“Başqa alternativ yoxdur” – RASİZADƏ

Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunun nümayəndələri ilə görüşüb.

Bu barədə Etikxeber.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Postsovet məkanında ən dinamik inkişaf edən ölkələrdən biri olan Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət başçılarının təşəbbüsü ilə keçirilən Forumun artıq yaxşı ənənəyə çevrildiyini deyən rusiyalı qonaqlar belə tədbirlərin ölkələrimiz arasında mehriban qonşuluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminlik yaratdığını vurğulayıblar. Forumun gedişi barədə baş nazirə məlumat verən qonaqlar bildiriblər ki, tədbirin rəsmi açılışından sonra sənaye, turizm, aqrar, humanitar bölmələr üzrə “dəyirmi masa”larda davam edən müzakirələr zamanı konkret istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri nəzərdən keçirilib. Hər iki ölkə rəsmilərinin iştirak etdikləri tədbirə, həmçinin müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların da qatılmasını səmərəli təcrübə adlandıran qonaqlar tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür ediblər.

Azərbaycan iqtisadiyyatının uğurları, qlobal enerji və nəqliyyat layihələri, qeyri-neft sektorunda və sosial sferada aparılan işlər barədə qonaqlara məlumat verən  Artur Rasizadə xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub. Baş nazir vurğulayıb ki, bütün səylərə baxmayaraq işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hələ də həllini tapmamış problemin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə alternativ yoxdur. Baş nazir Forum iştirakçılarına gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayaraq əmin olduğunu bildirib ki, əvvəlki illərdə keçirilən forumlar kimi, bu Forum da Azərbaycan-Rusiya iqtisadi-humanitar əlaqələrinin inkişafını stimullaşdıracaq.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Etikxeber.az

Read Previous

“Qızıl Məryəm”i öldürənlərə 47 il cəza verildi

Read Next

Noyabrın 2-nə USD/AZN rəsmi məzənnəsi 1,6490 səviyyəsində müəyyən olunub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir