Baş Prokurorluq Lapşinlə bağlı açıqlama yaydı

Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan Silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” qanunların tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Bu barədə Etikxeber.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətinin məlumatında qeyd olunur ki, A. Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanmış və barəsində dövlətlərarası axtarış elan edilib.

Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində A.Lapşin saxlanılıb.

Hazırda A. Lapşinin Azərbaycana ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər görülür.

Etikxeber.az

Read Previous

“Sürət həddi bir qədər artırılıb”- BNA nəqliyyatın hərəkətində çətinliyin olmadığını deyir

Read Next

Xarici valyutanın qanunsuz yolla ölkədən çıxarılmasının qarşısı alınıb- GÖMRÜK KOMİTƏSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir