Bu gün Beyləqan rayonunun İkinci Qarabağ Savaşı Şəhidlərindən olan Elvin Tələt oğlu İsmayılovun bu gün Anım Günüdür.
Onun Əbədiyyətə uğurlanmasından üç il keçir.
Etikxeber.az xəbər verir ki, Elvin İsmayılov 1989-cu ilin mart ayının 9-da Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub.
Ailənin 4 övladından biri idi.
Uşaq vaxtlarından vətənpərvərliyi ilə seçilib, “Canavar” ləqəbi ilə tanınıb.
Azərbaycan Ordusunun hərbçisi, Çavuş idi.
Aprel döyüşlərinin iştirakçılarından olub.
İkinci Vətən Müharibəsinin ilk saniyəsindən də döyüşlərə atılıb, Füzuli və Cəbrayıl rayonu istiqamətlərində döyüşüb.
Və elə döyüşlərin ilk günündə də Cəbrayıl rayonunun Nüzgar kəndində qəhrəmancasına Şəhidlik zirvəsinə qovuşub.
Nəşi oktyabr ayının 3-də Beyləqan rayonunun Şəhidlər xiyabanında dəfn edilib.
İstər Şəhidliyindən öncə, istərsə də Şəhidliyindən sonra bir neçə medal (8 medal) və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Beyləqan rayonunda adını daşıyan küçə var.
Eyni zamanda, Beyləqan rayonunda və Bakı şəhərində yerləşən bir neçə məktəbdə Elvin İsmayılovun adını daşıyan sinif var.
O, həm də 2019-cu ildən ailənin üç övladından biri olan Beyləqanlı Şəhla Mirzəyeva adlı xanımla evli olub.
Cəmi 9 ay evli olsalar da, övladları olmayıb.
***
Bu gün Şəhidin xanımı Şəhla Mirzəyeva tərəfindən Anın Günü ilə bağlı Elvin İsmayılovun adına ehsan süfrəsi açılıb.
Şəhidin ruhuna dualar edib, Allahdan ailəsinə səbr və dözüm arzulanıb.
Şəhidin ömür-gün yoldaşı, ali təhsilli ibtidai sinif müəllimi Şəhla xanımın dediklərindən:
“Elvinlə oxşar, üst-üstə düşən cəhətlərimiz, xasiyyətlərimiz çox idi…Məsələn, Elvin yeməklərdən bozbaşı heç sevmirdi, mən də sevmirəm, mürəbbəni sevmirdi, mən də sevmirəm…Çox vətənpərvər idi, mən də onun kimi vətənpərvərəm, Vətənimə bağlayım…Toyumuzdan cəmi aylar öncə, 2019-cu ilin əvvəllərində Şəhidlərimizlə bağlı kitab yazmışdım öz vəsaitim hesabına…Sən demə, öz taleyimi yazırmışam, özümü hazırlayırmışam başıma gələcəklərə…Elvinsiz mənə çox çətindir, çox…Ancaq çalışmışam və çalışıram ki, daim onun adını uca tutum, onun Uca adına xələl gətirməyim…”
Şəhidimizin məqamı Uca, məkanı cənnətlik olsun!
Nur içində uyusun!
12:51
***
FOTOLAR:






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az