“Belə evlilikmi olar?!” – SƏDAQƏT QƏHRƏMANOVA

Sədaqət QƏHRƏMANOVA: “Qız uşağıdır, tez ərə verim getsin, mənim başımdan olsun, belə  düşüncə olmaz…”

Erkən nikahların, boşanmaların sayının azaldılması məsələsi asan məsələ deyil. Bu gün biz getdik hardasa tədbir keçirdik, bununla erkən nikahların və ya boşanmaların sayı azalacaq, belə olmur. Bu, həm də təkcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzərinə düşmür. Burada mətbuatdan tutmuş sadə, sıravi insana qədər hamı bu məsələ ilə məşğul olmalıdır. Çünki bu, bizim milli-mənəvi dəyərlərimizdir, bizim adət-ənənələrimizdir. Bunları qabartmaq, bunları təbliğ etmək lazımdır.

Bunu Etikxeber.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova deyib.

“Bizdə “Ailə-məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul olunub. Biz hələ də o qanunu insanlara çatdırmaq istəyirik. Sadə, sıravi insanlar öz yerində, yerli icra hakimiyyətlərində və digər qurumlarda müəyyən məmurlar var, hansı ki, bu işlərlə məşğul olmalıdırlar, hələ də bu qanunun implementasiyası gedir”-deyən komitə sədrinin müavini bu məsələdə daha çox ictimai məzəmməti, ictimai qınağı önə çəkib.

“Çünki ictimai məzəmmətdən güclü silah yoxdur. Qanun da qəbul etmək olar, tədbir də görmək olar, maarifləndirici bukletlər də hazırlamaq olar, amma ən güclü təsir ictimai məzəmmətdir.

Məsələn, biz bu qanunla bağlı yerli icra hakimiyyətlərində monitorinq qrupları yaratmışıq. Monitorinq qruplarına da rəhbərlik edən icra hakimiyyəti başçılarının müavinləridir. Həmçinin, həmin qruplara hüquq-mühafizə orqanlarının, bütün sosial nazirliklərin nümayəndələri, ictimai təşkilatların nümayəndələri daxildir.

Yəni, bir fakt baş veribsə, o faktın araşdırılması ilə bütün aidiyyəti strukturlar məşğul ola bilirlər. Amma bu, təkcə fakt baş verəndən sonra məsələnin araşdırılması deyil. Məsələ ondan ibarətdir ki, ona qədər qabaqlayıcı tədbirlər görülməlidir. Həmin monitorinq qruplarının iş planları olmalıdır. Onlar vaxtaşırı sosial zəif ailələrlə görüşməlidirlər, onlara istiqamət verməlidirlər.

sadaqet

Yalnız Dövlət Komitəsinin üzvləri getdi bir dəfə rayonda tədbir keçirdi-gəldi, bununla biz məsələnin həllinə nail ola bilmərik. Ona görə də bizim bu yöndə çağırışlarımız hər bir əlaqədar strukturadır, hər bir insanadır. “Ailə-məişət zorakılığının qarşısının alınması haqqında” qanununun icrası ilə bağlı sığınacaqlar var. Bəzən mətbuat nümayəndələri də deyirlər ki, sığınacaqlar yoxdur, bu, düzgün deyil.

Bununla belə, vaxtilə Azərbaycan ailəsində bir boşanma baş verəndə o qadın uşaqları ilə gedib o sığınacaqda qalırdı? Təbii ki, xeyr. Çünki onun xalası var, bibisi var, anası var, bacısı var və sairə. Odur ki, ailə daxilində bu məsələlərin həll olunmasından ötrü milli-mənəvi dəyərlər güclənməlidir. Bu dəyərləri biz aşılamalıyıq, inkişaf etdirməliyik.

Siz sual verin ki, evlənmələr necədir? Ailə qurmaq prosesi necə gedir? Vaxtilə oğlanın və ya qızın nəslini, kökünü, ailəsini öyrənərdilər, ondan sonra qızı verərdilər və yaxud da oğulu evləndirərdilər.

İndi isə küçədə tanış olurlar, kiminsə vasitəsilə tanışlıq gedir və iki ayın müddətində evlənirlər. Bu cür evlilikmi olar?” Bir aydan sonra da boşanma prosesi baş verir. Odur ki, ailə münasibətləri çox ciddi məsələ olduğu üçün bu məsələyə çox ciddi yanaşmaq lazımdır.

Valideyn məsuliyyəti yüksəlməlidir. Valideyn öz övladlarına məsuliyyəti yüksəltməlidir, onları başlı-başına buraxmalı deyil. Qız uşağıdır, tez ərə verim getsin, mənim başımdan olsun, belə  düşüncə olmaz…”-deyə, S. Qəhrəmanova sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

“Bazar ertəsi işimin başında olacağam” – SERBİYA PREZİDENTİ

Read Next

“Məqsədimiz onları hakimiyyətdən uzaqlaşdırmaq və…” – SOSO TSİSKARİŞVİLİ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir