“Baydenin “soyqırım” eyforiyası Ermənistanın özündə məğlubiyyət sonrası ağır olan daxili siyasi vəziyyəti daha da gərginləşdirəcək…”-BƏHRUZ MƏHƏRRƏMOV YAZIR – (ÖZƏL)

 ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı səsləndirdiyi bəyanatında “soyqırım” ifadəsini işlətməsi qərəzli və ədalətsiz yanaşmadır.

Supergücə rəhbərlik edən birinin tarixi-siyasi prosesləri təhrif etməsi qəbuledilməzdir, təəssüf doğurur, lakin, nə Türkiyə nə də Azərbaycan üçün faciə deyil.

Əksinə tarixçilərin görməli olduğu işi ali siyasətə və diplomatiyaya gətirməklə ABŞ özü üçün problemlərə yol açdı.

 Əslində, ABŞ-ın mövqeyi hər şeydən əvvəl onu göstərir ki, Türkiyə dövləti artıq müstəqil qlobal güc sahibidir və regionda maraqları olan digərləri kimi rəsmi Vaşinqton da Ankaranın genişlənən hərbi-siyasi imkanlarından narahatdır.

Etiraf etməliyik ki, bu günə qədərki ABŞ prezidentləri “soyqırım” ifadəsini işlətməməklə Ankara üzərində təsir rıçaqlarına malik idilər, Türkiyə də öz növbəsində ABŞ-a münasibətdə addımlarının mümkün qədər korrektliyinə diqqət edirdi.

Lakin Co Bayden bu yanaşma ilə ABŞ-ı Türkiyə üzərində ən ciddi təsir imkanından məhrum etdi.

Artıq ABŞ-ın Türkiyəni regionda təhdid edə biləcəyi amil qalmadı.

Həmçinin, Türkiyə üçün toxunulmaz sayılan mövzuya əl uzatmaqla cənab Bayden öz ölkəsini ümumilikdə Yaxın Şərqdə ən etibarlı tərəfdaşlarından birinin dəstəyindən məhrum olmaq təhlükəsi ilə üz-üzə qoydu.  

 Digər tərəfdən, Cənubi Qafqazın əsas güc sahibi Azərbaycanın həm Türkiyənin ən yaxın strateji tərəfdaşı,  həm də son bir əsrdə davamlı formada erməni terrorizmi və vandalizminə məruz qalmış dövlət olaraq Vaşinqtonun bu yanaşmasına səssiz qalacağı ağlabatan görünmür.

Elə Baydenin çıxışından dərhal sonra Azərbaycan və Türkiyə Prezidentlərinin telefon danışığı, cənab İlham Əliyevin bu qərarın yanlış olduğunu qeyd edərək onu tarixi səhv adlandırması, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bəyan etməsi artıq bu prosesin başlanğıcıdır.

İran və Rusiya ilə bir başa sərhəddə malik və qonşuları ilə münasibətlərinə xələl gətirmədən Vaşinqton üçün həmişə özünü  etibarlı tərəfdaş kimi sübut edən Azərbaycanla münasibətlərə xələl gətirməkABŞ üçün regionda faktiki mövcud olmamaq deməkdir.

Bu mənada, Bayden sonuncu addımla həm də ABŞ-ın Qafqazdakı maraqlarını təhlükəyə atdı.

 Sirr deyil ki, ermənipərəst mövqe Ağ evə yalnız erməni lobbisi ilə münasibətlərdə üstünlük qazandıra bilər, tarixi Azərbaycan torpaqlarında yaradılmış müasir Ermənistanda isə ABŞ-ın ciddi nüfuz sahibinə çevrilməsi perspektivi real deyil. Ermənistanın de-yure və de-fakto sahibi Rusiyadır.

Bu mənada Baydenin açıqlaması Ermənistanda onsuz da güclənmiş olan qərbyönümlü antirus ritorikasını daha da şiddətləndirəcək.

Ciddi hərbi və iqtisadi rıçaqlara malik və Paşinyanın hakimiyyətə gəldiyi son 3 ildə sıxışdırılaraq revanş üçün məqam gözləyən Rusiya meyilli kəsimin isə cavabını təsəvvür etmək çətin deyil.

Bu mənada Baydenin “soyqırım” eyforiyası Ermənistanın özündə onusuz da məğlubiyyət sonrası ağır olan daxili siyasi vəziyyəti daha da gərginləşdirəcək.   

 Ən nəhayət, Co Bayden qondarma “erməni soyqırımı” mövzusunu siyasiləşdirərək gündəmə gətirməklə son bir əsrdə ermənilərin Türkiyə və Azərbaycanda  törətdiyi vəhşilikləri və beynəlxalq cinayətlərinə susan ABŞ-ın qlobal güc olmasına baxmayaraq ikili standartlarla hərəkət etdiyini göstərdi.

İnformasiya savaşında əks qütbdə yer alan və ABŞ-a qarşı yeni cəbhə açmaq üçün fürsət gözləyənlər isə heç şübhəsiz ki, bu imkanı qaçırmayacaq.

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Baydenin bəyanatı tarixi xəta və qəbuledilməzdir”-SAHİBƏ QAFAROVA

Read Next

Sevr müqaviləsi hələ də qüvvədədirmi? VƏ YA ƏSASSIZ ERMƏNİ İDDİALARI VƏ TARİXİ FAKTLAR – (ÜÇÜNCÜ-SONUNCU HİSSƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir