“Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq Afrika ölkələri olmadan qeyri-səmərəlidir…”-DEPUTAT

Bu gün, Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 29-cu il dönümüdür.

Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında siyasi, sosial-iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli münasibətlər mövcuddur.

Əlaqələrin qurulduğu gündən etibarən iki dövlət, əməkdaşlığın daha da gücləndirilməsi üçün önəmli addımlar atırlar.

Əməkdaşlıq turizm, kənd təsərrüfatı, gəmiqayırma, ticarət, maliyyə, informasiya və kommunikasiya texnologiyaları, emal sənayesi, hərbi sahə, farmakologiya, enerji, mədənçilik, təhsil, ticarət və s. Kimi sahələrdə həyata keçirilir.

1992-ci ildən bəri dövlətlərimiz arasında çoxlu işlər görülüb. 2008-ci ilin iyun ayında Cənubi Afrikanın birinci xanımı Zanele Mbekinin rəhbərlik etdiyi nümayəndə heyəti “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” beynəlxalq forumunda iştirak etmək üçün Azərbaycana səfər etdi.

2012-ci ildə Pretoriya Universitetinin Mərkəzi kitabxanasında Azərbaycana həsr olunmuş sərgi keçirilmişdi.

2014-cü ilin fevralında sabiq Xarici İşlər naziri Cənubi Afrikaya səfər etmişdi və səfər zamanı “Azərbaycan Respublikası hökuməti ilə Cənubi Afrika Respublikası hökuməti arasında müntəzəm diplomatik məsləhətləşmələrə dair Anlaşma Memorandumu” imzalanmışdı.

2014-cü ilin sentyabr ayında Cənubi Afrikanın Paramount Group şirkəti ilə Azərbaycanın AirTechServices Corporation şirkəti arasında helikopterlərin və təyyarələrin modernləşdirilməsi məqsədilə Paramount Aerospace Azerbaijan-ın yaradılması barədə müqavilə imzalanmışdır.

Cənubi Afrika Milli Kosmik Agentliyi (SANSA) aşağı orbitli “SPOT 6” və “SPOT 7” peyklərindən siqnalların qəbulu üçün bir stansiya quraşdırılıb (AzerSky).  Azərbaycan televiziya və radio yayımı (AzTV) və Azərbaycanın ictimai televiziyası SABC (Cənubi Afrika Yayım Korporasiyası) ilə əməkdaşlıq edir.

2016-cı ilin Noyabr ayında Cənubi Afrikanın beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsi yanında Diplomatik Akademiyanın rəhbərliyi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır. 26 fevral 2018-ci il tarixdə Pule Malefanenin rəhbərlik etdiyi Cənubi Afrika nümayəndə heyəti Azərbaycana səfər etmişdi. Səfər zamanı aşağıdakı sənədlər imzalanıb:

  • Azərbaycanın Ticarət və Sənaye Palatası ilə anlaşma memorandumu;
  • Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Anlaşma Memorandumu

Nəzərdən keçirilən sənədlər arasında isə müdafiə sahəsində əməkdaşlıq, neft və qaz sektorunda əməkdaşlıq, hava əlaqəsi haqqında saziş, diplomatik və xidməti pasportlara sahib olan vətəndaşlar üçün vizasız səyahət, investisiyaların təşviqi və qorunması haqqında saziş və.s sənədlər vardır.

Cənubi Afrika hökuməti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və tanıyır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Cənubi Afrika Respublikasına təşəkkürümü bildirirəm. Həmçinin Cənubi Afrikada “Azərbaycanın Dostları” adlı bir təşkilat fəaliyyət göstərməkdədir.

Fikrimcə ölkəmizin nəinki Cənubi Afrika, habelə bütün Afrika ölkələri ilə sıx əlaqələrin qurulması, Azərbaycan xalqının necə multikultural, tolerant və sülhsevər olduğunun bariz nümunəsidir.

Həmçinin unutmaq lazım deyil ki, BMT çərçivəsində, beynəlxalq qurumlarda Afrikanın böyük, nüfuzlu dövlətlərinin dəstəyini qazanmaq, Azərbaycanın beynəlxalq hüquqlarının təmin olunmasında onların səsindən, mövqeyindən istifadə etmək müstəqil dövlətimizin xarici siyasət vəzifələrinə daxildir.

Çünki Afrika ölkələri BMT üzvlərinin 1/3-ni təşkil edir və istənilən səsvermədə ciddi faktor rolunu oynayırlar. Bundan başqa, “bitərəf dövlətlər” Beynəlxalq Frankofon Təşkilatının (BFT) yarıdan çoxunu, İslam Konfrası Təşkilatının (İKT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) üçdən birinə qədərini təşkil edirlər.

Buna görə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq Afrika ölkələri olmadan qeyri-səmərəlidir.

Bütün qeyd olunanları diqqətlə analiz etsək, bir nəticəyə gəlmək olar.

Prezident İlham Əliyevin apardığı uzaqgörən xarici siyasəti ölkəmizin mənafelərinin bütün beynəlxalq təşkilatlarda və dövlətlərarası münasibətlərdə cəsarətlə qorunmasına, xalqın böyük etimad və hörmətinin qazanılmasına gətirib çıxarıb.

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Türkiyə – Azərbaycan birliyi, dost ölkələrin dəstəyi, haqqın səsi Baydenləri fitnəkar və rəzil kimi tarixin arxivinə göndərəcək”-MM-İN KOMİTƏ SƏDRİ

Read Next

Daha 1392 yeni yoluxma-DAHA 29 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir