Banklar məsələsi yenidən MM-in gündəmində-AYDIN MİRZƏZADƏ KREDİTLƏRİN ÖDƏNİŞ MÜDDƏTLƏRİNİN UZADILMASINI, RÜFƏT QULİYEV FAİZ DƏRƏCƏLƏRİNİN AŞAĞI SALINMASINI TƏKLİF ETDİ, ƏLİ MƏSİMLİ İSƏ ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRLƏ BAĞLI MƏSƏLƏNİ QALDIRDI… – YENİLƏNİB – (3)

Əmanətlərin qaytarılmasının təmin edilməsi qaydası dəyişir.

Etikxeber.az-ın məlumatına görə, bu, Milli Məclisin (MM) bu gün keçirilən iclasının gündəliyinə daxil edilən və birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əskini tapıb.

Qanun layihəsinə əsasən, Mülki Məcəllənin 950.1-ci maddəsində Nizamnamə kapitalında iştirak paylarının və ya səhmlərin əlli (50) faizindən çoxunun Azərbaycan Respublikasına və ya bələdiyyələrə mənsub olduğu bank tərəfindən fiziki şəxslərin əmanətlərinin qaytarılması üzrə subsidiar məsuliyyət haqqında müddəanın çıxarılması təklif olunur.

Qeyd edək ki, hazırda bank əmanətləri “Əmanətlərin sığortalanması haqqında” qanun əsasında yaradılmış əmanətlərin sığortalanması sistemi vasitəsilə icbari qaydada sığortalanır və bankların defolt halında Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya olunur.

Məlum olduğu kimi, Mülki Məcəllə 2000-ci ildən qüvvəyə minib və qanunvericilikdə əmanətlərin icbari sığortalanmasına dair tələb müəyyən edildikdən sonra nəzarət zərfi dövlətə məxsus banklar üzrə Azərbaycan dövlətinin subsidiar məsuliyyəti aradan qaldırılmayıb.

Öhdəliklər üzrə subsidiar məsuliyyət müəyyən edən Mülki Məcəllənin 453-cü maddəsinə əsasən, əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər.

Sonra qanun layihəsi səsverməyə çıxarılaraq, birinci oxunuşda qəbul edilib.

***

“Əmanətlərin tam sığortalanması ilə bağlı qanunun qüvvədə olduğu 4 il 9 ay müddətində bu qanun öz hədəflərinə nail olub”.

Bunu isə iclasda “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, bununla belə, bu mexanizmdən çıxış istənilən halda vacibdir:

“Bu qanun layihəsinin qüvvədə olduğu illərdə bankların sağlamlaşdırılmasına nail olundu. Eyni zamanda 43 min əmanətçiyə 1,3 milyard manat əmanət qaytarıldı. Banklara inam artıb. Bu mexanizmdən çıxdıqdan sonra artıq 100 min manat limit müəyyən ediləcək. Azərbaycanda 100 mindən çox olan əmanətlərin sayı elə də çox deyil. Deməli, bu mexanizmdən çıxdıqdan sonra da qorunan əmanətlərin sayı kifayət qədər olacaq. Qorunan əmanətlərin məbləğinə görə Azərbaycan dünyada yüksək yerlərdən birini tutur. Qanuna edilən yeni dəyişikliyə əsasən, fiziki şəxslərin də banklarda olan 20 min manata qədər əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunacaq. Bu, çox mühüm yenilikdir. Yeni qanun layihəsi həm də depozit hesablarında olan vəsaitin tam sığortalanmasını təklif edir. Bu mexanizmdən çıxmaqla, bankların da məsuliyyəti artacaq, eyni zamanda iri əmanətçilərin banklar üzərində nəzarəti də artacaq”.

***

“Əmanətlərin tam sığortalanması ilə bağlı qanuna təklif edilən dəyişikliklər makroiqtisadi sabitliyin və maliyyə sabitliyinin möhkəmlənməsinə kömək edəcək”.

Bunu da iclada çıxışı zamanı MM-in komitə sədrinin müavini Əli Məsimli deyib.

Ə. Məsimli bildirib ki, banklarla Milli Məclisin dialoqunun keçirilməsini uzun illərdir təklif edirlər:

“İki gün əvvəl bu dialoq Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin Mərkəzi Bankın rəhbərinin iştirakı ilə keçirilən iclasında təmin edildi. Banklarda bürokratik məqamlar var. Şəhid ailələri və qazilərlə bağlı da bu məqamlar var, yaxşı olardı ki, banklar bu məqamları aradan qaldırsın”.

O, qeyd edib ki, qorunmayan əmanətlərlə bağlı məsələlərə də baxmaq lazımdır:

“Bu məsələyə baxılmalıdır. Qorunmayan əmanətlərlə bağlı məsələ də yaxşı olardı ki, qanunda nəzərdə alınsın. Eyni zamanda məzənnə dəyişən zaman qorunan və qorunmayan əmanətlərə bunun necə təsir edəcəyi də nəzərə alınmalıdır. Əmanətlərin çoxu 6-12% arasında qəbul edilir. Bəziləri yüksək faizlə bunu qəbul edir. Bunun da aqibəti nəzərə alınmalıdır. İkincisi, işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi ilə bağlı sandıqlarda olan pulları çıxarmaq vaxtıdır. Bu işdə bütün yükü dövlətin üzərinə atmaq olmaz. Burada bir sıra mexanizmlər işlənib hazırlanmalıdır. Yazda biz yenidən bu sənədə baxmalı, yeni təklifləri qanunda nəzərə almalıyıq”.

***

Millət vəkili Aydın Mirzəzadə isə banklarla vətəndaşlar arasında zaman-zaman yaranan və yaşanan problemlərə toxunub.

Qeyd edib ki, xüsusilə, ev, mənzil məsələsində banklar həssas olmalıdırlar, mənzil sahiblərinin ehtiyatsız addımlarının ağırlığını onların övladları daşımamalıdır.

Millət vəkili bu yöndə ona vətəndaşlar tərəfindən dəfələrlə müraciətlər edildiyini və həmin müraciətlərlə bağlı banklarla müzakirələr apardığını diqqətə çatdırıb.

Bildirib ki, hətta bir dəfə Prezidentin köməkçisi Şahmar Mövsümova müraciət edib:

“Mən Şahmar müəllimə minnətdarlığımı bildirmək istəyirəm ki, müraciətimə müsbət cavab verdi. Hesab edirəm ki, banklar artıq bir çıxış yolu tapmalıdır, vətəndaşları nazarızı salmamalıdır, kredit ödənişlərinin vaxtını uzatmalıdır. Çünki heç bir vətəndaşımız ödəniş ödəməkdən imtiana etmir, sadəcə, müddətin uzadılmasını istəyirlər. Ona görə də xahiş edirəm ki, bu məsələ ilə bağlı bank sektoru ilə müzakirələr aparılsın və bir çıxış yolu tapılsın”.

***

Millət vəkili Rüfət Quliyev öz növbəsində faiz dərəcələrinin yüksək olmasından narazılığını bildirib.

Qeyd edib ki, bu faizlərlə ölkədə sahibkarlığı inkişaf etdirmək mümkün deyil:

“Bu cür yüksək faizlərlə müsbət nəsə əldə etmək çətindir. Xüsusilə də, sahibkarlığın inkişf etdirilməsi məsələsində”.

Millət vəkili bildirib ki, Qarabağ regionunun dirçəldilməsi üçün kifayət qədər pul, investisiyalar qoyulması lazımdır:

“Bu yükü niyə dövlətin boynuna qoyaq? Xaricdə yaşayan milyonlarla azərbaycanlı var ki, Qarabağa investisiya qoymaq istəyir. İstənilən bank sahibinə faizlərin çox olmasını irad bildirəndə depozit faizlərinin 10% olduğunu deyirlər. Bu, çox yaxşı, amma bank kreditlərinin faizi çox yüksəkdir”.

R. Quliyev bildirib ki, bank faizləri barəsində ciddi konsepsiya işlənməlidir:

“Elə etməliyik ki, bizim sahibkarlar, o cümlədən Qarabağ regionuna vəsait qoymaq istəyən vətəndaşlar az faizlərlə bunu edə bilsinlər”.

Müzakirələrdən sonra həm sözügedən, həm də “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu layihəsi birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, əmanətlərin tam sığortalanmasının müddəti uzadılır.

Belə ki, Azərbaycanda 2016-cı ilin martın 4-də qüvvəyə minmiş və müddəti iki dəfə uzadılmış “Əmanətlərin tam sığortalanması haqqında” qanun bu ilin dekabrın 4-də qüvvəsini itirib.

Layihəyə əsasən, qanunun müddətinin gələn il aprelin 5-dək uzadılması təklif olunur.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Ermənilər torpağın üstündə deyil, altında artır…”-STM-İN RƏHBƏRİ YAZDI

Read Next

MM-in iclası: SPİKERİN ÇIXIŞI ALQIŞLARLA QARŞILANDI, SAHİBƏ QAFAROVA DEPUTATLARI YAŞAT-A VƏSAİT KÖÇÜRMƏYƏ ÇAĞIRIŞ ETDİ, MİLLƏT VƏKİLLƏRİ YENİDƏN GÜLMƏMMƏDOVA ETİMAD GÖSTƏRDİ, ANIM VƏ ZƏFƏR GÜNLƏRİ İLƏ BAĞLI ƏMƏK MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİK EDİLDİ – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir