“Binə”də – GÜCLÜ YANĞININ QARŞISI ALINDI, 3 NƏFƏR XƏSARƏT ALDI – YENİLƏNİB – (3)

Bakının Qaradağ rayonu ərazisində yerləşən “Binə” ticarət mərkəzində güclü yanğın başlayıb.

Etikxeber.az-ın məlumatına görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunub.

İlkin məlumata görə, yanğın ticarət mərkəzinin paltarlar satılan 3-cü sırasından başlayıb, alov burada bir neçə mağazanı bürüyüb və digər sıralara doğru irəliləyir.

Hadisə yerində FHN-in qərargahı yaradılıb.
Yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.
***
Yanğnla bağlı FHN məlumat yayıb.
Qeyd olunur ki, nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Binə Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək.
***

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Qaradağ Rayon Polis İdarəsinin rəisi və digər rəsmi şəxslər də hadisə yerinə gəlib.

Hazırda yanğın davam edir.

Müşahidə olunan külək də alovun yayılmasına şərait yaradır.

FHN-in ərazidə olan əməkdaşlarının bildirdiyinə görə, hadisəyə elektrik naqillərində yaranmış qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

***

“Binə” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım briqadasının həkimləri bildirib.

Qeyd olunur ki, xəsarət alanlar sahibkarlardır. Onlar yanan mağazalardan əşyaları çıxaran zaman tüstüdən zəhərlənib və ya yanıq xəsarətləri alıblar. Həmin şəxslərə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib.

***

Yanğının qarşısı alınıb. Hazırda ərazidə soyutma işləri aparılır.

Bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev “Binə” ticarət mərkəzində baş vermiş yanğınla bağlı jurnalistlərə müsahibəsində deyib.

Nazir müavininin sözlərinə görə, hadisənin baş verməsinin dəqiq səbəbləri bilinmir. O, həmçinin yanğın nəticəsində sahibkarlara dəymiş ziyanın hesablanacağını da bildirib.

İlkin ehtimala görə, yanğın təxminən 2000-3000 kv.m ərazini əhatə edib.

Etikxeber.az

 

Read Previous

Millimizin heyətində dəyişiklik – EMRELİ İKİ OYUNDA İŞTİRAK EDƏ BİLMƏYƏCƏK

Read Next

50 mindən çox əmanətçinin qorunmayan depoziti geri qaytarılacaq – OKTYABRIN 16-DAN – EKSPERT YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir