Beynəlxalq müşahidəçilər və müşahidə missiyaları seçkilərdən razı qaldımı? – YENİLƏNİB – (8)

MDB-nin müşahidə missiyası Azərbaycanda martın 20-dən işləməyə başlayıb. Ümumilikdə 221 nəfər müşahidəçi paytaxtda və regionlarda işləyib.

Etikxeber.az xəbər verir ki, bunu MDB nüşahidə missiyasının rəhbəri Sergey Lebedev mətbuat konfransında deyib.

O bildirib ki, ölkənin Seçki Məcəlləsi beynəlxalq normalara cavab verir və vətəndaşların iradəsini ifadə edir:

“Müşahidələrin aparılması üçün bütün lazımi şərait yaradılmışdı və buna görə təşəkkürümüzü bildiririk. Bizim missiyanın əsas məqsədi dövlətin daxili işlərinə qarışmaq deyil. Bu ölkənin qanunlarına hörmət etməkdir.

Qənaətimiz budur ki, seçkilər yaxşı və keyfiyyətli təşkil edildi. MSK seçkidən əvvəl treninqlər, seminarlar keçirib. Çox yaxşı informasiya materialları hazırlanmışdı. Seçkilər ajiotaj olmadan, sakit şəkildə, bayram əhvalında keçdi. Bəzi məntəqələrdə növbələr müşahidə etdik”.

Lebedev məntəqələrdə şəffaflığı təmin etmək üçün kameraların quraşdırıldığını əlavə edib.

Onun sözlərinə görə, seçkiləri kifayət qədər müşahidəçi izləyib:

“Bütün namizədlərə öz proqramlarını təqdim etmək üçün imkan yaradılmışdı. Lebedev vurğulayıb ki, 1870 seçki məntəqəsində olublar. Bəzi çatışmazlıqlar oldu, amma bunlar texniki xarakterli idi. Amma biz səsvermənin nəticəsini, onun legitimliyini şübhə altına alacaq fakta rast gəlmədik. Seçkilər açıq və şəffaf keçirildi”.

***

Azərbaycanda prezident seçkiləri qanunauyğun şəkildə keçirilib.

Bunu MDB Parlament Assambleyası müşahidə missiyasının rəhbəri İlyas Umaxanov mətbuat konfransında deyib.

O bildirib ki, Qafqazda platforma və proqram deyil, şəxsiyyətin nüfuzunun olması vacibdir. Prezident İlham Əliyev nüfuzlu liderdir.

Umaxanov əlavə edib ki, seçkilərə çox böyük maraq müşahidə ediblər. O, seçkilərlə bağlı səlahiyyətli qurumların fəaliyyətini də qeyd edib. Mükəmməl şəkildə seçki təşkilatçılığına görə Azərbaycan xalqını təbrik edib.

***

Azərbaycanda seçki prosesi səmərəli və peşəkar qaydada aparılıb.

Bunu  Finlandiya Müşahidəçilər qrupunun üzvü, sabiq millət vəkili Juha Korkeaoja deyib.

O bildirib ki, seçkilər Avropa standartlarına uyğun keçirilib:

“Seçki günü məntəqələr yaxınlığında kampaniya aparılmayıb, məntəqələrə sərbəst və məhdudiyyətsiz giriş var idi. Seçki prosesinə heç bir kənar müdaxilə qeydə alınmayıb”.

Onun sözlərinə görə, çoxsaylı müşahidəçinin MSK tərəfindən akkreditasiya edilməsi şəffaflığın artırılmasına öz töhfəsini verdi.

Bundan əlavə, müşahidəçilər səslərin sayılmasını yaxından izləyib və heç bir mühüm problem qeydə alınmayıb:

“Beləliklə, bu qənaətə gəlirik ki, seçkilər beynəlxalq normalara uyğun, şəffaf, ədalətli və azad mühitdə keçirilib”.

***

Seçki məntəqəsinələrində müşahidə apardıq. Seçicilər sərbəst şəkildə səs verirdilər. Onlara heç bir təzyiq yox idi. Heç bir kənar təsir olmadan  səslərini verib gedirdilər.

Bunu Serbiyalı deputat, vitse-spiker Veralub Arsiç prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.

Həmçinin, bosniyalı deputat Predraq Kozul da seçki ilə bağlı fikirlərini bildirib:

“Biz dost dövlətlərik. Biz dost xalqlarıq. Dövlətlərimiz və xalqlarımız arasında gözəl münasibətlər, gələcək inkişaf üçün böyük potensial var. Odur ki, bu şeçkilər münasibətilə hamınızı təbrik edirik və uğurlar arzulayırıq”.

***

Seçkilərin demokratik və ədalətli şəkildə keçdiyini bəyan edirik. İlk dəfə olaraq türkdilli dövlətlərin nümayəndəsi kimi seçkiləri əməkdaşlıq formatında müşahidə etdik. Müəyyən təcrübə və normaların formalaşmasını gördük. TürkPA adından bizə yaradılan şəraitə görə Azərbaycana təşəkkür edirik.

Bunu TürkPA baş katibi Altınbek Mamayusupov prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.

***

Azərbaycandakı seçkilərin Azərbaycan xalqına xeyirli-uğurlu olmasını arzu edirik. Seçkilər çox demokratik oldu. Seçkilərin nəticələrinə mənfi təsir göstəcək heç nə yoxdur və heç bir pozuntu ilə rastlaşmadıq. Seçkilər tam beynəlxalq standartlara və normalara uyğun keçirildi.

Bunu Türk Əməkdaşlıq Şurasının müşahidə Missiyasının rəhbəri Ömər Kocaman prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.

***

Biz seçkilərdən çox razı qaldıq. Seçkilər çox gözəl təşkil olunmuşdu. Böyük seçici fəallığı, aktivliyi vardı. Bu seçkilər münasibətilə də hamınızı təbrik edirik.

Bunu Litva parlamentinin deputatı Valeriyus Simulik prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.

***

Azərbaycanda seçkilər normal olub. Yeddi seçki məntəqəsində olduq və hər şey çox gözəl təşkil olunmuşdu. Seçicilər üçün hər cür şərait yaradılmışdı. Ona görə deyə bilirəm ki, seçkilər normal keçdi.

Bunu Böyük britaniyalı deputat Devid Morris deyib.

***

Dünən təxminən 10 seçki məntəqəsində olduq. Azərbaycanda seçkilər çox demokratik şəraitdə keçirildi, heç bir qanun pozuntusuna rast gəlmədik. 

Bunu Qırğızıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin müavini Talaybek Masabirov deyib.

“Səsvermə bərabərhüquqlu şəkildə baş tutdu. İlham Əliyevin yenidən prezident seçilməsi münasibətilə Azərbaycan xalqını  təbrik edirəm”, – deyə o bildirib.

***

Mən ilk öncə Azərbaycan parlamentinə minnətdaram. Çünki ilk dəfədir buradayam və çox hörmətlə qarşılandıq. Biz 14 seçki məntəqəsində olduq və deyə bilirəm ki, seçkilər demokratik keçdi. Xalqınıza uğurlar arzu edirəm.

Bunu çexiyalı deputat Yirji Valenta prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.

Öz növbəsində rumıniyalı deputat Viktor Ponta bildirib ki, Azərbaycanda seçkilər demokratik şərtlərə uyğun olub:

“Seçkilər beynəlxalq standartlara cavab verir. Biz mövqeyimiz tam olaraq yazılı şəkildə bildirəcəyik”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Prezident seçkilərinin ilkin nəticələri açıqlandı – MSK

Read Next

Bu, bizim tariximizdir – İLHAM ƏLİYEV – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir