“Balam balasının üzünü heç doyunca görmədi…”-ŞƏHİD ANASI VƏ ŞƏHİD BACISI SƏNUBƏR ƏKBƏROVA – FOTOLAR

Daha bir İkinci Vətən Müharibəsi iştirakçısı, daha bir İkinci Qarabağ Savaşı Qəhrəmanı, daha bir Vətən sevdalısı…

Daha bir Vətən fədaisi, daha bir Nur üzlü Şəhidimiz…

Əslən Ağdam rayonunun Eyvazxanbəyli kəndindən olan Yevlax doğumlu Həsən Raqub oğlu Əkbərov…

Həsən 1997-ci il sentyabrın 20-də sadə bir ailədə anadan olub…

Ailənin 3 övladından, iki qardaşdan biri olub…

Atalarını bir neçə il öncə itiriblər…

Anaları, əslən Kəlbəcərli Sənubər xanım onlara həm ana, həm də ata olub…

Onları minbir əzab-əziyyətlə böyüdüb, boya-başa çatdırıb…

Həsən 2003-2014-cü illərdə orta məktəbdə oxuyub…

2015-2016-ci illərdə həqiqi hərbi xidmətdə olub, Vətənin keşiyində dayanıb…

İkinci Vətən Müharibəsindən öncə ailə həyatı qurub, Uğur adlı oğlan övladı dünyaya gəlib…

İkinci Vətən Müharibəsi zamanı isə cəmi bir ayın hərbçisi-MAXE-si kimi döyüşlərə atılıb…

Və elə müharibənin ilk günündə, 27 sentyabr tarixində Kəlbəcər uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub, canını Vətən yolunda fəda edib…

23 yaşının tamamından cəmi bir həftə sonra Şəhidlik məqamına ucalıb…

Nəşi “Stansiya Mingəçevir” adlanan ərazidə yerləşən qəbiristanlıqda dəfn olunub, Əbədiyyətə uğurlanıb…

Həmin qəbiristanlıqda hazırda 4 İkinci Vətən Müharibəsi Şəhidi uyuyur…

Şəhidliyindən sonra medallarla, o cümlədən “Vətən uğrunda” “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub…

Həsən həm də Şəhid ailəsindəndir…

Belə ki, dayısı Pənah Quliyev də Şəhiddir…

O, Birinci Qarabağ Savaşında, 1993-cü ildə, 39 yaşında Şəhidlik məqamına ucalıb…

Pənah da ailəli olub…

Bir ailə və iki Şəhid…

Dünən, 18 mart tarixində Şəhid anası və Şəhid bacısı Sənubər xanımla, Sənubər Həsənova ilə Mingəçevir şəhər Şəhidlər Xiyabanında tanış oldum…

Mingəçevirin sonuncu Şəhidi, əslən Ağdamlı Elmin Əlizadənin Cənnətdəki ilk ad gününə, Şəhidlər Xiyabanını ziyarətə gəlmişdi…

Qısa da olsa, ayaqüstü söhbətləşdik, dərdləşdik…

Qardaşının məzarını ziyarət etdik…

Sənubər xanıma və Əkbərovlar ailəsinə başsağlığı verdim, Allahdan səbr dilədim, “Şəhidimizin, Şəhidlərimizin məkanları cənnətlik olsun! Ruhları qarşısında baş əyirəm!”-dedim…

Şəhid anası, Şəhid bacısı isə “Mənim üçün danışmaq çox çətindir…29 il öncə qardaşımı itirdim, 2 il öncə isə oğlumu Şəhid verdim…Bir ana, bir bacı üçün bunlar çox ağır dərddir, çox ağır yükdür…Oğlumun hazırda Uğur adlı balası böyüyür…Atası Şəhid olmazdan bir az əvvəl dünyaya gəlmişdi…Balasının üzünü heç doyunca görmədi balam (Gözləri dolur)…İndi Uğurla ovunuram, onunla təsəlli tapıram”-deyir…

Allah bir daha səbrini versin-Şəhid anasının, Şəhid bacısının!

Qardaşı da, balası da məzarlarında rahat uyusunlar, Nur içində yatsınlar!

Amin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

ABŞ prezidenti Ukrayna ilə bağlı sammitdə iştirak üçün-BRÜSSÜLƏ GEDƏCƏK

Read Next

Yağıntılı hava şəraiti martın 25-dək-DAVAM EDƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir