Bayramov Blinken və Mirzoyanla görüşdə Ermənistanın proseslərə maneçilik törətdiyini-BƏYAN ETDİ, BMT BAŞ KATİBİ İLƏ BİR ARAYA GƏLDİ… – FOTO – YENİLƏNİB

19 sentyabr tarixində BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində, ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan Respublikası xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.

XİN-dən Etikxeber.az-a verilən məlumata görə, görüş zamanı, nazir Ceyhun Bayramov post münaqişə dövründə bölgədə sülhün təmin olunması və bu istiqamətdə zəruri addımlar barədə Azərbaycanın mövqeyini diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov 12-14 sentyabr tarixlərində Ermənistanın Azərbaycana qarşı təxribatlar və hücumlar həyata keçirməklə toqquşmalara səbəb olduğunu, bir neçə saat ərzində əldə edilmiş ilkin atəşkəsin də Ermənistan tərəfindən pozulması faktını və bununla əlavə itkilərə səbəb olduğunu vurğulayıb. Azərbaycanın bölgədə genişmiqyaslı yenidənqurma işləri həyata keçirən və keçmiş məcburi köçkünləri bölgədə yerləşdirən tərəf kimi sabitliyin pozulmasında maraqlı olmadığını bildirib.

Nazir Ermənistanın 30 il ərzində ölkəmizin beynəlxalq tanınmış ərazilərinin işğalının törətdiyi dərin fəsadlara baxmayaraq, 44 günlük Vətən müharibəsindən dərhal sonra sülh müqaviləsi imzalanması təklifini irəli sürdüyünü və bu istiqamətdə ardıcıl təşəbbüslərlə çıxış etdiyini xatırladıb.

Azərbaycanın Ermənistanla normallaşma prosesi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, habelə humanitar istiqamətlərdə səy göstərməsinə baxmayaraq, Ermənistanın proseslərə maneçilik törətdiyini, üçtərəfli bəyanatlar çərçivəsində öhdəliklərini kobud şəkildə pozduğunu bildirib.

Nazir Ceyhun Bayramov liderlər arasında üçtərəfli bəyanatlara və Brüssel görüşünün nəticələrinə uyğun olaraq davamlı sülhün təmin edilməsi istiqamətində təxirəsalınmaz danışıqlarına hazırlığını bir daha diqqətə çatdırıb.

***

Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreş ilə də görüşüb.

XİN-dən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və regionda son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov bu il qeyd etdiyimiz BMT-yə üzvlüyümüzün 30 ili ərzində münasibətlərin yüksələn xəttlə inkişaf etdiyini, ölkəmizin BMT çərçivəsində bir sıra istiqamətlərdə, xüsusilə də sülh və təhlükəsizliyin dəstəklənməsi sahəsində genişmiqyaslı təşəbbüslər irəli sürdüyünü bildirib. Nazir Ceyhun Bayramov BMT Baş Assambleyanın sədrinin və digər yüksək səviyyəli rəhbər heyətin ölkəmizə son illərdə həyata keçirdikləri səfərlərin əməkdaşlıq əlaqələrinin daha da inkişafına töhfə verdiyini məmnunluqla qeyd edib.

Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi və bu çərçivədə təşəbbüsləri qeyd olunub. Nazir daha sonra, Ermənistanın genişmiqyaslı təxribatları, sülh quruculuğu sahəsində ölkəmizin təşəbbüsləri barədə ətraflı məlumat verib. İşğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin bölgəyə geri qayıdışı barədə qarşı tərəfi məlumatlandıran nazir ərazilərimizdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin artırılmasının vacibliyini vurğulayıb.

Baş katib Antonio Quterreş BMT ilə Azərbaycanın nümunəvi əməkdaşlıq münasibətlərinə malik olduğunu, bütün istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətli olduğunu qeyd edib.

Antonio Quterreş Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri yüksək qiymətləndirdiyini bildirib.

O, Ermənistanla-Azərbaycan arasında yaranmış gərginliyin azaldılmasının və normallaşma prosesinin vacibliyini vurğulayıb.

Görüşdə tərəflər, həmçinin BMT-nin gündəliyində duran və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.

Etikxeber.az

Read Previous

Kasıb daxmasından çıxan daha bir Şəhid-AZRZULARI HƏYATI KİMİ YARIMÇIQ QALAN 20 YAŞLI SENTYABR ŞƏHİDİ SƏFİYAR MƏMMƏDOV… – FOTOLAR

Read Next

Millət vəkilindən-PELOSİYƏ KƏSKİN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir