Binəqədinin İkinci Vətən Müharibəsi İgidləri, Qəhrəmanları və Şəhidləri-VAHİD ABBASOV VƏ ƏLİ BAYRAMOV… – FOTOLAR

Daha iki Şəhidimiz, daha iki İkinci Vətən Müharibəsi Qəhrəmanı və İgidimiz…

Daha iki nur üzlümüz, daha iki nur simalımız…

Zəfərimizə, Qələbəmizə görə, ruhları qarşısında bir ömür boyu borclu olduğumuz Vətən Oğulları, Vətən sevdalıları…

Hər ikisi də Bakılı, Binəqədili balası…

27 yaşlı Vahid Sahib oğlu Abbasov, 22 yaşlı Əli Nadir oğlu Bayramov…

10 noyabr 1994-cü il doğumlu Vahid, 24 mart 1999-cu il doğumlu Əli…

Vahid əslən Şəkili olsa da, özü Bakıda, Binəqədidə yaşayıb, böyüyüb, 47 saylı orta məktəbə gedib…

Əligil isə Bakının məşhur “Sovetski” məhəlləsindən olsalar da, 1997-ci ildən ailəsi-valideynləri Binəqədiyə köçüblər, Əli özü də Binəqədidə dünyaya gəlib və Binəqədidə də məktəbə gedib…

Biri könüllü olub, biri 10 ayın əsgəri…

Vahid İkinci Vətən Müharibəsinin iştirakçısı olmaqla yanaşı, Aprel döyüşlərinin də iştirakçılarından olub… Həmin vaxt (2015-2017-ci illərdə) hərbi xidmətdə qulluq edib…

Əli isə bir qədər gec, 21 yaşında, 2020-ci ilin yanvarında hərbi xidmətə yollanıb…

Əvvəlcə Ağcabədidə, sonra isə Füzülidəki hərbi hissələrdən birində xidmət edib…

Hər ikisi də müharibə başlanan ilk gündən, ilk saniyədən Vətən, Qarabağ uğrunda döyüşlərə atılıb…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstəriblər…

İkisi də eyni istiqamətlərdə-Füzulidə (və Cəbrayılda) ağır döyüşlərdə iştirak ediblər…

Vahid oktyabrın 21-də Cəbrayıl istiqamətində döyüşlərdə, saat 1-2 radələrində qəhrəmancasına həlak olub, Şəhidlik zirvəsinə ucalıb…

Şəhidliyi də ailəsinə oktyabrın 23-də xəbər verilib, 24-də isə nəşi Bakıya, Binəqədiyə gətirilərək, kənd (qəsəbə ) qəbiristanlığında torpağa tapşırılıb…

Əli isə oktyabrın 1-də, axşam saatlarında, Füzulinin Qaraxanbəyli kəndi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olaraq, Şəhidlik məqamına yüksəlib…

Ancaq Şəhidlik xəbəri oktyabrın 4-də ailəsinə verilib və nəşi oktyabrın 5-də Binəqədi kənd (qəsəbə) qəbiristanlığında dəfn olunub…

Vahid axırıncı dəfə ailəsi ilə ayın 20 və 21-də əlaqə saxlayıb, 20-də atası, 21-də, Şəhidliyindən bir az öncə isə anası Natella müəllimə (47 saylı məktəbin müəllimidir) ilə danışıb…

Əli isə axırıncı dəfə ailəsi ilə sentyabrın 30-da, Şəhidliyindən bir gün öncə danışıb…

Vahid ailənin tək oğlu, iki bacının bir qardaşi olub, Əligil isə ailədə iki qardaş, bir bacı olublar…

Əli həm də evin sonbeşiyi olub…

Əlinin atası Nadir Bayramovun dediklərindən:

“Əli Şəhidliyindən bir gün öncə döyüş yoldaşlarına, komandirinə deyib ki, mən Şəhid olacağam…Hətta komandiri deyib ki, Əli, sən nə danışırsan, oğlum qayıdıb deyib ki, mən elə-belə demirəm, Şəhid olacağam…Və cəmi bir gün sonra, oktyabrın 1-də də Qaraxanbəylidə ağır döyüşlərdə Şəhid olub…”.

Vahidinin də ürəyinə həlak, Şəhid olacağı damıbmış və bu haqda bacısının yoldaşı ilə telefon söhbətində deyibmiş…

Vahidin atası Sahib Abbasovun dediklərindən:

“Kürəkənimlə danışanda deyib ki, haqqınızı halal edin, elə bir yerdəyəm ki, bəlkə geri dönə bilmədim…Atamdan, anamdan muğayat olun…Və oktyabrın 21-də saat 1-2 arasında da Cəbrayıl istiqamətində döyüşlərdə Şəhid olub…Bizə də Şəhidliyindən iki gün sonra xəbər verdilər…24-də də dəfn etdik…”

Hər iki Şəhidimiz ölümündən sonra igidliklərinə, qəhrəmanlıqlarına görə, Ali Baş Komandan tərəfindən iki medalla – “Vətən uğrunda”“Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub…

Onu da qeyd edim ki, Şəhidlərimizdən biri-Vahid haqqında ilk dəfə onun döyüş yoldaşı olmuş Qazi Elnur Ərzuman oğlu Məmmədovdan eşitmişdim…

Və bu gün Elnurun ailə üzvləri ilə birlikdə Vahidgilin ailəsini ziyarət etdik…

Ziyarət zamanı digər Şəhidimizin-Əlinin atası, Birinci Qarabağ Savaşının iştirakçısı Nadir Bayramovla da orada tanış olduq…

Və Şəhid ailələri-valideynləri ilə söhbətləşdikdən, dərdləşdikdən sonra onların-İgidlərimizin dəfn olunduğu, uyuduğu məkana, Binəqədi kənd (qəsəbə) qəbiristanlığındakı Şəhidlər Xiyabanına, Şəhidlərimizin məzarlarını ziyarət etməyə getdik…

Həm Əlinin, həm də Vahidin (o cümlədən digər Şəhidlərimizin) məzarlarına baş çəkdik, ruhlarına dualar oxuduq, Allahdan rəhmət dilədik…

Hər ikisi də nurlar içində yatsın, məkanları cənnətlik, məzarları behiştlik olsun!

Allah hər ikisinin ailəsinə səbr, dözüm versin!

Hər ikisinin də ruhu qarşısında baş əyirəm, baş əyirik!

Baş tacımız, and yerimizdirlər!

Daim mənən, ruhən bizimlədirlər, bizimlə də yaşayacaqlar!

Şəhidlər ölməz, Vətən bölünməz!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

13.05.2021, Binəqədi

Etikxeber.az

Read Previous

Zərdab Oğulları Haqq Savaşımız olan Qarabağ müharibəsində-JALƏ ƏLİYEVA YAZIR

Read Next

ATƏT sədri Azərbaycan və Ermənistan XİN başçıları ilə telefonla danışdı-SƏRHƏDDƏKİ GƏRGİNLİK MÜZAKİRƏ OLUNDU – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir