurdu” kimi rəmzləndirən üç qızılı rəngli məşəl təsvir olunub. 1975-ci ildə isə həmin gerbə əlavələr edilib. Bakının mövcud gerbinin Əsasnaməsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 29 mart 2001-ci il tarixli sərəncamı ilə təsdiq edilib ki, o, Bakı şəhərinin müasir gerbi onun rəsmi rəmzidir…

Yuxarıda da qeyd etdiyim kimi, Bakı xanlığı (şəhəri) 1806-cı il oktyabrın 6-da çarizm tərəfindən işğal olunmuş, Rusiyanın tərkibinə daxil edilmişdir. Məhz həmin vaxtdan, xüsusilə də, 1859-cu ildə paytaxt Şamaxıdan Bakıya köçrüldükdən sonra Bakıda kapitalist münasibətlərinin inkişaf dövrü başlanmışdı. 1810-cu ildə Bakının ticarət dövriyyəsi 500 min manat idisə, 1827-ci ildə bu, 5205 min manata qədər artmışdı. 1832-ci ildə Bakıda ticarətlə 233 nəfər, 1849-cu ildə isə 322 nəfər məşğul olurdu. Bunların bir qismi (1852-ci ildə 67 nəfəri) fabrik-zavod məmulatı satışı ilə məşğul olurdu. 1840-cı illərin əvvəlində Bakıda 360 ticarət müəssisəsi var idi. 10 aprel 1840-cı ildə təşkil edilmiş Kaspi vilayəti tərkibində mərkəzi Bakı şəhəri olmaqla Bakı qəzası yaradılmışdı. Çar I Nikolayın 1846-cı il 14 dekabr tarixli fərmanı ilə Şamaxı quberniyası yaradıldıqda Bakı qəzası həmin quberniyanın tərkibinə daxil edilmişdi. Şəhərin yüksəliş dövrü isə əsasən Azərbaycanda neft sənayesinin inkişafı ilə bağlıdır.

Belə ki, 1848-ci ildə dünyada ilk neft quyusu məhz Bakı şəhərində qazılmış, 1863-cü ildə Suraxanıda ağ neft zavodu tikilmiş və istismara verilmiş, 1869-cu ildə isə mexaniki üsulla ilk dəfə olaraq ərazidə neft-qaz çıxarılmasına başlanmışdı. Bir qədər öncə də vurğuladığım kimi, 1859-cu il may ayının 29-30-da baş vermiş güclü zəlzələ nəticəsində Şamaxı şəhəri tamamilə dağılmış və Çar II Aleksandrın 6 dekabr 1859-cu il tarixli fərmanı ilə Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülmüş və adı dəyişdirilərək, Bakı quberniyası adlandırılmışdı. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq Bakı şəhərində nəqliyyat əlaqələri də formalaşmağa başlamışdı.1873-cü ildə bir çox zavodların Bakıdan kənardakı boş ərazilərə çıxarılması haqqında sərəncam veriləndə “Qara Şəhər” ərazisində 100-ə yaxın zavod, ticarət müəssisələri və yaşayış yerləri tikilmişdi. 1878-ci ildə Nobel qardaşları tərəfindən Rusiya İmperiyasında ilk olaraq Balaxanıdan “Qara Şəhərə” qədər neft kəməri çəkilmişdi. 1880-ci ildə şəhərdən Sabunçu və Suraxanı mədənlərinə 26 km uzunluğunda və 1883-cü ildə 520 km uzunluğunda Bakı-Tiflis dəmir yolu xətti çəkilmiş,. nəqliyyat vasitələri ilə yanaşı, Bakıda rabitə sahələri də yaranmışdı.

1868-ci ildə Bakı-Tiflis, 1879-cu ildə Bakı-Krasnovodsk (dənizin dibi ilə) teleqraf xətləri, 1886-cı ildə isə şəhərdə ilk telefon xətti çəkilmişdi. 1907-ci ildə isə Bakı-Batumi neft kəməri istifadəyə verilmişdi ki, bütün bunların təsiri nəticəsində artıq 1908-ci ildə Bakı şəhəri Zaqafqaziya ümumi sənaye məhsulunun 91,6%-ni verirdi. 1917-ci il Rusiya inqilablarından sonra Azərbaycanda ictimai-siyasi həyat dəyişmiş və Bakı Sovetinin hakimiyyəti ələ alması ilə nəticələnmişdi. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və “Daşnaksütyun”dan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı qırğın törətmişdilər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Azərbaycan xalqına qarşı amansızlığı ilə seçilən erməni cəlladı Stepan Şaumyan 1918-ci il aprelin 25-də Bakı Xalq Komissarları Soveti adlı hökumət yaratmış, Bakı Soveti özünü Bakı quberniyası və Dağıstanda Sovet Rusiyası hökumətinin yerli hakimiyyət orqanı elan etmişdi.

1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu ilə Bakı Kommunası və Sentrokaspi Diktaturası qüvvələri arasında Bakı döyüşü baş vermişdi. Sonradan döyüşə Böyük Britaniya, Ermənistan və Rusiya qüvvələri də qoşulmuş və bu döyüş Qafqaz kampaniyasının son döyüşü olmuşdu. Lakin Bakı döyüşü ilə gərginlik bitməmiş və hadisələr Azərbaycan-Ermənistan müharibəsi ilə davam etmişdi. Bakının erməni-daşnak işğalında olması səbəbi ilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, Milli Şura paytaxt kimi müvəqqəti olaraq Gəncə şəhərində yerləşmişdi. 1918-ci ilin 15 sentyabrında isə Qafqaz İslam Ordusu tərəfindən Bakının işğalına son qoyulmuş və paytaxt yenidən Gəncədən Bakıya köçürülmüşdü.

Qeyd edim ki, həmin vaxtdan 15 sentyabr tarixə qızılı hərflərlə Bakının işğaldan azad olunduğu gün kimi düşmüş və ötən ilin sentyabr ayının 15-də Bakı şəhərində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakının işğaldan azad edilməsinin 100 illiyi çox möhtəşəm şəkildə, Paradla qeyd olunmuşdu.


– Ziyad müəllim, Bakı həm də tarixən Xəzər dənizi və zəngin nefti ilə ad çıxarmış, tanınmışdır. İstərdik ki, bu barədə daha geniş şəkildə fikirlərinizi bildirəydiniz.

– Bu haqda bir qədər əvvəl ötəri də olsa, danışmışdım. Bir daha qeyd etmək istəyirəm ki, XIX əsrin sonlarında Azərbaycanın neft sənayesində yeni bir inkişaf mərhələsi başladı. Bu dövrdə neft sənayesində fəaliyyət göstərən 167 sahibkarın 49-u azərbaycanlı idi. Yeni mərhələdən başlayaraq neft sənayesinin inkişafında milli neft milyonçularının – Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Seyid Mirbabayevin fəaliyyəti genişlənməkdə davam etdi. 1874-cü ildə Bakıda ilk səhmdar neft şirkəti – “Bakı neft cəmiyyəti” yaradıldı. Ümumiyyətlə, Azərbaycanda neft sənayesi milliləşdirilənədək 109 səhmdar cəmiyyəti fəaliyyət göstərirdi. Onlardan 72-si rus kapitalına (240 mln. rubl) və 37-si ingilis kapitalına (100 mln. funt-sterlinq) məxsus idi. Nobel qardaşlarının neft sənayesinə qoyduqları kapital 30 mln. rubl təşkil edirdi. O dövrün ən varlı neft sənayesi sahibkarlarından olan mesenat İsa bəy Hacinskinin “Hacı-Çeleken” neft şirkətinin neft sənayesinə kapital qoyuluşu 1,25 mln. funt-sterlinq təşkil edirdi. Neft sənayesinin milliləşdirilməsi ərəfəsində Azərbaycanda 270 neft istehsal edən müəssisə, neft quyuların qazılması ilə məşğul olan 49 orta və kiçik firmalar, neftin emalı ilə məşğul olan 25 firma, 100-dən artıq mexaniki sexlər, təmir emalatxanaları və s. fəaliyyət göstərirdilər. Bu mərhələnin sonuncu illərində neft sənayesində ağır vəziyyət yaranmışdı (müharibə, inqilabi hərəkat və s. nəticəsində) və neft hasilatı kəskin surətdə azalmışdı.

Neft sahəsində ikinci mərhələ 1920-ci ildə Azərbaycanda neft sənayesinin milliləşdirilməsindən sonra başlamış və 1949-cu ildə açıq dənizdə “Neft Daşları” yatağının kəşfi dövrünü əhatə etmişdi 1921-ci ildə neft hasilatı azalaraq 2,4 mln. tona enir. II mərhələdə axtarış-kəşfiyyat işlərinin genişləndirilməsi ilə əlaqədar Azərbaycanda bir sıra yeni neft yataqları (xüsusilə Qala, Buzovna-Maştağa və s.) aşkar edilib istismara verilmiş və neft hasilatı 1941-ci ildə 23,6 mln. tona çatdırılmışdı ki, bu da o dövrdə SSRİ-nin neft hasilatının 76%-ni təşkil edirdi. Bununla əlaqədar S.A.Vəzirov “Azneftkombinatın” rəisi, R.H.İsmayılov (“Azneftzavodlar” birliyinin rəisi), B.Q.Baba-zadə (“Əzizbəyovneftin” baş geoloqu), R.Rəhimov (qazma ustası) Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən ilk neftçilər olmuşdular. 1941-1945-ci illərdə müharibə dövründə neft avadanlıqlarının və neftçi mütəxəssislərin SSRİ-nin şərq rayonlarına (Tatarıstan, Türkmənistan, Başqırdıstan və s.) köçürülməsi ilə əlaqədar Azərbaycanda neft hasilatı 11,1 mln. tona düşmüşdü.

Onu da bildirim ki, Böyük Vətən müharibəsində qələbənin əldə edilməsində Bakının və Bakı neftinin böyük rolu olmuşdu. Heç təsadüfi deyil ki, Hitler Bakının işğalına xüsusi önəm verərək, bunun üzərində xeyli çalışmışdı. Hətta arxiv sənədlərindən də məlumdur ki, Bakının işğalı ilə bağlı Hitlerin özünün qatıldığı məclidə üzərində Bakı şəhəri, Xəzər dənizi əks olunmuş tort da kəsilmişdi. Bunu da hər kəs elə bilirəm ki, ekranlardan izləyib, bu, tarixi faktdır və bu, Bakının, Bakı neftinin nə qədər önəmli rol oynamasından xəbər verir. Amma Hitlerin və faşist Almaniyasının arzusu və istəkləri gözündə qoyularaq, Bakı neftinin və qəhrəman Bakı neftçilərinin də yaxından və müstəsna köməyi sayəsində Hitler Almaniyası üzrərində tarixi qələbə qazanılmışdı. Amma təəssüflər olsun ki, Bakının və Bakı neftçilərinin tarixi xidməti, qəhrəmanlığı keçmiş SSRİ rəhbərliyi tərəfindən lazımınca qiymətləndirilməmişdi, yəni tam haqqı çatsa da, Bakıya “Qəhrəman şəhər” adı verilməmişdi…

Bununla belə, 7 noyabr 1949-cu ildə Neft Daşlarında 942 m dərinlikli 1№-li quyu (Qala lay dəstəsindən) gündə 100 t hasilatla istismara daxil olmuş və dənizdə neftçıxarmanın əsasını qoymuşdu. Yataq üzrə ilk geoloq Ağa Qurban Əliyev olmuşdu. Bu istiqamətdə üçünü mərhələ 1950-ci ildə “Neft Daşları” yatağının istismara verilməsi ilə Azərbaycanda dəniz neft sənayesinin inkişafı ilə başlanmış və bu, 1969-cu ilə kimi davam etmişdi. Bu mərhələdə dəniz geoloji-kəşfiyyat işləri genişlənmiş, bir sıra neft və qaz yataqları aşkar edilib istismara verilmiş (Qum-dəniz, Səngəçal-Divannı-dəniz-Xərə-Zirə adası, Bahar, Bulla-dəniz, Darvin küpəsi, Palçıq pilpiləsi və s.), dəniz qazma işlərinin (o cümlədən axtarış-kəşfiyyat qazmasının), hidrotexniki neft qurğularının tikilməsinin texnika və texnologiyası, dənizdə neftçıxarmanın infrastrukturu inkişaf etdirilmişdi. Bu mərhələdə quru sahələrində də bir sıra yeni neft və qaz-kondensat yataqları aşkar edilib istismara verilmişdi (Kürovdaq, Mişovdaq, Kürsəngə, Qarabağlı, Qalmaz, Qaradağ və s.). Bu dövrdə əsasən “Neft Daşları”nın və digər yataqların intensiv surətdə işlənilməsi və istismarı həyata keçirilmişdi. Dünya təcrübəsində ilk dəfə açıq dənizdə estakada dirəkləri üzərində dəniz mədəni tikilmişdi. Burada kompleks mühəndis və elmi-texniki tədbirlərin tətbiqi nəticəsində külli miqdarda kapital qoyuluşuna, metala qənaət edilərək yüksək əmək məhsuldarlığına, neftin hər bir tonunun maya dəyərinin aşağı düşməsinə nail olunmuşdu.

Neft sahəsində dördüncü mərhələ isə təbii ki, 1969-cu ildən başlanmışdı. Həmin ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesi də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoymuşdu ki, bu da ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edirdi. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin, xüsusilə dəniz neftinin hasilatının inkişaf tarixində yeni mərhələ başlamışdı. 1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi (İB) yaranmış və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərdə Azərbaycan neftçilərinin dəniz şəraitində iş aparmaq təcrübəsini nəzərə alaraq, Xəzərin bütün sektorlarında (həmin ildən Xəzər sektorlara bölündü) geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etmişdi. Bu tarixə kimi Xəzər dənizində istifadə olunan texniki vəsait yalnız dənizin dərinlikləri 40 m-ə qədər olan sahələrində işləməyə imkan verirdi. Həmin dövrdə Xəzərin Azərbaycan sektorunda 40 m-ədək dərinlikdəki perspektivli sahələrdə, demək olar ki, bütün neft-qaz yataqlarının hamısı aşkar olunmuşdu. Dənizdə neft və qazın hasilatının artırılması daha böyük dərinliklərdə yatan neft və qaz yataqları ilə bağlı idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində 70-80-ci illərdə Azərbaycana 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirilmişdi. Xəzərdə 2500 t gücündə “Azərbaycan” kran gəmisi işə başlamışdı. Bundan başqa, ilk vaxtlarda dənizin 70 m dərinliyində olan sahələrdə geoloji-kəşfiyyat işləri aparmaq üçün “Xəzər” tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən “Şelf” tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yaranmışdı.

Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yatağı kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artdı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. t-a (şərti yanacaq) çatdırılmışdı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən, dənizin 80-350 m dərinliklərində yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu (Günəşli, Çıraq, Azəri və b.). Bu dövrdə dünyada analoqu olmayan Dərin Dəniz Özülləri zavodunun Azərbaycanda, Bakıda tiklməsi üçün o zaman Sovetlər məkanında 450 mln. ABŞ dollarının ayrılması, bunun üçün belə bir icazəni alınmasına nail olunması (bu zavodun Həştərxanda tikilməsi nəzərdə tutulmuşdu) məhz Heydər Əliyevin möhkəm iradəsinin və cəsarətinin nəticəsi idi. Beşinci mərhələyə gəlincə, bu, SSRİ-nin dağılması, müstəqillik dövrünü və Azərbaycanın yeni tarixini əhatə etməklə “Yeni neft strategiyası”nın yaranması, 1994-cü il sentyabrın 20-də imzalanmış tarixi “Əsrin müqaviləsi” ilə səciyyələnmişdi.

Ötən 25 il ərzində də Bakı, Xəzər neftinin Azərbaycan xalqının və dövlətinin tarixində, həyatında, inkişafında hansı rol oynadığı hər kəsə yaxşı məlumdur. Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, TANAP, Cənub Qaz Dəhlizi və sair və ilaxır, bunlar hamısı Bakı neftinin, Xəzərin sayəsində ərsəyə gəlmişdir. Eyni zamanda, çox qürurvericidir ki, Bakı nefti, Xəzərin neft-qaz resursları nəinki Azərbaycanın, bütövlükdə regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas aktyor rolunu oynamaqdadır.

13:00

(Davamı var)

Müsahibəni apardı:

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Azərbaycan-Türkiyə-Pakistan müttəfiqliyi qarşısıalınmaz bir prosesdir, kimsə də buna mane, əngəl ola bilməyəcək-ELDAR İBRAHİMOV ŞUŞA VƏ BAKI BƏYANNAMƏLƏRİNDƏN YAZDI

Read Next

Şəhid Kərəm Veyisovun anası nəyə görə Müdafiə nazirinə-MÜRACİƏT ÜNVANLADI?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir