Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə diqqətli olmağı tövsiyə etdi

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftə sonu və müqəddəs Qurban bayramı ilə əlaqədar bölgələrə və regionlardan paytaxt istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin hərəkətində intensivlik müşahidə olunmasını nəzərə alaraq sürücülərə müraciət ünvanlayıb.

İdarədən Etikxeber.az-a bildiriblər ki, müraciətdə sürücülərə bu günlərdə son dərəcə diqqətli olmaları, yol hərəkəti qaydalarına ciddi əməl etmələri tövsiyə edilir. Xüsusən qaranlıqda yola çıxanlardan xahiş edilir ki, yorğun və yuxulu olarkən sükan arxasına keçməsinlər. Yolboyu yuxu və yorğunluq hiss etdikdə Dövlət Yol Polisinin istənilən stasionar postunda avtomobili saxlayıb qısamüddətli istirahət etmək mümkündür.

BDYPİ xüsusi olaraq sürücülərin diqqətinə çatdırır ki, qaranlıqda yol hərəkətinin digər iştirakçılarının diqqətini yayındırmamaq və qəza şəraiti yaratmamaq üçün işıq cihazlarından düzgün istifadə etmək lazımdır. İşıqlandırılmayan yollarda qarşıdan gələn nəqliyyat vasitəsinə 150 metr qalmış uzaq işıqları yaxın işıqlara keçirməyi unutmayın. İşıqlandırılan yollarda isə uzaq işıqlardan istifadə qəti qadağandır.

Müraciətdə qeyd olunub: “Baş Dövlət Yol Polisi İdarəsi xüsusi olaraq sürücülərdən yol və hava şəratini nəzərə almağı, ərazidəki sürət həddinə əməl etməyi, ötmə-manevr qaydalarını pozmamağı tövsiyə edir. Qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxmaq və digər bu kimi hallar ağır nəticələrə səbəb ola bilər. Son vaxtlar baş verən ağır yol-nəqliyyat hadisələrinin əksəriyyəti məhz sürət həddinin aşılması, ötmə-manevr qaydalarının pozulması və qarşı yola çıxılması ucbatından baş verir.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri Qurban bayramı münasibətilə təbrik edir, kəsilən qurbanların, edilən duaların Uca Yaradan tərəfindən qəbul olunmasını diləyir”.

Etikxeber.az

Read Previous

Bakıda qurbanlıq heyvanların satış yarmarkalarının ünvanları açıqlandı

Read Next

“Səfirlikdə himnimiz çalınarkən maraqlı və qürurverici bir məqamın şahidi oldum”- Deputat

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir