Bekhemin tatuirovkaları uşaqlara qarşı zorakılıq problemini xatırlatmaq üçün “canlandırılır”

BMT-nin Uşaq Fondunun (UNİCEF) yeni videoçarxında bu Fondun xoşməramlı səfiri Devid Bekhemin bədənindəki tatuirovkalar nümayiş etdirilir. Məqsəd – bu tatuirovkaları reklam etmək deyil, uşaqlar üzərində zorakılıq probleminə diqqəti cəlb etməkdir.

Etikxeber.az BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, dünya futbol ulduzunun bədənindəki tatuirovkalar onun həyatının xoşbəxt və ya əhəmiyyətli mərhələləridir. Videoda bu tatuirovkalar uşaqların taleyində tamam fərqli fiziki və psixoloji izlər qoyan qəddarlıq lövhələri kimi “canlandırılır”. Videoçarxın müəllifləri uşaqların özlərinin təhlükəsiz hiss etməli olduğu yerlərdə – öz evlərində, məktəblərdə və internetdə onlarla qəddar rəftarın müxtəlif formalarını multiplikasiya vasitələrinin köməyi ilə nümayiş etdirirlər.

Devid Bekhem xatırladır ki, hazırda orta hesabla hər beş dəqiqədə bir uşaq zorakılıq nəticəsində həyatını itirir. Milyonlarla uşaq fiziki , seksual və ya psixoloji zorakılıq təhlükəsinə məruz qalır.

Məşhur futbolçu onlayn kampaniya başlayıb. Onun bu çağırışına dünyanın 22 ölkəsindən 190 mindən çox uşaq və yeniyetmə cavab verib. Uşaqların üçdə iki hissəsindən çoxu bildirib ki, onlar özləri və ya dostları fiziki zorakılığa və ya sözlə təhqirə məruz qalıb. Respondentlərin üçdə bir hissəsi polis və digər hüquq-mühafizə orqanlarının, 29 faizi öz yaşıdlarının, 28 faizi yaxınlarının, 9 faizi isə müəllimlərinin qəddar rəftarından əziyyət çəkdiyini bildirib. Bu gənclərin təxminən 80 min nəfəri uşaqlara qarşı zorakılığa son qoymaq barədə öz fikirlərini bölüşüb. Videoya aşağıdakı link vasitəsilə baxa bilərsiniz: https://www.youtube.com/watch?v=2Q3OPfPEvQk.

Etikxeber.az

 

Read Previous

“Qarabağ”-“Fiorentina” oyununu xorvatiyalı hakimlər briqadası idarə edəcək

Read Next

Bugünkü hərracda beş müəssisə özəlləşdirildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir