Bayrağımızı gözləyən yüksəkliklər – AKADEMİK YAZDI

Əbədlilik uçub getdi. Mələklərin yanına uçub getdi. 
Ey bu torpaqlar üçün torpağa düşmüş əsgər!
Göydən əcdad enərək öpsə o pak alnı, dəyər!
Sənə dar gəlməyəcək məqbəri kimlər qazsın?!
“Göməlim gər səni tarixə” desəm, sığmazsın.
Əbubəkirin müqəddəs bayrağımıza bükülmüş cəsədini gətirdilər ata-baba ocağına. Adi bir kənd uşağı kimi çıxmışdı bu evdən, qəhrəman kimi qayıtdı.
Onun Kürdəmir rayonundakı doğma kəndinin adı Xırdapaydır. Amma Əbubəkir Vətənə çox böyük pay verdi – məsum varlığını bağışladı!
Anası ürəkdağlayan sözlər deyir. Söyləyir ki, Əbubəkirlə telefonla danışdım. Qayıtdı ki, ana, irəliləyirik, irəliləyirik. Ola bilsin, rabitə qırılsın, danışığımız kəsilsin. Nigaran qalma, imkan düşən kimi özüm zəng vuraram. Zavallı, bu anlarda, sən demə, düşmən tərəfə son həmləsini edirmiş. Ara, doğrudan da, kəsilir, rabitə ömürlük qırılır. Daha onlar heç vaxt bir-birlərinin səslərini eşidə bilməyəcəklər. Əbubəkir və vertolyotdakı 2 mərd silahdaşı yağıya vura biləcəkləri son zərbəni endirirlər.
Hər şeyin bitdiyini hiss edincə vurularaq alışmış vertolyotlarını düşmən mövqeyinə çırpırlar ki, son nəfəsdə də axırıncı faydalarını verə bilsinlər. Dərd içində qovrulan anasının bu məğrur sözləri mənə elə Əbubəkirin qəhrəmanlığı qədər möhtəşəm gəlir: “İrəliləyirik, – dedi balam, irəliləyib şəhidliyə ucaldı!”
Cəsur Əbubəkir şirin canı bahasına böyük qələbəmizi bir qədər də yaxınlaşdıranlardan oldu.
Vətən uğrunda, amal, məslək yolunda şəhid olmaq, əlbəttə, şərəfdir. Amma bu gözəl balalar dünyaya bunca erkən ölməkçün yox, yaşamaq, sevmək, qurub-yaratmaq, sabahın Azərbaycanını daha xoşbəxt etməkçün gəlmişdilər!
Nə acı ki, qismət belə gətirdi! Millətimizin başı sağ olsun!
2016-cı ilin 10 aprel gecəsi Kürdəmir rəşadətli balasını son dəfə qarşıladı və Əbubəkir Fəxri xiyabanda əbədi rahatlıq tapmaqçün Bakıya yollandı…
Bizi bu bəlalara düçar edənlərin Tanrı və tarix cəzasını versin!
nizami-rafael
Gözlərinizdəki kədər yaşlarının əvəzinə möhtəşəm qələbəmizin köksə sığmayan iftixarı və şadlığının gətirəcəyi bəxtəvər göz yaşlarının yanaqlarınızda görünəcəyi gün lap yaxındadır, əziz vətəndaşlarımız!”Bu düşüncələrimsə bir neçə ay sonraya aiddir. Xalqbank aprel şəhidi, gənc heykəltəraş Samir Kaçayev haqqında kitab buraxmışdı və həmin əsərin təqdimat mərasiminə toplaşmışdıq. O həzin axşamda mən də ürək sözlərimi, həyəcanlarımı bölüşdüm: “Samir heykəltəraş idi. 22 yaşı 2016-cı ilin 6 martında tamam olmuşdu. Qarşıda sanki onu parlaqdan-parlaq bir gələcək gözləyirdi. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını hər il heykəltəraş olacaq neçə gənc bitirir. Amma Samir Kaçayev bütün tələbə dostları arasında xüsusən seçilirdi. Ona Azərbaycan heykəltəraşlığının sabahkı ulduzlarından biri kimi baxırdılar.
Samir hələ sənətdə ilk müstəqil addımlarını atırdı. Bu addımlardansa yolunu yeni başlayan gəncin deyil, artıq oturuşmuş bir sənətkarın təpəri duyulurdu. Samirin diplom işi dünyanın ən qüdrətli heykəltəraşlarından birinin – Rodenin obrazı idi. İndi həmin heykəl Rəssamlıq Akademiyasının həyətində ucalır.
Samirin “Balerina”sı, “Musiqiçi”si, “Rəqqas”ı, “Femida tərəzisi”, “Dərviş”i, “Pinəçi”si, “Dədə Qorqud”u… bir-birindən cazibəlidir.
Onun bəxti gətirmişdi ki, Ömər Eldarov, Akif Əsgərov, Natiq Əliyev kimi böyük sənətkarlardan dərs almışdı, sənətin təməl sirlərini onlardan öyrənmişdi.
Samir kimi istedadları Allah müharibələrdə həlak olmaqçün deyil, körpü olmaqdan ötrü yaradır. Böyük sənətkarlar, canlı klassiklər Samir kimi istedadla çağlayan gənclər vasitəsilə öz sənətlərini gələcəyə ötürür, öz məktəblərini yaşatmış olurlar.
Samirin müəllimi, dostum Akif Əsgərov mənə hələ neçə il bundan əvvəl tələbələri arasındakı həm zövq, həm yaradıcılıq nöqteyi-nəzərindən, həm də insanlıq baxımından yüksəkdə dayanan bir gəncdən tez-tez bəhs edirdi. Təəssüf ki, bizim söhbətlərimizdən çox keçmədən bu müdhiş hadisə baş verdi.
Azərbaycan böyük faciələrlə üz-üzədir. Torpaqlarımız işğal olunub, Ermənistan və onu dəstəkləyən qüvvələrin təcavüzü davam edir. Qətiyyən şübhəmiz yoxdur, işğal olunan torpaqlarımız qayıdacaq, o dağıdılmış, qəsb edilmiş şəhərlərimiz, qəsəbələrimiz, kəndlərimiz bərpa olunacaq, əvvəlkindən də gözəl görkəm alacaq. Lakin yaralarımızın izləri çox dərindir, xüsusən mədəniyyətimizə vurulan zərbələr, eləcə də itirdiyimiz insanlar heç vəchlə qayıdan deyil.
Müharibənin ilk qurbanı həqiqət olur. Müharibə seçmədən aparır. İkinci dünya müharibəsində Azərbaycanın nə qədər igid oğulları həlak oldu, onlar da yaşaya, yarada, bu millətə faydalar verə bilərdilər. Bir neçə il əvvəl Sloveniyada Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin – əfsanəvi Mixaylonun muzeyini açdıq. O da bir rəssam idi və cavankən həyat yolu qırıldı. Mehdi kimi neçə gənc istedadın ömrünü o köhnə müharibə yarıda kəsdi. Qarabağ müharibəsində bunun örnəklərindən biri Samir oldu. Hər verdiyimiz qurban millətin kisəsindən gedən, milləti ağrıdan itkilərdir, amma Samir kimi yaradıcı insanların bunca vaxtsız gedişi daha yandırıcıdır.
Samir bir kənd uşağıydı, heç onun ağlına da gəlməzdi ki, Rəssamlıq Akademiyasında təhsil alacaq və böyük sənətin sıra nəfərinə çevriləcək.
O, Şamaxıda doğulmuşdu, Çuxuryurdda böyümüşdü, kəndçi balasıydı, bütün ruhunda, varlığında Azərbaycan kəndinin ab-havası vardı.
Xalqı, eli bütün incəlikləriylə duymaq bitkin sənətkar olmaq üçün vacibdən-vacibdir. Şəhərdə, asfalt üstündə böyüyən uşaq bənövşənin ətrinin, ot biçməyin, yer belləməyin, naxıra getməyin, bostan suvarmağın nə demək olduğunu uzaqdan-uzağa, kitabdan, filmdən bilər. Samirsə böyük mədəniyyətə həmin doğma təbiətin ağuşundan çıxıb gəlirdi.
Anası danışır ki, əsgərliyə yola düşməzdən əvvəl Samir dedi ki, ay ana, bir az arpa var, biçim, sonra gedim.
Beləcə bütün davranışları ilə saf bir kənd uşağı ola-ola modern, çağdaş dünyagörüşlü bir gənc sənətçi kimi yetişdi, onun daxilində bir el adamı ilə çağdaş düşüncəli, Avropa baxışlı sənətkar vəhdətdə idi.
Samirdən və o Aprel döyüşlərində itirdiklərimizdən daha böyük qəhrəmanlar isə, bunu təkrar-təkrar dilə gətirmək lazımdır ki, həmin oğulları böyüdən valideynlərdir.
Samirin anası Əminə xanım, atası Zirəddin müəllim mərd insanlardır. Bunca dözülməz itkinin qarşısında şax dayanıblar. Onların balası, sevimli ciyərparası bu dövlətin, bu millətin, bu Vətənin daha azad yaşaması, daha yenilməz olması naminə həyatını fəda edib.
Əslində, Samirin yaradıcılığı da, yaşayacağı ömür içərisində bu millətə bağışlayacağı gözəlliklər də Vətəni daha gözəl, daxilən daha zəngin eləməyə yönəlmişdi.
Samir Kaçayev vəfatından ikicə gün əvvəl yaxın dostlarından birinə məktub yazıb, altına da qol çəkərək dəqiqləşdirib: “Bu, mənim yeni imzamdır, ilk dəfə bu imzanı bu məktuba atıram və ilk dəfə bu imzanı sən görürsən”.
Bu imzanı növbəti dəfə hansısa əsərinə atmaq Samirə qismət olmadı. Amma Samir bu millətin tarixində, bu millətin şərəf kitabında öz imzasını əbədilik qoydu və onun adı da, xatirəsi də Azərbaycanın qəlbində hər zaman yaşayacaq.
Samirin qısa ömrü və əsərləri haqqındakı albom-kitab Samirin ailəsinə, tanıyanlarına, dostlarına, Rəssamlıq Akademiyasına bir hədiyyədir, eyni zamanda, bütövlükdə Azərbaycana böyük bir ərməğandır. Üç dildə çap olunan bu kitabı mən özümlə Avropadakı konfranslara aparacağam. Qoy oxusunlar, şahid olsunlar ki, Azərbaycan nələrə məruz qalıb. Samir haqqındakı bu kitab hələ uzun illər yaşayacaq, vərəqlənəcək və hər vərəqləndikcə bizi həm yolu yarımçıq qırılmış parlaq istedad sahibi bir gəncin yaratdığı füsunkar aləmə aparacaq, həm də Azərbaycanın qanına susamış mənfur düşmənimizin, erməni faşizminin ifşaçısına çevriləcək”.
Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətinə rəhbərliyə başladığı ilk gündən, elə özünün də dəfələrlə etiraf etdiyi kimi, zahirən ən qayğısız olduğu vaxtlarda da, ən müxtəlif vacibdən-vacib məsələləri həll edərkən də bir an da unutmadığı, daim narahatlığını yaşadığı müşkül Azərbaycan torpaqlarına qarşı Ermənistanın təcavüzüdür.
Məlum bir həqiqətdir və arxada qalan 2-3 onil ərzində yetərincə siyasiləşmiş ən sıravi Azərbaycan insanı da yaxşı anlayır ki, Ermənistan–Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ düyünü lap yaranışından qətiyyən yalnız bu 2 dövlətin məsələsi deyil və həlledici “qızıl açar” kənardadır, kələfin çözülməsi təkcə münaqişə tərəflərindən deyil, bəlkə də daha əvvəl qıraqdakı böyük güclərdən asılıdır.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi müddətdə bu problemin həlli yolunda ardıcıl səylərinin ümumi panoramını xəyaldan keçirirkən onun bu istiqamətdə nə qədər uzaqgörən, miqyaslı, dəqiq, ölçülü-biçili, ağıllı xətt apardığını dərk edirsən.
Bütün danışıqlarda, beynəlxalq toplantılarda Azərbaycan dövləti və millətinin prinsipial mövqeyini qətiyyətlə ifadə etməklə, Azərbaycanın heç vaxt və heç vəchlə bir qarış belə torpağından imtina etməyəcəyini dönə-dönə bildirməklə yanaşı, Prezident İlham Əliyev ölkəmizin müdafiə qüdrətini artırmaq səmtində bu illər boyunca durmadan çalışıb.
Onun ölkəyə rəhbərliyi dövründə müdafiə sənayemiz yaranıb inkişaf etməyə başladı, ordumuz dəfələrlə gücləndi, Azərbaycan əsgərinin peşəkarlığı, döyüş qabiliyyəti xeyli yüksəldi.
Eyni zamanda, ardıcıl olaraq Azərbaycanın iqtisadi gücünü artıran, bölgə, Avropa və dünya əhəmiyyətli mühüm enerji və nəqliyyat layihələrində ölkəmizi söz sahibinə çevirən Prezident İlham Əliyev Ermənistanın bu son dərəcə sərfəli, səmərəli, bütün iştirakçılara tərəqqi, rifah, zənginləşmə vəd edən layihələrdən təcrid vəziyyətində qalmasına nail oldu.
Erməniçilik elə bir çoxrişəli müdhiş və mənfur şərdir ki, onunla mübarizə məhz bu cür, bütün sahələrdə və istiqamətlərdə aparılarkən arzulanan nəticəyə gətirib çıxara bilər.
Bunu Prezident İlham Əliyevin fəaliyyəti əyani şəkildə sübuta yetirməkdədir.
Bu gün Ermənistan çökən, gələcəksiz, günü-gündən daha artıq iflasa uğrayan və kənardan idarə edilən iradəsiz bir psevdodövlət kimi dünyaya getdikcə daha artıq görünməkdədirsə, bunun məhz belə alınmasında bir sıra başqa səbəblərlə, o cümlədən, Ermənistanın özünün dövlət terrorizminə arxalanan, xalqın ayağı bərbad siyasəti ilə yanaşı, məhz Azərbaycan iqtidarının Ermənistanı düçar etdiyi tədbirli iqtisadi təcrid reallığının ayrıca yeri var.
Prezident İlham Əliyev soyuqqanlılıqla, təmkinlə, ağılla Azərbaycanı bu qarı düşmən üzərində son qəti qələbəyə addım-addım yaxınlaşdırmaqdadır.
Və daha bir mühümdən-mühüm cəhət!
Prezident İlham Əliyevin atası böyük azərbaycanlı Heydər Əliyev idi.
Prezident İlham Əliyevin oğlunun adı da Heydərdir. İstiqlalımızın və ordumuzun 100 yaşının tamam olduğu bu ildə artıq Vətənə əsgər kimi xidmətə başlamış Heydər Əliyev.
Və Prezident İlham Əliyev, əlbəttə ki, bu adın Əliyevlər ocağındakı tarixçəsindən yaxşı xəbərdardır.
XX yüzilin ilk onillərində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlarından birinin növbəti qurbanı Heydər adlı cavanın bacısı İzzət xanım bu əziz adı öz yeni dünyaya gələn balasına verdi.
Ulu öndər Heydər Əliyev öz adının ailədə söylənən kədərli hekayətini bilirdi, şəhid dayısının qəmli aqibətindən agah idi və Azərbaycana qarşı erməni düşmənliyinin yurdumuza, millətimizə vurduğu yaraların bilavasitə öz tərcümeyi-halındakı izini də heç vaxt unuda bilməzdi.
Və Prezident İlham Əliyev üçün Azərbaycanın erməni işğalındakı torpaqlarının azad edilməsinə nail olmaq, qaçqın və məcburi köçkünlərimizin öz yurd-yuvasına qayıdışını təmin etmək, qəsbkardan qisasımızı almaq bir dövlət başçısı və sadiq vətənpərvər kimi müqəddəs borcsa da, həm də öz ailəsi, öz nəsli qarşısındakı şərəf və ləyaqət vəzifəsidir.  Babaları, nənələri, atası, övladı qarşısındakı vəzifəsi!
Ali Baş Komandan, Prezident İlham Əliyevin müzəffər ordumuzun müşayiəti ilə zirehli hərbi maşında işğal altındakı torpaqlarımıza daxil olacağı ürək atlandıran, qan qaynadan məsud gün lap yaxındadır, əziz vətəndaşlarımız!
2017-ci ilin iyununda sözlərini mənim, musiqisini bəstəkar, Xalq artisti Faiq Sücəddinovun yazdığı, dram aktyorlarının və Xalq artisti Azər Zeynalovla müğənni Ülviyyə Tağıyevanın məlahətlə ifa etdikləri  “Səslə bizi, Baş Komandan” adlı bu nəğmə, əslində, millətimizin lap tezliklə çin olacaq həmin arzusunun ifadəsidir!
Səslə bizi, səslə bizi,  igidləri yerbəyer et,
Səslə bizi, səslə bizi,  yağıları dərbədər et, 
Səslə bizi, səslə bizi, ruhumuzu  səfərbər  et!
Səslə bizi, səslə bizi, biz hazırıq keçək candan,  
Biz hazırıq keçək candan, and yerimiz Azərbaycan.
“Açıl!” desən, açılmayan qapılar da açılacaq,
Yolu itmiş obaların yoluna nur saçılacaq.
“Alış!” desən, odlanacaq çoxdan sönmüş neçə ocaq,
Yenə sevinc qayıdacaq,  yenə həyat qaynayacaq.
Sən millətin sərkərdəsi,  sənin səsin haqqın səsi.
Biz hazırıq keçək candan, səslə bizi, Baş Komandan!
Sən millətin sərkərdəsi, sənin səsin haqqın səsi.
And yerimiz Azərbaycan, səslə bizi Baş Komandan!
“Haydı!” desən, Qarabağın daşları da hay verəcək,
Bizdən ötrü qəribsəmiş güllərini pay verəcək.
“Oyan!” desən, kişnəyəcək qaya olub susan atlar.
Zəfər dolu üfüqlərə açılacaq gen qanadlar.
“Qalxın” desən, qalxar ellər, sıldırımı yıxar keçər,
Torpağına göz dikəni şimşək kimi yaxar keçər.
Bu torpağın hər balası qeyrət  dolu, susmuş vulkan
“Vətən!” deyib alov olar,  şahə qalxar sən çağırsan.
Sən millətin sərkərdəsi, sənin səsin haqqın səsi.
Biz hazırıq keçək candan, səslə bizi, Baş Komandan!
Sən millətin sərkərdəsi, sənin səsin haqqın səsi.
And yerimiz Azərbaycan, səslə bizi Baş Komandan!
…Neçə illər öncə Azərbaycanın bir dəstə sənət xadimi ilə Tərtərə, əsgərlərimizlə görüşə getmişdik. Düşmənlə bizim aramızda məsafə lap yaxın idi. O səngərlə bu səngəri qıvrıla-qıvrıla axıb gedən nazik İncəçay ayırırdı.
Müğənnilərimiz oxuyurdu, onların avazı, “Qarabağ şikəstəsi”nin şaqraq zəngulələri İncəçayı aşıb o tərəfə, bizsiz olan bizim torpaqlara çatırdı.
Və o gün orada gecə-gündüz düşmənlə üz-üzə dayanan igid əsgərlərimizə, Milli Ordumuzun və xalqımızın güvən yeri olan gənclərə söyləmişdim ki, İncəçay yalnız düşmən tərəflə bizi ayıran zolaq deyil, həm də adı ilə bir rəmzdir. Bu gün o tərəfə hələ səsimiz gedib çatır. Sabahsa zəfərimizlə, ordumuzun qalibiyyət yürüşü ilə özümüz də oralara qədəm basacağıq. O əziz günlərlə bizim aramızdakı məsafə elə bu İncəçay qədər incədir!..
Və indi sözlərimi tamamlayarkən bu gün üçün ən böyük istəyim məhz ordumuzun adının qarşısında vüqarla dilə gətirəcəyimiz bir sözün dayanmasıdır:
Qalib ordu! 
Qarabağın küləkləri haçandır ki, bizlərdən ötrü qəribsəmiş zirvələrin, yüksəkliklərin, təpələrin başı üstündə ay-ulduzlu bayrağımızı dalğalandırmağın həsrətindədir.
Könül istər ki, and yerimiz üçrəngli bayrağımızın yolunu illərcə xiffətlə gözləyən yaralı torpaqlarımızı azad edən Milli Ordumuz hər bir yurddaşımızın bu zəfər diləyini ən yaxın sabahlarda sevimli bir gerçəyə çevirsin!
Rafael HÜSEYNOV,
Akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri
Etikxeber.az

Read Previous

Dördüncü qələbə… – FOTO

Read Next

İranın cavabı çox ağır olacaq – RUHANİDƏN XƏBƏRDARLIQ VƏ TƏHDİD

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir