Beynəlxalq səviyyədə tanınan sərhədlər güc yolu ilə dəyişdirilə bilməz – ƏLİYEV

“Azərbaycan Asiya ilə Avropa arasında yerləşir və bizim coğrafi mövqeyimiz, əslində, regionumuzda geosiyasi vəziyyəti müəyyən edir. Azərbaycan əsrlər boyu sivilizasiyaların qovuşduğu bir məkan, ölkə olmuşdur və bu gün biz tarixi irsimizi qoruyub saxlayırıq. Biz dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilməyimizlə qürur duyuruq. Coğrafi mövqeyimiz, eyni zamanda, qonşularımızla yaxşı münasibətlərimiz bizə regionumuzda yaşayan insanların mənafeyinə xidmət edən təşəbbüslər irəli sürülən bölgədə çox etibarlı tərəfdaş olmaq imkanını verdi”.

Etikxeber.az xəbər verir ki, bunu ölkə Prezidenti İlham Əliyev bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaşdır:

“Biz gənc ölkəyik. Ötən il müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd etmişik. Bu qısa müddət ərzində hesab edirəm ki, bu gün Azərbaycan dünyada hörmət edilən ölkədir. Bunun ən yaxşı nümunəsi bir neçə il bundan əvvəl Birləşmiş Millətlər Təşkilatında nümayiş olunmuşdur. O zaman Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Beləliklə, bu, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətinin bizim fəaliyyətimizə verdiyi həqiqi qiymət, bizə göstərilən etimad və hörmət əlaməti idi.

Biz islahatlar aparmaqla iqtisadiyyatımızı planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçirdik. Bu gün iqtisadiyyatın özəl sektorunun ümumi daxili məhsulda payı 80 faizdən artıqdır. Azərbaycan qonşularla regional əməkdaşlığın yeni formatını tətbiq etdi. Eyni zamanda, 20 ildən də artıq müddətdən əvvəl təşəbbüskar qismində çıxış etdiyimiz enerji və nəqliyyat layihələri bu gün nəinki təkcə bizim üçün, həmçinin region üçün də yaxşı nəticələr verir.

Bu gün enerji təhlükəsizliyi məsələlərinə milli təhlükəsizlik məsələsindən ayrı baxıla bilməz. Siyasətimiz birinci növbədə qonşularımızla, eyni zamanda, müsəlman dünyası, – biz müsəlman dünyasının bir hissəsiyik, – və Avropa ilə əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Biz bu yaxınlarda Avropa İttifaqı ilə bir çox əməkdaşlıq sahələrini əhatə edəcək yeni razılaşma üzərində danışıqlara başlamışıq”.

Prerzident qeyd edib ki, biz çox nadir ölkələrdən biriyik ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüyük. 2015-ci ildə biz ilk Avropa Oyunlarını təşkil etdik:

“Bu il biz IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyik. Beləliklə, bu, bizim niyyətlərimizi göstərir və biz sivilizasiyalar, mədəniyyətlər arasında dialoqa çoxlu töhfə veririk.

Üzləşdiyimiz problemlərdən ən böyüyü Ermənistan tərəfindən Azərbaycan ərazisinin davamlı işğalıdır. Bu da Ermənistan tərəfindən etnik təmizləmə və ərazimizin 20 faizinin işğalı ilə nəticələnmişdir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Bu qətnamələr iyirmi ildən artıqdır ki, kağız üzərində qalmaqdadır. Bütün münaqişələrin həlli eyni prinsipə, eyni yanaşmaya əsaslanmalıdır.

Hər bir ölkənin ərazi bütövlüyünə hörmət edilməlidir, onu pozmaq olmaz. Beynəlxalq səviyyədə tanınan sərhədlər güc yolu ilə dəyişdirilə bilməz. Ermənistan və Azərbaycan arasında münaqişə həmçinin region üçün ən böyük təhlükədir. Bizim konstruktiv siyasətimiz münaqişənin BMT Təhlükəsizlik Şurasının və digər vacib təşkilatların qəbul etdiyi qətnamələr əsasında sülh yolu ilə ən tez nizamlanması məqsədini daşıyır”.

Etikxeber.az

Read Previous

“Sabah separatçılara “atəşli salam” göndərmək üçün yaxşı fürsətdir…” – POLİTOLOQ

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 30 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir