Belarus Lapşinin Azərbaycana ekstradisiyasına qərar verdi

Azərbaycan Baş Prokurorluğunun müraciəti əsasında Belarusda saxlanılmış bloqger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası məsələsinə baxılıb.

Etikxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Belarus baş prokurorunun müavini Aleksey Stuk A. Lapşinin Azərbaycana ekstradisiyası haqqında qərar qəbul edib. Bu barədə Ermənistan Vəkillər Palatasının sədri Ara Zohrabyan “Facebook”da yazıb.

Qərarda bildirilir: “Belarus Daxili İşlər Nazirliyinin cəzaların icrası departamentinə tapşırılsın ki, qərar qüvvəyə mindikdən sonra Lapşin Aleksandr Valeriyeviçin Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilməsini təşkil etsin. Qərar barədə Azərbaycan Baş Prokurorluğuna məlumat verilsin”.

A. Zohrabyan deyib ki, qərardan 10 gün müddətində şikayət vermək olar.

Belarus Prokurorluğundan APA-ya Aleksandr Lapşinin ekstradisiyası barədə qərarın olduğunu təsdiqləyiblər.

Onun Azərbaycana nə zaman təhvil verilməsi məsələsinə gəlincə, prokurorluqdan bildiriblər ki, A. Lapşinin 10 gün müddətində qərardan şikayət etmək hüququ var.

Xatırladaq ki, A. Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu onun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və Lapşin beynəlxalq axtarışa verilib.

A. Lapşinin Rusiya, İsrail və Ukrayna vətəndaşlığı var. Rusiyanın xarici işlər naziri Sergey Lavrov onun həbsinə və ekstradisiyasına qarşı olduqlarını bəyan edib.

Etikxeber.az

Read Previous

Rafael Hüseynov: AŞIQ ŞAKİRİN İNAMI

Read Next

Deputat İlham və Fərizənin 27-ci ildönümü ilə bağlı mərasimə qatıldı – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir