Belə idmançının təbliğ edilməsi düzgün deyil – SPİKER DƏ DEPUTATI DƏSTƏKLƏDİ – YENİLƏNİB

Milli Məclisin (MM) iyunun 13-də keçirilən iclasında “Bədən tərbiyəsi və idman haqqında” qanunun 11-ci (Respublika idman federasiyalarının hüquqları və vəzifələri) maddəsinə əlavə bəndlər təklif edilməsi müzakirə olunub.

Etikxeber.az-ın məlumatına görə, təkliflərdə federasiyaların vəzifə borcu kimi “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanuna və milli antidopinq qaydalarına uyğun olaraq, idmançıya və ya onun köməkçi heyətinə sanksiya tətbiq edildiyi halda, həmin sanksiyaların icra olunmasını təmin etmək tələb kimi qoyulur.

Bundan başqa, bildirilir ki, respublika idman federasiyaları tərəfindən bu qanuna yuxarıda qeyd edilən əlavənin yerinə yetirilməməsi pozuntu hesab edilir və həmin tələblər yerinə yetirilənədək dövlət büdcəsindən ayrılan maliyyə dəstəyinin kəsilməsinə səbəb olur.

Müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev təklif edib ki, qanuna gələcəkdə o da əlavə olunsun ki, qanında dopinq aşkarlanan idmançıya maliyyə sanksiyası tətbiq olunduğu müddətdə onun reklama çəkilməsi də qadağan edilsin:

“Çünki belə idmançının təbliğ edilməsi düzgün deyil. Bu, dünya təcrübəsində də var”.

Spiker Oqtay Əsədov da təklifə dəstək verib və bunun gələcəkdə nəzərə alınmasının mümkünlüyünü bildirib.

Dəyişikliklər səsə qoyularaq qəbul olunub.

***

Gündəlikdəki növbəti məsələnin müzakirəsi zamanı isə məlum olub ki, Aərbaycanda təhsil sahəsi də daxil olmaqla əksər sahələr üzrə hesablaşmalar nağdsız aparılacaq.

Yəni,  bununla bağlı “Nağdsız hesablaşmalar”, “Təhsil haqqında”, “Sosial müavinətlər haqqında”, “Məşğulluq haqqında”, “Sosial sığorta haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Turizm haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Əmək pensiyaları haqqında”, “İcbari sığortalar haqqında”, “Sığorta fəaliyyəti haqqında” qanunlara, Əmək, Cinayət, İnzibati Xətalar məcəllələrinə və digər sənədlərə dəyişikliklər edilir. Layihələrə əsasən, müvafiq olaraq qanunların əhatə etdiyi sosial sığorta, sosial müavinətlər, turizm, körpələrin qidalanması ilə bağlı müavinətlər və sair hesablaşmalar yalnız nağdsız qaydaya keçir.

“Nağdsız hesablaşmalar haqqında” qanunun 3-cü maddəsinə (Nağdsız qaydada həyata keçirilən hesablaşmalar) əlavə edilən bəndə görə isə bu cür hesablaşmalar əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə şamil edilmir.

Etikxeber.az

Read Previous

Biz istəyirik ki, bütün dünya müsəlmanları bunu bilsinlər – PREZİDENT – YENİLƏNİB

Read Next

“Halbuki onların kifayət qədər işçiləri, mühafizəçi ordusu var…” – SİYAVUŞ NOVRUZOV – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir