Baş Prokuror-BƏYANAT VERDİ… – YENİLƏNİB

Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev bəyanatla çıxış edib.

Baş Prokurorluqdan Etikxeber.az-a daxil olan bəyanatda qeyd olunur ki, sentyabr ayının 27-dən Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasına qarşı başlanmış təcavüz davam edir. Azərbaycan Ordusu tərəfindən əks tərəfə tutarlı cavablar verilməklə mühüm yaşayış məntəqələri və strateji yüksəkliklər azad edilib:

“Buna cavab olaraq qondarma “Dağlıq Qarabağ Respublikasının prezıdenti” Arayik Arutunyanın tapşırığı əsasında bu gün, 4 oktyabr 2020-ci il tarixdə saat 10 radələrində Cenevrə konvensiyasının tələbləri pozularaq cəbhə zonasından kənarda yerləşən Azərbaycan Respublikasının ikinci böyük şəhəri, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə şəhəri raket və top mərmilərindən atəşə tutulub.

Əldə olunan məlumata əsasən Gəncə şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olub, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulub. Dəymiş ziyanın məbləği hadisə yerində fəaliyyət göstərən Baş Prokurorluğun əməliyyat-istintaq qrupu tərəfindən baxış keçirilməklə və digər zəruri istintaq hərəkətləri yerinə yetirməklə dəqiqləşdirilir.

İlkin araşdırma ilə qeyd olunan fakt üzrə qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyan tərəfindən Cenevrə konvensiyasının tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanmışdır. Buna görə də tərəfimdən Arayik Arutunyanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Bəyan edirəm ki, “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyan və həmin qanunsuz qurumun digər hərbi-siyası rəhbərlərinin sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətləri törətmələri ilə bağlı cinayət məsuliyyətinə cəlb olunması üçün zəruri tədbirlər görülməkdədir. Bununla bağlı bütün beynəlxalq qurumlara müraciət edilməsi təmin ediləcəkdir.

Tərəfimdən bir daha bəyan edirəm ki, təxribat xarakter daşıyan cinayət əməllərin, döyüş bölgəsinə aid olmayan yaşayış məntəqələrinin, şəhərlərin, o cümlədən mülki infrastruktur obyektlərinin Ermənistan tərəfindən atəşə tutulması dərhal dayandırılmalıdır”.

15:33

***

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev MDB iştirakçı dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının katibi L.V.Yermolayev, Beynəlxalq Prokurorlar Assosiyasiyasının prezidenti Çul-ku Vanq və baş katibi Han Moral, BMT-nin İnsan hüquqları üzrə Ali komissarı Mişel Başle, Avropa Şurası İnsan Hüquqları üzrə Ali Komissarı Dunya Miyatoviç, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Baş katibi Hadi Sulemanpur və Türk Şurasının Baş katibi Baqdad Amreyevə rəsmi müraciət edib.

Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, müraciətlərdə bildirilib ki, 30 ildən artıq Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayonunun Ermənistan tərəfindən işğalı və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarını tərk edib, BMT Təhlükəsizlik Şurasının işğal altında olan ərazilərimizdən erməni hərbi birləşmələrinin qeyd-şərtsiz və dərhal çıxarılmasına dair dörd qətnaməsi bu günə qədər icra edilməyib.

Baş prokuror nəzərə çatdırıb ki, bu ilin sentyabrın 27-dən başlayaraq Ermənistan tərəfindən atəşkəs rejimi kobud şəkildə pozulmaqla hücum edilib, dinc Azərbaycan əhalisinin sıx yaşadığı ərazilər ağır artilleriyadan atəşə tutularaq mülki əhali arasında xeyli sayda itkilərə səbəb olub. Hərbi aqressiyanın qarşısını almaq və dinc mülki əhalini müdafiə etmək məqsədi ilə Azərbaycan Respublikasının Silahlı qüvvələri tərəfindən əks-hücum tədbirləri görülüb. Son iki gündə işğalçı ölkənin silahlı qüvvələrinin ikinci ən böyük şəhəri – münaqişə zonasından uzaqda olan Gəncə və Beyləqan şəhərlərinin raket və mərmilərlə atəşə tutulması nəticəsində 3 nəfər mülki şəxs həlak olub, 34 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, çoxsaylı yaşayış evlərinə və şəhərin infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib. Həmin cinayət əməlləri barəsində “facebook” sosial şəbəkəsindəki səhifəsi vasitəsi ilə öncədən anons etmiş qanunsuz “Dağlıq Qarabağ Respublikası”nın başçısı Arayik Arutunyan barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir: “Döyüş şəraitində mümkün olan bütün istintaq tədbirlərini həyata keçirən əməkdaşlarımız sırasında fəaliyyət göstərən Ozal Həsənov ağırdərəcəli bədən xəsarəti alması nəticəsində cərrahi müdaxiləyə zərurət yaranıb”.

Müraciətdə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb ki, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın ərazisində yerləşən və böyük su hövzəsinin önündə dayanan Mingəçevir su elektrik stansiyasının dambasına zərbələrin endiriləcəyi barədə məlumatlar yayması onların əsl niyyətlərini açıq şəkildə nümayiş etdirib. Bu təhdidin həyata keçirilməsi kütləvi şəkildə insan tələfatı ilə nəticələnərək böyük faciəyə səbəb olacağı xüsusi olaraq vurğulanıb. Həmçinin mraciətdə qeyd olunub ki, Ermənistanın rəhbərliyi tərəfindən bu yaxınlarda elan olunmuş “yeni ərazilər üçün yeni müharibə” hərbi doktrinasına uyğun təcavüzkar siyasətin həyata keçirilməsi məqsədilə bir sıra digər ölkələrdən etnik erməni muzdlularının köçürülməsi yolu ilə Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik dəyişikliklərə yönəlmiş hərəkətləri Cenevrə Konvensiyasının aşkar şəkildə pozulmasıdır və müharibə cinayətidir.

Müraciətdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı prinsiplərinə uyğun beynəlxalq hüquq çərçivəsində həll olunacağına dair mövqeyi çatdırılmaqla, münaqişənin bu müstəvidə həll olunması üçün Ermənistana müvafiq üsul və vasitələri ilə təsir göstərilməsi xahiş edilib.

Etikxeber.az

Read Previous

“Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad edib. Eşq olsun, Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”-ALİ BAŞ KOMANDAN

Read Next

“Cəbrayılı azad edən şanlı Ordumuz çox tezliklə Qələbə bayrağını Şuşamızda da, Laçınımızda da, Kəlbəcərimizdə də dalğalandıracaq…Qələbə, Qarabağ bizimdir və bizim olacaq”-KAMİLƏ ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir