“Bir daha mesaj verildi ki, artıq heç bir “gizli əl” Azərbaycan-Rusiya münasibətlərinə zərbə zura, ona kölgə sala bilməz…”-MİLLƏT VƏKİLİ YAZIR – (BİRİNCİ HİSSƏ)

Genişlənən, möhkəmlənən Azərbaycan-Rusiya, Rusiya Azərbaycanın əməkdaşlığı, münasibətləri

(Birinci hissə)

Azərbaycan-Rusiya, Rusiya-Azərbaycan münasibətləri, qarşılıqlı əlaqələri, ikitərəfli və çoxtərəfli əməkdaşlıqlar son illər genişlənməkdə, yüksələn xətt üzrə daha da inkişaf etməkdədir.

Bu istiqamətdə uzun yol, böyük məsafə qət edilmişdir desək, yanılmarıq.

İkinci müstəqilliyimizin ilk illərində, keçmiş iqtidarların (həm Azərbaycan, həm Rusiya) dövründə yaranan gərginliklər, yaşanan anlaşılmazlıqlar Ulu Öndər Heydər Əliyevin ikincə dəfə hakimiyyətə gəlişindən sonra, o cümlədən onun siyasətinin layiqli davamçısı və uğurlu estafetçisi ölkə Prezidenti cənab İlham Əliyevin 18 illik iqtidarlığı dönəmində və Rusiya Fedarasiyasının Prezidenti cənab Vladimir Putinin həyata keçirdiyi realist, praqmatik siyasət nəticəsində aradan qaldırılmış, əvvəlki relsinə qaytarılmış, bütün sahələrdə əsl əməkdaşlıq, tərəfdaşlıq niyyətləri nümayiş etdirilmiş və qarşılıqlı münasibətlərin ən yüksək həddinə nail olunmuşdur.

Xırda nüansları nəzərə almasaq, demək olar ki, bütün məsələlərdə eyni mövqedən çıxış edilmiş, hətta bir çox hallarda müttəfiqlik münasibətləri nümayiş olunmuşdur.
Təbii ki, münasibətlərin belə səviyyəyə çatdırılmasında Qalib, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin xidmətləri müstəsnadır, heç nə ilə müqayisə edilməz, ölçüyəgəlməzdir.

Azərbaycan Prezidentin uzaqgörən, müdrik, son dərəcə tarazlaşdırılmış və balanslaşdırılmış daxili və xarici siyasət kursu nəticəsində ATƏT-in Minsk qrupunun həmsədrlərindən və Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsində həlledici rola, əsas söz sahibliyinə malik olan Rusiya kimi qüdrətli bir ölkə 44 günlük tarixi İkinci Vətən müharibəsi zamanı xırda detallar istisna olunmaqla, ədalətli mövqeyini ortaya qoymuş, ona böyük ümidlərlə yanaşan, onun forspostu olmaqdan başqa çıxış yolu görməyən təcavüzkar və işğalçı Ermənistanın arzularını gözündə qoymuş, Azərbaycanın haqlı mübarizəsi və mücadiləsinə mane olmamışdır.

Nəticə isə göz qabağındadır: Azərbaycan xalqı və dövləti 32 illik Qarabağ münaqişəsini cəmi 44 günə, öz gücü, öz qüdrəti hesabına həll edərək, tarixi Qələbə və Zəfər qazanmış, işğalçı və təcavüzkar Ermənistanı qarşısında diz çökdürmüş, kapitulyasiya sənədinə, üçtərəfli bəyanata imza atmağa məcbur və vadar etmişdir. 10 noyabr bəyanatı ilə Ermənistan rəsmən Azərbaycan qarşısında acizliyini və məğlubiyyətini etiraf etmişdir. 10 noyabr bəyanatının təşəbbüskarı, onun baş tutmasının əsas səbəbkarı isə Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putin olmuşdur və bu addımı ilə Rusiya lideri haqlının, qalibin, ədalətlinin yanında olduğunu, yer aldığını öz imzası ilə təsdiqləmişdir.

Ən vacib və ən önəmli məqamlardan biri də odur ki, Rusiya prezidenti Azərbaycan lideri ilə hər bir görüşündə daim bərabərhüquqlu, müstəqil dövlətin rəhbəri ilə qarşı-qarşıya dayandığını, ona hörmətlə yanaşdığını nümayiş etdirmiş, ancaq Ermənistan rəhbərliyi, xüsusilə Paşinyanla görüşlərində Rusiyanın sankı quberniya başçılarından biri ilə görüşürmüş kimi davranmış, rəftar etmişdir. Bunun özü isə Rusiya-Azərbaycan, Azərbaycan-Rusiya, Əliyev-Putin, Putin-Əliyev münasibətlərinin hansı səviyyədə və zirvədə olduğunu bir daha gözlər önünə sərmiş və sərməkdədir.

Heç təsadüfi deyil ki, bir neçə gün öncə Azərbaycan Prezidenti cənab İlham Əliyevin bir günlük, əslində cəmi bir neçə saatlıq Rusiyaya işgüzar səfəri, cənab Vladimir Putinlə bir araya gəlməsi, onunla yüksək səviyyədə görüşü deyilənlərin daha bir əyani sübutu və nümayişi olmuşdur.

Qeyd etmək lazımdır ki, bu görüş, bu səfər İkinci Vətən müharibəsindən sonra, yəni son 6-7 ay ərzində Azərbaycan prezidentinin Rusiyaya ikinci səfəri, Rusiya lideri ilə ikinci görüşü, təması olmuşdur.

Həmçinin vurğulamaq gərəkdir ki, gələn il-2022-ci ildə iki ölkə – Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi tamam olacaq ki, bunun özü də çox mühum məqamlardandır. Heç təsadüfi deyil ki, Rusiya prezidenti Azərbaycan lideri ilə görüşündə bunu “böyük bayram” kimi qiymətləndirərək, münasibətlərin hansı səviyyədə olduğuna, hansı məcrada inkişaf etdiyinə bir daha işarə etmişdir.

“Moskvaya gəlməyə razılıq verdiyiniz üçün Sizə təşəkkür edirəm. Allaha şükür, koronavirusdan sonra münasibətlərimiz bərpa olunur, ilk növbədə, iqtisadiyyatı nəzərdə tuturam. Keçən il müəyyən azalma olmuşdu, indi inamlı artım, bərpa gedir”, – deyən Rusiya lideri bildirmişdir ki, Rusiya iqtisadiyyat sahəsində inamla lider yerlərdən birini tutur və iki ölkənin hökumətlərarası komissiyası fəal işləyir, orada əməkdaşlıq istiqamətləri çoxdur.

O da məlumdur ki, Azərbaycan ərazisində birgə istehsalın genişləndirilməsi üzərində işlər illərdir gedir və davam edir. Bunun özü də heç şübhəsiz ki, Azərbaycanın bir tərəfdaş kimi öz öhdəliklərinə, öz vədlərinə, öz sözlərinə necə sadiq və sədaqətli olduğunun göstəricisidir.

Məlum görüş zamanı bu məsələ bir daha, özü də Azərbaycan Prezidenti tərəfindən dilə gətirilmiş, eyni zamanda, o da ən mühüm məqamlardan biri olaraq qeyd edilmişdir ki, regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır.

Azərbaycan prezidenti “Əlbəttə, bilirəm ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz. Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır. Onlar həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, – biz hamımız isə bunu istəyirik, – onda bu yolla getməliyik. İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə Sizə təşəkkür etmək istəyirəm”, – deyərək, yaxın vaxtlarda Rusiyaya Azərbaycandan nüfuzlu nümayəndə heyətinin göndərilməsinin planlaşdırıldığını bildirmiş və əlavə etmişdir ki, bu nümayəndə heyəti həmin məsələlərlə artıq Bakıda məşğul olacaq.

Azərbaycan prezidentinin də vurğuladığı kimi, onlar müxtəlif məkanlarda müntəzəm surətdə görüşürlər və bu, müxtəlif istiqamətlər üzrə qarışıq qrup olacaq: həm sənaye, həm nəqliyyat, həm infrastruktur və bəzi başqa məsələlər nəzərdə tutulur.

Görüş zamanı son bir il yarımda bütün dünyanı başına götürmüş və “gizli düşmən” adlandırılan koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı məsələ də əsas müzakirə mövzularından olmuş və bildirilmişdir ki, bu bəla ilə mübarizədə get-gedə daha geniş və fəal əməkdaşlıq edilir. Artıq bu əməkdaşlığın nəticəsidir ki, Rusiyadan Azərbaycana 100 min doza vaksin göndərilmişdir.

Eyni zamanda, Rusiyadan 200 min dozadan artıq “Sputnik V” vaksini alınmışdır və bu vaksinin yenə göndərilməsi gözlənilir. Bilirik və heç kimə sirr deyil ki, Rusiyadan həmin vaksini almaq istəyənlərin sayı lap çoxdur. Ona görə ki, bu vaksin öz effektivliyini sübut etmişdir və əlbəttə, yəqin ki, hamını təmin edə bilmək də çox çətindir. Lakin Rusiya ilə dostluğumuzun, tərəfdaşlağımızın daha bir uğurlu nəticəsidir ki, biz vaksini alanlar arasında ilk sıralardayıq. Bunun özü də münasibətlərin, Azərbaycan-Rusiya, Rusiya-Azərbaycan əməkdalıq və tərəfdaşlıq münasibətlərinin necə və hansı səviyyədə olmasının əyani və bariz nümunəsidir. Necə deyərlər, əlavə və geniş izaha ehtiyac yoxdur.

Rusiya prezidenti kimi, Azərbaycan lideri də iki ölkə arasında əməkdaşlıq məsələsindən danışarkən bir daha “biz çox inamla irəliləyirik”, – deyə bildirmişdir.

Heç təsadüfi deyildir ki, 2021-ci ilin birinci yarısında əmtəə dövriyyəsi artmışdır ki, bunun özü də çox vacibdir. Çünki keçən il məlum pandemiya səbəbindən 10 faizdən çox azalma olmuşdur.Bununla yanaşı, nəqliyyat-tranzit münasibətləri məsələsində də əməkdaşlıq fəal surətdə genişləndirilməkdədir və bunun nəticəsidir ki, ilkin məlumatlara görə, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə keçənilki ilə müqayisədə təqribən 20 faiz çox yük daşınmışdır. Bunun özü göstərir və sübut edir ki, bu dəhliz artıq işləyir və demək olar ki, geniş həcmdə.

Həmçinin qeyd etmək lazımdır ki, təhsil sahəsində qonşu ölkə ilə əməkdaşlıq münasibətləri geniş həcmdə inkişaf etdirilmiş və etdirilməkdədir. Belə ki, bu əməkdaşlığının bariz nümunəsi kimi, bu il Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialının birinci buraxılışı olmuşdur ki, bu da əlamətdar hadisədir.
Bəli, deyildiyi kimi, zaman sürətlə keçir.

İki filialda – MDU-nun və Seçenov Universitetinin filiallarında mindən çox tələbə təhsil alır. Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı 15 mindən çoxdur. Azərbaycanda isə 16 min tələbə rus dili bölməsində təhsil alır.

Beləliklə, Azərbaycan gənclərinin belə böyük dəstəsi artıq Rusiya ilə dil, ünsiyyət və təhsil vasitəsilə bağlıdır. Odur ki, bizim təcrübəmizi böyüməkdə olan nəslə əməli surətdə ötürmək çox vacibdir.

Əlbəttə, regionda münaqişədən sonrakı vəziyyət mövzusu da var. Çünki məlum 10 noyabr bəyanatından, Azərbaycanın tarixi Qələbəsindən sonra yenə Ermənistan tərəfindən vəziyyəti gərginləşdirməyə yönəlmiş cəhdlər, təxribatlar edilməkdədir. Hələ də ən mühüm və vacib məqamlardan olan mina xəritələrinin Azərbaycana təhvil verilməsi məsələsində Ermənistan tərəfi ənənəvi qeyri-konstruktivliyini və ziyanlı mövqeyini nümayiş etdirməkdədir.

Düzdür, Ağdam, Füzuli və Zəngilanın mina xəritələri Azərbaycanın təzyiqlərindən, möhkəm dirənişi və sərt xəbərdarlıqlarından sonra ölkəmizə təhvil verilmişdir.
Amma hələ də mina xəritələri problemi tam şəkildə həll olunmamışdır. Bu baxımdan, regionda daimi və əbədi sülhə nail olunması üçün hələ də müəyyən addımların atılmasına ehtiyac var. Azərbaycan isə hər zaman olduğu kimi, bu gün də Qalib ölkə olaraq, bu yöndə səmimi və əməli niyyətlərini davam etdirməkdədir.

Səfər, görüş zamanı “Bu məsələyə daimi diqqətinizə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakınıza görə Sizə təşəkkürümü bildirmək istərdim. Biz Sizinlə daim əlaqə saxlayırıq. Hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb”, – deyə bəyan edən Azərbaycan prezidenti bir daha sülh mövqeyindən çıxış edərək bildirmişdir ki, biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik və ümumi səylərimizlə buna nail olacağıq.

Bəli, Ermənistanın, revanşizm hissi alışıb-yananların bütün cəhdlərinə, təxribatlarına, iki ölkənin dövlət sərhəddində törədilən təxribat və pozuculuq cəhdlərinə rəğmən, sülh sazişi qaçılmazdır.

10 noyabr bəyanatına necə imza atmışdırsa, Ermənistan sülh sazişinə də əvvəl-axır o cür imza atacaqdır. Çünki onların başqa çıxış-xilas yolu yoxdur. Bunun əksini düşünmək belə sadəlövhlükdür. Əksi yenə “Dəmir Yumruq” və Ermənistanın bir dövlət olaraq, məhvi deməkdir.

Biz seçimimizi etdik, sözümüzü dedik, xəbərdarlığımızı bildirdik, mesajımızı ötürdük, indi dərs çıxarmaq və ağıllı qərar vermək qarşı tərəfindir. Yenə də altını cızaraq qeyd edirik ki, əksi “Dəmir Yumruq” və Ermənistanın birdəfəlik məhvidir.

Bəli, son Moskva görüşü bir daha və bir daha iki ölkə arasında münasibətlərin yüksələn xətlə davam etdiyini və hər iki tərəfin də bundan məmnunluq duyduğunu hər kəsə nümayiş etdirdi.

Bir daha mesaj verildi ki, artıq heç bir “gizli əl” bu münasibətlərə zərbə zura, ona kölgə sala bilməz. Bu, mümkün deyil və mümkün də olmayacaq.

Çünki hər iki dövlətin, xüsusilə, hər iki ölkənin liderlərinin iradəsi ortadır və bu iradəni də kimsə nə iləsə sarsıda bilməz. İstər səfər öncəsi, istərsə də səfərdən sonra yüksək səviyyəli (baş nazirin müavini, iqtisadiyyat naziri səviyyəsində) nümayəndə heyətlərinin ölkəmizə səfərləri, dövlət başçısı və digər rəsmi şəxlər tərəfindən qəbullar, bir sıra sənədlərin imzalaması verilən sözlərin möhkəm tutulmasının, dostluğa, əməkdaşlığa necə mühüm önəm verilməsinin əyani təcəssümüdür.

Bütün bunlar hər birimizdə tam və qəti əminlik hissi yaradır ki, Azərbaycan-Rusiya, Rusiya-Azərbaycan münasibətləri bundan sonra daha da inkişaf edəcək, daha da möhkəmlənəcək, daha da geridönməz xarakter daşıyacaq.

Bundan qazananlar, udanlar isə yenə dövlətlərimiz, xalqlarımız olacaq.

(Davamı olacaq)

Ziyad SƏMƏDZADƏ,

Millət vəkili, akademik

Etikxeber.az

Read Previous

Sabah hava necə-OLACAQ?

Read Next

“Jirinovski kimi əbləhlər və sarsaqlar bilməlidirlər ki…”-MUSA URUDDAN KƏSKİN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir