Belə təfəkkürlə futbolumuz istədiyimiz zirvəyə çata bilməz…- TAHİR SÜLEYMANOV YAZIR

“Qarabağ”-“Çelsi” görüşündəki hakim idarəçiliyi gündəmi zəbt edib. Müzakirələr aparılır, müxtəlif fikirlər bildirilir. Hətta, uzun illərdi “hakim də insandı, səhv edə bilər” düşüncəsini millətin ruhuna yeridənlər də dil açıb… 

Yarışın dərəcəsini kənara qoymaq şərtilə illərdi “Neftçi’, “Qarabağ”, “Xəzər Lənkəran”, “Qəbələ”, “Kəpəz”, “Bakı” və digər komandaların çıxış etdiyi çempionatımızda da kobud hakim səhvləri olu(r)b. Birində “hakim də insandı”, digərində “hakim insan deyil” təfəkkürü ilə yanaşmaq nə dərəcədə doğrudur?! Futbolda bir qayda var, boşluqlarla dolu FİFA-nın “Oyun Qaydaları”! Bütün rəsmi çempionatlar, yarışlar, oyunlar bu qaydalara uyğun idarə olunur, olunmalıdır. Fərqli fikirlər səsləndirilirsə, bu artıq ikili yanaşmadır. Belə təfəkkürlə isə Azərbaycan futbolu istədiyimiz zirvəyə çata bilməz…

Dünənə kimi xəyal görünə biləcək “Qarabağ”ın timsalında Azərbaycan klubunun “Çelsi” ilə oyundakı hakimliyi müzakirə olunur. Özü də tək Azərbaycanda yox, bütün dünyada. Bu, artıq qələbədir! Futbol bir mexanizmdir. Hakimlik isə onun əsas, aparıcı qollarından biridir. Hər dəfə bu tipli problemləri qabardanda əks fikir səsləndirənlər çox olur. Bu gün də var. “Hakimlik bəhanə gətirilməsin”, “bacarırsız qalib gəlin” və s. fikirlər ictimaiyyətin beyninə yeridilib. Fərq etməz, qarşıda Milan “İnter”dir və ya Bakı “Keşlə”si. Söhbət hakimliyin oyuna təsirindən gedir. Bu gün isə portuqal Souzanın idarəçiliyi müzakirə olunur, “Qarabağ”a qarşı haqsızlığın olduğu kütləvi şəkildə bildirilir. Bəs “Qarabağ”ın gürcülərlə ev oyunundakı hakimliyə qarşı niyə etiraz etmədik?! Dünənə kimi klubların öz haqqını müdafiə etmək cəhdləri niyə bəhanələr kimi təqdim edilirdi?! Bilərəkdən ya bilməyərəkdən. Bax budur hakimliyin gücü, qüdrəti! Bu məsələlərin kökündə “Çelsi”, “Qarabağ” və ya hansısa klub dayanmır. Siyasi, iqtisadi vəziyyət də sonrakı mərhələlərdi. Hər kəs bilir, UEFA-nın sponsorlarından biri də bizim SOCARdı. İstənilən durumun düzgün təhlili üçün səbəblər araşdırılmalıdır. Azarkeşlərə, geniş ictimaiyyətə bunlar obyektiv, tərəfsiz çatdırılmalıdır…

Ehtyac duyulduğu üçün fikirlərimi bölüşməyi özümə borc bildim. İlk öncə hər kəs bilməlidir, istənilən görüşdə hakimlər obyektivlik göstərməsə, ədalət prinsiplərini qorumasa, istəməsə heç bir klub qalib gələ bilməz. İstəyir dünya nəhəngi olsun, və ya sıradan bir klub…
Futbol qaydalarında boşluqların böyük hissəsi bilərəkdən düşünülməyib, təbiidir. Futbolda sürət, mübarizə artdıqca daha qabarıq hiss olunur. Futbol yaranandan qaydalarda kifayət qədər dəyişikliklər edilib. 50-60 cı illərdə sarı, qırmızı vərəqələr ümumiyyətlə yox idi, 90-cı ilə kimi 90 dəqiqənin 60 dəqiqəsini müdafiəçilər topu qapıçıya ötürməklə “öldürürdü”. Oyun qaydalarında edilən yeniliklər, ümumi inkişaf, texniki-tərəqqinin təsiri ilə futbol son 20-25 ildə ağlasığmaz dərəcədə sürətlənib, daha baxımlı olub, mübarizə artıb…

Futbol nə qədər inkişaf edibsə bir o qədər də hakimlik tənəzzülə uğrayıb. Bunun bir nömrəli səbəbi hakimlərin HƏVƏSKAR statusda olmasıdır. Həvəskarlardan isə peşəkarlıq tələb oluna bilməz!Dünyada ruhən peşəkar olan hakimlərin əksəriyyəti haqsızlıqla barışmayaraq karyeralarını vaxtından tez bitirib. Hakimlik çox ağır sahədir. Fiziki, psixoloji, nəzəri bilik üst səviyyədə olmaqla yanaşı mərdlik, ədalətlilik, cəsarət, iti zəka, geniş təfəkkür tələb olunur. Bir anlıq təsəvvür edin, meydanda 22 futbolçu, texniki zonada məşqçi, rəsmilər, dolu tribunaların dözülməz təzyiqi fonunda hakim meydanda təkdir və anında doğru qərar verməlidir. Və bu doğru qərar heç bir tərəfi maraqlandırmır. Hər iki tərəf öz mənafeyini güdür, istənilən yolla qalib gəlmək istəyir. Bu təzyiq altında hakim öz obyektivliyini, nüfuzunu göstərməli, qorumalıdır…

Hansı şərtlər altında?! Yüz milyonlar alan futbolçular, bir tərəfdə Messi, digər tərəfdə Ronaldo, on milyonlar qazanan məşqçilər və 90 dəqiqə ərzində onların taleyini həll edən həvəskar. Peşəkar müqaviləsi, sığortası, hüquqları olmayan hakim…FİFA, UEFA, milli federasiyalar hakimlərin peşəkar olmasının tərəfdarı deyil. Sözdə dəstək verilir. Bizim hakimlik etdiyimiz vaxtlardan indiyə kimi isə bunun qarşısı bilərəkdən kabinetlərdə oturan məmurlar tərəfindən alınır. Bu günə kimi hansı hakimin futbolçu, məşqçilər kimi hüquqlarının müdafiəsi üçün FİFA, UEFA-ya rəsmi şikayət etdiyini görmüsüz?! Hansı əsasla özünü müdafiə etsin?! Ortada müqavilə yox, sənəd yox. Ən yaxşı halda kabinetlərdə heç kimə lazım olmayan toz basacaq şəxsi şikayət ərizəsi ola bilər…

Hakimlər həvəskar olsa da, tələb peşəkar səviyyədə olur. Yuxarıda qeyd etdiyim yanaşmaya uyğun məmurlara belə durum sərfəlidir. Öz hüquqları olmayan insan meydanda futbolçu, məşqçi, stadionlarda azarkeşlərin haqq etdikləri futbol hüquqlarını tam qoruya bilməz. Belə durumda isə istedadlar əvəzinə hakim-qullar yetişdirilir. Qulları idarə etmək, alətə çevirmək isə asandır. Dünya futbolunda hakimliklə bağlı indiki durum belədir… Qeyd etdiklərimi aradan qaldırmaq əvəzinə başbilənlər dünya futbol ictimaiyyətinin başını qataraq müxtəlif üsullara əl atır. Hakim sayının artırılması ilə problemlər həll olundumu?! Kəmiyyət artımı keyfiyyətin təminatçısı ola bilməz. İndi isə videotəkrarlarla vəziyyətdən çıxış yolları axtarılır. Çıxış yolu isə birdir: peşəkar status və buna uyğun hərtərəfli təminat və istedadların yolunun açılması. Təsəvvür edin, dünyada rəsmi olaraq heç bir hakim məktəbi yoxdur. Deməli, hər küçədən keçən gəlib hakim ola, azarkeşlərin hissiyyatı ilə oynaya bilər…

Bir çoxları futbol qaydalarının birmənalı tətbiqinin tərəfdarıdır. Dəyərli dostlar, bütün dünyada futbol “Oyun Qaydaları”na uyğun idarə olunur. Bununla yanaşı İngiltərədəki idarəçiliklə İspaniyadakı hakimlik arasında böyük fərq var. Yerləri səhv düşsə İspaniyada bir çox oyunlar sona çatmaz, İngiltərədə isə stadionlar boşalar, azarkeş qəbul etməz. Avropada quzu balası kimi oynayan, davranan dünya ulduzlarının Cənubi Amerikada millilərin heyətində meydanlarda nə hoqqalardan çıxdıqlarının, hakimlərə haqlı-haqsız necə etiraz edib cəzasız qaldıqlarının dəfələrlə şahidi olmusuz. Bu oradakı hakimlərin Avropa ilə müqayisədə zəifliyi deyil, yerli mühitə uyğun idarəçiliyidir. Qaydalara uyğun “bukvoyed”, şablon idarəçilik və cəzalar olsa 100 minlərlə azarkeşin etirazını dəmir kaskalı polislər də ala bilməz, kütləvi iğtişaşlar, qırğınlar ola bilər. Bunların baş verməməsi üçün “Oyun Qaydaları” çərçivəsində ümumi futbol ruhunu, obyektivliyi qorumaq şərtilə hakim idarəçiliyi olmalıdır. Çünki, qaydalarda cinayət məcəlləsində olduğu kimi 2 ildən 7 ilə qədər cəza müddəti olan maddələr çoxdur. Oyunun gedişinə xələl gətirməmək şərtilə hakim öz idarəçilik bacarığı, intellekt səviyyəsilə meydanda bunu həyata keçirməlidir. Bunları isə qeyd etdiyim yüksək kateqoriyalı tam təminatlı peşəkarlar edə bilər. Əks halda indi olduğu kimi həvəskarlar təfəkkürlərinə uyğun 2 ili 7 edib oyunu korlayırlar, ya da məmur “tövsiyyəsi” ilə 7 ili 2 edirlər. “Oyun qaydaları”ndakı boşluqlar buna imkan verir.

Uzun illərdi qaydalarda boşluqlar olduğu üçün davamlı seminarlar keçirilir, birmənalı yozum üçün hakimlərə tövsiyyələr edilir, qaydalara əlavə izahlar verillir. Həvəskar statuslu, futbolda olan təsadüfi insanlar isə futbol ruhunu, qaydaları tam qavraya bilməz. Nə “Qarabağ”-“Çelsi” görüşündəki hakimliyə bu prizmadan baxmaq ən doğru yanaşma olar, nə ingilis klubunun hakim köməkliyinə ehtiyacı yox idi, nə də bu oyun onlar üçün son şans deyildi. Hər kəs bilirdi ki, “Çelsi”nin qələbə qazanmaq şansı 90%-dən yüksəkdir. “Qarabağ” oyuna çox yaxşı başladığı üçün Rəşad Sadıqov epizodu qırılma nöqtəsi oldu və hakimin bu qərarı final fitinə bərabər idi. Epizod dəfələrlə müzakirə olunub. Hər kəs qayda pozuntusunun olduğunu qəbul edir. Qırmızı vərəqənin göstərilməsi müzakirələrə daha çox şərait yaratdı. Yeni qaydalar tam təhlil olunub ictimaiyyətə çatdırılmadığı üçün fikirlər müxtəlif oldu.

Rəqibi qol vurmaq şansından məhrum edərək tutub saxlamaq penalti qərarı ilə qırmızı vərəqə deməkdir. Bununla yanaşı Rəşad rəqibi tutarkən hücumçu topa tam yiyələnməmişdi. Qapıçının da önə çıxmasını nəzərə alsaq Vilyamın qol vurmaq şansı 100% deyildi. Heç 11 m.-lik cərimə zərbələri belə 100%-lik deyil. Bəli, Rəşad Sadıqov səhvə yol verdi. Bunu özü də etiraf edib. Baş hakim isə nümunəvi “zubrilovka” (əzbərçi) şagird kimi qaydaları dərk etdiyi kimi qiymətləndirdi. Kontenin açıqlaması, ingilislərin qərara olan təəccüblü reaksiyaları qırmızı vərəqənin son dərəcə ağır olduğunu bir daha sübut edir. Qaydalara son dəyişiklikər elə ona görə qəbul olunub ki, komandalar bir qayda pozuntusuna görə ikili ağır cəzaya məruz qalmasın. Hakimin ikinci penaltini təyin etməsi onun hansı təfəkkürə malik olduğunu açıq büruzə verdi. Şablon idarəçiliklə hər oyunda 10-la belə penaltilər, qırmızı vərəqələr axtarıb tapmaq olar. Qaydalar buna imkan verir. Yetər ki, hakimin niyyəti və səviyyəsi yerində olmasın. 

Dünya futbolunda hakimliyin oyuna, son nəticəyə təsiri çox böyükdür. O qədər böyükdür ki, BOS-da baş tutan gözəl xoreoqrafiyanı da unutdura bildi. Böyük futbolun görünən və görünməyən tərəfləri var. Onlardan biri dünənki qarşılaşmada göründü. Azərbaycan futbolunun daha da irəli getməsini istəyiriksə futbola münasibət dəyişməlidir. Futbolda böyümək, sayılmaq istəyiriksə dərin təhlillər aparılmalı, ictimaiyyət, məsul şəxslər, jurnalist, azarkeşlər bir olmalıdır. Dünənə qədər xəyal etdiyimiz Çempionlar Liqası görüşündə dünya nəhəngi “Çelsi” ilə oyunun 70-ci dəqiqəsindən stadionun boşalmaması üçün…

Tahir SÜLEYMANOV,

Etikxeber.az

Read Previous

Messi dördüncü dəfə “Qızıl buts” aldı – FOTO

Read Next

Yuxuya nəzarət edən “ağıllı” üzük?! – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir