Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Beyləqan rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi Azər Cahid oğlu Şükürovun anası Fatı Şükürova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb.
Etikxeber.az-a daxil olan müraciətdə deyilir:
“Çox hörmətli Mehriban xanım!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Fatı Pənah qızı Şükürova Beyləqan rayonunun Birinci Şahsevən kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi Azər Şükürovun anasıyam. Azər mənim tək oğlum, arxam-dayağım idi. Tək oğlumu da Vətən yolunda Şəhid verdim. Azər hərbçi deyildi, özü könüllü şəkildə Vətənin müdafiəsinə yollandı və qəhrəmancasına Şəhid oldu. Oğulsuz, arxa-dayaqsız qaldım. Bir ana üçün çox ağır və dözülməz dərddir.

Onu da qeyd edim ki, Azərin iki oğlan övladı var-Nurlan və Cahid. Hər ikisi də orta məktəb şagirdidirlər. Onlar övladımın mənə-bizə əmanətidir, təsəllimi onlarla tapmağa çalışıram, balamın qoxusunu onlardan alıram.
İstəyirəm ki, hər iki nəvəm savadlı, dünyagörüşlü, atasının adına, Vətənə layiq övladlar kimi böyüsünlər. Oxusunlar, təhsilə, biliyə yiyələnsinlər. Odur ki, nəvələrimin Bakı şəhərində təhsillərini davam etdirmələrini, paytaxtımızda yerləşən məktəblərdən birində təhsil almalarını istəyirəm. Ancaq çox təəssüflər olsun ki, maddi durumumuz Bakı şəhərində kirayə yaşamağa imkan vermir. İstəyirəm ki, Bakı şəhərində mənzillə, evlə təmin olunum. Bu, həm də Şəhidimin, Vətən uğrunda canını fəda edən balamın Haqqıdır.
Ona görə nəinki Azərbaycanımızın, bütün dünyanın mərhəmət və şəfqət simvolu kimi Sizdən Bakı şəhərində evlə, mənzillə təmin olunmaq, nəvələrimin normal təhsilə yiyələnmək məsələsinə kömək və dəstək olmağınızı xahiş və rica edirəm. Xahiş və rica edirəm ki, bu iki məsələnin həllinə dəstəyinizi əsirgəməyəsiniz.
İnanıram və əminəm ki, belə də olacaq, müraciətim, xahişim nəzərə alınacaq, öz müsbət həllini tapacaq.
Öncədən də Sizə öz dərin minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun!”
Etikxeber.az