Baş Prokurorluq sosial media istifadəçilərinə xəbərdarlıq edib-1 NƏFƏR HƏBS OLUNUB…

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən internet informasiya ehtiyatlarına qanunvericiliklə qadağan edilmiş məlumatların yerləşdirilməsinin qarşısının alınması və informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Etikxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, aparılmış yoxlamalar ilə ictimai-siyasi sabitliyin pozulması, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması, həmçinin dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədi güdən paylaşımların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş prokurorluğa dəvət olunmuş, onların barələrində qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Sosial media istifadəçiləri Mirzəli Yalçın Yaşar oğlu, Hüseynov İlham Telman oğlu, Abbaslı Nizami Əsədulla oğlu, İsayev Əfqan Ənvər oğlu və Azadov Rasim Əlif oğluna gələcəkdə bu kimi neqativ hallara yol verməmələri ilə bağlı “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsində nəzərdə tutulan qaydada xəbərdarlıq edilib.

Əliyev Namiq Səməd oğlu “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-2.3.9-cu bəndi ilə yayılması qadağan edilən, demokratik təsisatlara qarşı təzyiqlərin göstərilməsi, dövlət orqanlarının fəaliyyətlərinin pozulması, ölkədə idarəetmə səviyyəsinin aşağı düşməsinə yönələn çağırışlar etməyə, həmçinin təhqir və ya böhtan xarakteri daşıyan informasiyanı “Facebook” sosial şəbəkəsində yerləşdirilməsinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq Bakı şəhəri, Binəqədi rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Namiq Əliyev barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.

Öz növbəsində Namiq Əliyevin “Facebook” sosial şəbəkəsində ona məxsus olan “Yeniavaz.az” səhifəsində yuxarıda təsbit olunan informasiyanı götürməməsinə görə hüquqi şəxs “Azərmedia” MMC barəsində İXM-nin 388-1.1.2-ci (internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nəsimi rayon məhkəməsinə göndərilib.

Azərbaycan Respublikası Baş Prokurorluğu internet informasiya ehtiyatlarının istifadəçilərinə müraciət edərək virtual məkanda qanunvericiliyin tələblərinə dönmədən riayət etməyə, həmçinin ictimai müzakirələrin qanun çərçivəsində və etik normalarına uyğun aparılmasını tələb edir.

Əks halda qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilir.

Etikxeber.az

Read Previous

Seyid ocağında baş tutan görüş…SAVAB ƏMƏL, BÖYÜK ÜRƏK SAHİBLƏRİ…ŞAMXALLAR, FARİZLƏR, XƏQANİLƏR, ELNURLAR, DİGƏR VƏTƏN SEVDALILARI…ONLARI DİNLƏYƏN, ONLARA QULAQ ASAN OLACAQMI? ONLARA GEC DƏ OLSA, HAQQ ETDİKLƏRİ VERİLƏCƏKMİ? – FOTOLAR

Read Next

Hava dəyişkən buludlu və zəif dumanlı olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir