“Baxırsan ki, özləri rusca bir kəlmə olsun belə bilmirlər, ancaq…” – DEPUTAT – RƏY(LƏR)

Azərbaycan məktəblərində rus bölməsi pullu olsun?

Millət vəkilləri hesab edirlər ki, bu məsələdə Türkiyənin və digər dövlətlərin təcrübəsindən yararlanmaq olar

Azərbaycanda tarix boyu bütün dillərə hörmət olub və var. Xüsusilə də, uzun illər sovetlər mühitində yaşadığımız üçün rus dilinə Azərbaycan cəmiyyətinə daha fərqli münasibət, rəğbət olub. Orta məktəblərimizdə, ali təhsil olacaqlarımızda daim rus dili tədris olunub. Hətta, keçmiş postsovet ölkələrinin bəzilərində rus  dili, rus məktəbləri ilə bağlı müəyyən qadağalar, yasaqlar tətbiq olunsa da, Azərbaycanda bu addıma gedilməyib. Əksinə, Azərbaycanda hələ də rus dilində tədris aparan xeyli sayda orta məktəblərimiz var. Həmçinin, Bakı Slavyan Universiteti (keçmiş M. F. Axundov adına Rus Dili və Ədəbiyyatı İnstiutu) fəaliyyət göstərməkdədir.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva deyib.

O, qeyd edib ki, eyni zamanda, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filalı artıq bir neçə ildir ki, uğurlu şəkildə öz fəaliyyətini davam etdirməkdə, yüksək səviyyəli tədris həyata keçirməkdə, peşəkar səviyyəli kadrlar yetişdirməkdədir. Millət vəkilinin sözlərinə görə, bununla yanaşı, dövlət səviyyəsində rus dilinin inkişafı, tədrisi ilə bağlı nələr lazımdırsa, hamısı edilməkdədir,  bu məsələ qayğı, diqqətlə əhatə olunmaqdadır:

“Əvvəllki illərlə müqayisədə övladlarını rus dilində tədris həyata keçirən məktəblərdə oxutmaq istəyən insanlarımızın sayı da artmaqdadır. Hətta, bir çox valideynlər uşaqlarının rus dilində danışması, bu dilə mükəmməl yiyələnməsi üçün onları pullu hazırlıq kurslarına, “reperitor” yanına hazırlığa göndərməkdədirlər. Dil, xüsusilə də, çox dilmək yaxşı əlamətdir. Bu, həm də mənəvi bir üstünlükdür. Amma bəzən bu məsələdə aşırı dərəcədə ifrata varmaq, əndazəni aşmaq halları da var. Bəzən insanlarımız bu məsələyə dəb, “qonuşdan dala qalmamaq”, az qala özlərini “elit” göstərmək xatirinə  yanaşırlar. Baxırsan ki, özləri rusca bir kəlmə olsun belə bilmirlər, ancaq övladlarını kor-koranə şəkildə rus dilini öyrənməyə, rus məktəblərində oxumağa məcbur edirlər, sanki kiminləsə “yarışa, bəhbəhsə” girirmiş kimi özlərini aparırlar. Tutaq ki, uşaq getdi rusca oxudu, o uşağa lazım olanda həmin valideyn kömək edə biləcəkmi rus dilini bilmədiyi halda? Bunu görəsən insanlarımız fikirləşirlərmi heç? Bu, axı həmin uşaqlarda bir mənəvi şikəstlik, natamamlıq yaradır, niyə bunları bəzi insanlarımız, valideynlərimiz anlamaq və qəbul etmək istəmirlər? Dediyim kim,  çox dil bilmək, öyrənmək yaxşı cəhddir, amma hər şey həddində, qədərində olmalıdır. Hesab edirəm ki, bu məsələdə xarici dövlətlərin, elə qardaş Türkiyənin təcrübəsindən yararlanmaq olar və lazımdır da. Uşaqlarını rus məktəblərində yerləşdirə bilmədikləri üçün hay-küy salan, az qala aləmi bir-birinə vuran insanlarımız yaxşı olardı ki, başqa ölkələrin təcrübəsini   öyrənəydilər və biləydilər ki, orada xarici dil üçün dövlət pullu təhsil-tədris keçirir. Dövlət müəyyən qədər əlavə vəsait ayırır və  məhz o vəsaitə uyğun şəkildə də yerləşdirmələr aparır, yəni, heç də hər kəs övladını xaric dildə tədris keçirən məktəbdə oxutdura bilmir. Odur ki, bizdə də, nəhayət, bu təcrübədən istifafə etmək, yararlanmaq olar və vacibdir. Tez-tez dilimizin normalarına, qayda-qanunlarına əməl edilməməsindən, dilimizin təhrif edilməsindən, biabırçı kökə salınmasında ah-nalə edir, danışır, şikayətlənirik. Bir tərəfdən də öz dilimizi unudub, dəb xatirinə başqa dillərə üstünlük veririk, bu, nədir, o, nədir? Məsələ var, bəy dediyin nə, bəyənmədiyin nə… Gəlin əvvəlcə öz dilimizi düz-əməlli öyrənək,  öz dilimizdə səlis danışaq, sonra başqasına meyllənər, üz tutarıq”.

kamile_eliyeva

eldeniz

Millət vəkili Eldəniz Səlimov da həmkarı kimi düşünür.

O da qeyd edir ki, çox dil bilmək, xarici dillərə yiyələnmək, onları mənimsəmək çox mütərəqqi haldır, amma bununla belə, öz dilinə də hörmət etmək ən başlıca, ən ümdə məsələdir:

“Valideynlərimizin, insanlarımızın istəklərini, arzularını başa düşürəm, anlayışla və hörmətlə qarşılayıram. Bu, həm də onların öz daxili məsələsi, öz şəxsi seçimlərdir və buna da müdaxilə etmək olmaz. Amma məsələnin digər və vacib təırəfi odur ki, atalar məsəlində deyildiyi kimi, əvvəl evin içi, sonra çölü. Yəni, biz ilk növbədə uşaqlarımıza öz dilimizi sevdirməliyik, bu dildə, özü də səlis və mükəmməl şəkildə danışmağı, fikirlərini çatdıra bilməyi öyrətməliyik. Çünki dünyanın ən gözəl, ən zərif, ən incə dillərindən biri bizim dilimizdir, Azərbaycan dilidir, Azərbaycan türkcəsidir. Bu dil həm də musiqi, şeir dilidir. Yəni, dilimizdə bu qədər həzinlik, saflıq, incilik, billurluq var. Odur ki, ilk növbədə öz dilimizi hamımılıqla bilməliyik və bu dildə danışmağı üstün saymalıyıq. Bununla yanaşı, təbii ki, həm özümüz imkan daxilində dil ehtiyatımızı artırmalıyıq, başqa dilləri minimum şəkildə əxz etməyə çalışmalıyıq, həm də özladlarımızın bir neçə dil bilməsi, bir neçə dildə danışması üçün onları stimullaşdırmalıyıq. Bu dillərin içərisində də təbii ki, ilk yerlərdən biri məhz rus dili tutmalıdır. Çünki Rusiya kimi böyük bir dövlətlə həmsərhədik, ora ilə ciddi gediş-gəlişlərimiz, təmaslarımız var, həm də uzun illər bu dil bizim ikinci dilimiz sayılıb, bu dil, necə deyərlər, bizi əhatəsinə, ağuşuna alıb. Ona görə  bizdə rus dilinə üstünlük verilməsi başadüşülən və anlaşlandır. Amma bununla belə, bu məsələdə heç bir halda ifrata varmaq olmaz. Valideynlər nəyinsə xatirinə övladlarını zorla rus dilində təhsil almağa, rus dili məktəblərində oxumağa məcbur və vadar etməməlidir. Bunun zərbəsi elə ilk növbədə onlara dəyir və dəyəcək. Həmçinin, müvafiq qurumlar  bu məsələdə digər dövlətlərin təcrübəsindən istifadə yollarını aramalı və onların ən yaxşlarını burada tətbiq etməlidirlər. O zaman da bu söz-söhbətlər, əsassız hay-küylər aradan qalxar”.

Etikxeber.az

 

 

Read Previous

Bakı Kitab Mərkəzinin açılış mərasimi keçirildi – FOTOLAR- YENİLƏNİB

Read Next

“Əlaqələr “Bir millət, iki dövlət” şüarı ilə sürətlə genişlənir” – YILDIRIM BAKIDA – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir