Belə bir kitab var–ARAZ ŞƏHRİLİNİN KİTABI…

(Sizin stolüstü kitabınız – vacib kitab)

Salam olsun, çox dəyərli oxucum!

Şükürlər  olsun böyük Allahın ədalət və mərhəmətinə ki, gözəl bir səbəb, xeyirli bir məqsəd üçün yenidən görüşmək imkanını bizə tanıdı.

Allahın salamı olsun Peyğəmbərə və onun pak Əhli-Beytinə. Bu şükrü-sənadan sonra ustad Bəhmənyara və Mahmud Kaşğariyə uca Allahdan rəhmət diləməyi özümə borc bilirəm. Ruhları şad olsun. İndi isə, istədiyi bəndəsinin üzünə bağlı qapıları taybatay açan rəhmli Allahın könüllərimizi aydınladan doxsan doqquz  adı ilə keçək mətləbə.

Yurdumuzun dahi oğlu ustad Bəhmənyarı söhbətimizin girişində rəhmətlə anmağım səbəbsiz deyil. Bu adı hələ orta məktəb şagirdi olarkən eşitmişdim. Onun ömür yolu məndə heyrət, fəlsəfəsi isə valehlik hissləri doğururdu. Həyata baxışımın formalaşmasında Bəhmənyarın fikirlərinin çox böyük təsiri oldu. Anladım ki, dünya və onun kiçik bir zərrrəsi olan insan həyatı, əslində, müəyyən qanunauyğunluqlar əsasında baş verən daimi təkrarlardan ibarətdir. Onu da dərk etdim ki, bu dairəvi hərəkətə necə daxil oluruqsa, hansı istiqaməti əsas götürürüksə, sonrakı nəsillərə də elə bu tərzi, bu yönü miras qoyuruq. Beləliklə, əcdadlarımız bizim, biz isə övladlarımızın taleyində bəzən müsbət, bəzən isə mənfi rol oynayırıq. Bu hərəkətə müdaxilə edib onun xarakterini və səmtini dəyişmək də bəzən çox çətin, bəzən isə ümumiyyətlə qeyri-mümkün olur. “Divanu Luğət-it-Türk” (ديوان لغات الترك – ”Türk dilləri lüğəti” – türk dünyasının ilk ensiklopedik əsəri – XI əsrdə yaşamış böyük türk alimi Mahmud Kaşğari tərəfindən Bağdad şəhərində 1072–1074-cü illərdə yazılmış türkcə-ərəbcə lüğətdir) əsərinin müəllifi Mahmud Kaşğarini anmağımızın səbəbinə gəlincə, bu barədə bir qədər sonra…

Yuxarıda təkrarlar məsələsinə əbəs yerə toxunmadım. Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsəri haqqında məlumata ilk dəfə bax elə bu “TARİX TƏKRARLANIR” ifadəsinin sayəsində saytların birində rast gəldim. Sonralar yenə ara-sıra müəyyən suallar yarandıqda düzgün və ya həqiqətə daha yaxın hesab etdiyim cavabları tapdığım məqalələrdə adətən mənbə kimi Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindən ” qeydi nəzər-diqqətimi cəlb edirdi…

Əski əlifbanı orta məktəbin son siniflərində, o vaxtlar Elçin müəllimin sədrlik etdiyi “Vətən” Cəmiyyətinin orqanı olan “Odlar yurdu” qəzetindən müstəqil şəkildə öyrənmişəm. Buna görə də Elçin müəllimi müxtəlif təhsil müəssisələrində mənə dərs demiş müəllimlərimdən ayırmıram. Onlardan biri, bəlkə də birincisi hesab edirəm. Gözümü açıb dünyanı dərk edəndən ana babam Molla Mürşüdün namaz qıldığını, “Quran” oxuduğunu görmüşəm. Həftənin Cümə axşamı günlərində (bu günə “Adına günü”dədeyirdilər) aramsız olaraq, təkrar-təkrar “Yasin” surəsini qiraət edərdi. “Yaasiiiin” kəlməsindən sonra  “Vəl Quranil – həkim…” ayəsinin gəlməsinə rəğmən babam və sonralar diqqət etdikdə gördüm ki, digər mollalar da arada “səlləllahu əleyhi və alihi və səlləm” deyirlər. Halbuki, kitabda bu cümlə yoxdur. Nə qədər ki, kəndimizin hüdudlarından kənara çıxmamışdım, sanırdım ki, dünyada bütün müsəlmanlar eyni qaydalara riayət edirlər. Axı dinimiz bir, kitabımız bir, imanımız birdirsə, fərqli nə isə ola bilər? Sonralar rastlaşdığım mübahisəli və eyni zamanda maraqlı məsələlərdən biri məhz “Yasin” surəsinin ilk ayəsinin oxunuşu zamanı yaranan məqam idi. Düşünürəm ki, onun ən yaxşı izahını Türküyə telekanallarının birində çıxış edən ilahiyyatçıdan eşitmişəm. Alim bildirdi ki, Həzrəti Peyğəmbərin adı çəkiləndə “səlləllahu əleyhi və alihi və səlləm” söylədiyimiz kimi, “Yasin” kəlməsini də deyəndə və ya onu eşidəndə “səlləllahu əleyhi və alihi və səlləm” duasını oxumalıyıq. Çünki “Yasin” Peyğəmbərin ləqəblərindən, ayamalarından biridir. İzah məni qane etsə də, bu suala ən dolğun cavabı verən yazılı mənbə ilə çox-çox sonralar rastlaşdım. Necə düşünürsünüz? Bu, hansı kitabdır? Beləliklə, bir çox qaranlıq mətləblərin üzərinə işıq salan “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki məlumata nəzər salaq: “Müqəddəs “Qurani-Kərim”in 36-cı surəsinin adı “Yasin”dir. 83 ayədən ibarət olan bu surəyə “Quran”ın qəlbi də deyilir. “Yasin” sözünün dəqiq mənası bəlli deyil. Bəzi təfsirçilər onun sadəcə ərəb dilindəki “ya” və “sin” hərflərindən ibarət olduğunu deyir, digərləri həmin surədəki “ya” və  “sin” hərflərinin sayında müəyyən qanunauyğunluq axtarır, başqaları “ey insan” anlamı verdiyini ehtimal edirlər. Bir təfsirə görə, “Yasin” adı altında Muhəmməd Peyğəmbər nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, “Yasin” surəsinin 2–4-cü ayələrinin məzmunu da faktiki olaraq sonuncu fikri təsdiq edir.” Bu cümlələri oxuduqdan sonra müxtəlif sahələri əhatə edən belə zəngin bir ensiklopedik kitabın daim yazı masamın üstündə, əlimin altında olmasını istədim. “Google” axtarış sisteminin köməyi ilə kiçik bir araşdırma apardıqdan sonra öyrəndim ki, şəhərimizin əsas kitab dükanlarında (“Libraff”, “Azərkitab”, “Kitabevim.az”, “Baku book enter”, “Akademkitab”, “Akademiya kitab mərkəzi”, “Book zone”, “Kitabıstan” və s.) “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsəri vardır. Mənə ən yaxın olan mağazanı seçdim və bu kitabdan iki ədəd aldım. Birini özümə, birini isə ad gününü təbrik edəcəyim dostuma. Əsl dosta layiq hədiyyədir bu kitab. Xüsusi kitabdır.

QISA ARAYIŞ. Araz Şəhrili (Abbasov) 1974–cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Əslən Zəngilan rayonunun Xurama kəndindəndir. Atası Əməkdar jurnalist, tanınmış ziyalı Ələkbər Şəhrilidir. Araz müəllim hazırda pedoqoji fəaliyyətlə və paralel olaraq yaradıcılıqla – araşdırmalarla məşğuldur. Dövri mətbuatda, ölkəmizin elmi-mədəni, ictimai-siyasi həyatında müəyyən bir fikrin formalaşmasında əhəmiyyətli rol oynayan müxtəlif kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar edir. “Monqol yürüşlərinin əsl səbəbləri və Mövlanə Cəlaləddin Ruminin sirri”, “Qacarlar sülaləsinin süqutu hansı ölkənin xüsusi xidmət orqanının işi idi”, “Geosiyasət: ziddiyyətlər və xəyanətlər (vikinqlərin Azərbaycan üzərinə yürüşlərinin əsl səbəbləri)”, “Gürcüstan və Hindistan: düşündürücü faktlar”, “Nadir şah Əfşarın nəvələrinin izi ilə”, “Şeyx Heydərin son döyüşü”, “Şah İsmayılı göytürklərin xaqan nəsli və Çingiz xanla nələr birləşdirir”, “Makedoniyalı İsgəndər və Nadir şah Əfşar: tale oxşarlıqları”, “Qərblə Şərqin müqayisəsi və ya bugünkü problemlərin tarixi kökləri”, “Ermənilərin əsl vətəni haradır: Hindistan, yoxsa Efiopiya”, “Tarix təkrarlanır”, “Babil qülləsi: dillərin hamısının kökü eynidir”, “Babil qülləsi: Çingiz xan və seyidlər”, “Babil qülləsi: Çingiz xan hansı dildə danışırdı”, “Babil qülləsi: təkrarlanan şəxs adları”, “Novruz sirləri: Novruz sözünün əsl mənası”, “Novruz sirləri: qədim romalılar Novruz bayramından niyə imtina etdilər”, “Amerika hindularının mənşəyi: türk izi barəsində düşüncələr”, «Кем был Будда, спустя века обретший бессмертие» və onlarla digər maraqlı elmi məqalənin müəllifidir.  “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərinə görə Araz Şəhrili “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşri münasibətilə təqdim olunan “Ziyadar” Mükafatına layiq görülmüşdür.

Kitabdan çoxlu misal gətirib yazını uzatmaq istəmirəm. Bu işi sizin özünüzə həvalə edirəm. Kitabla tanışlığıma vəsilə olmuş, yuxarıda qeyd etdiyim misalla kifayətlənirəm. Siz sadəcə internetin müxtəlif axtarış sistemlərində, məsələn “Google”də  Araz Şəhrili və ya “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” yazıb axtarışa verin. Əmin olun ki, nəticədən məmnun qalacaqsınız.

Sonda bir daha onu qeyd etmək istəyirəm ki, bu kitabı hər dəfə açanda Bəhmənyara, bağlayanda isə Mahmud Kaşğariyə rəhmət oxuyuram. 

Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…”  adlı 352 səhifəlik kitabı bir neçə cilddən ibarət  qalın-qalın ensiklopediyaları əvəz etmək iqtidarında olan, geniş oxucu kütləsi üçün nəzərdə tutulsa da, müxtəlif elm sahələrinin mütəxəssisləri, tələbələr, aspirantlar, doktorantlar, araşdırmaçı yazarlar tərəfindən istifadə edilə biləcək sözün əsl mənasında etibarlı və mötəbər mənbədir.

Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” kitabı müasirimiz tərəfindən dövrümüzdə yazılmış və Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk”ünə bərabər olan bir əsərdir.

Söhbətimi öz yaxınlarıma, məni tanıyan insanlara, dəyərli oxucularıma ünvanladığım kiçik bir xahişlə yekunlaşdırıram. Əziz dostlar, necə ki, mən hər dəfə bu kitabı vərəqləyəndə yuxarıda adlarını qeyd etdiyim şəxsləri rəhmətlə anıram, eyni ilə siz də – mənim tövsiyəmlə bu kitabla, sözün əsl mənasında əvəzsiz bir nemətlə tanış olanlar hər dəfə maraqlı və qiymətli bir məlumat öyrənəndə məni xatırlasınlar.

Araz Şəhrili necə xoşbəxt müəllifdir ki, bu qədər xeyirli işlərə vəsilə olur.

Öz adımdan və digər çoxsaylı oxucular adından Araz müəllimə təşəkkürlərimizi bildirir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!

Uğurlarınız bol olsun, Araz müəllim!  

10.04.2021 – Bakı.

Müəllif: Zaur USTAC,

Şair-publisist

Etikxeber.az

Read Previous

Millət vəkili bank tərəfindən vətəndaşın məzilinin müsadirə olunmasına-İMKAN VERMƏDİ…

Read Next

“Çox şirin idi, bal kimi…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir