Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İsmayıl Sadiq oğlu Qasımov…
Əslən Qarabağlı, özü isə Sumqayıt doğumlu…
İgid, Qəhrəman, Vətən sevdalısı Azərbaycan övladı…
Cəmi 31 yaşında doğma Qarabağı yolunda canını qurban edən Vətən fədaisi…
Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidi…
***
İsmayıl Qasımov 1989-cu ilin 17 dekabr tarixində Sumqayıt şəhərində dünyaya gəlib…
İllər sonra Abşeron rayonunun Masazır qəsəbəsinə köçüblər…
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub…
Tək bacısı hazırda ailəlidir…
1996-cı ildə Sumqayıt şəhər 14 saylı tam orta məktəbin birinci sinfinə daxil olub və həmin məktəbi 2007-ci ildə bitirib…
2008-2009-cu illərdə həqiqi hərbi xidmətdə olub, Vətənə xidmət borcunu yerinə yetirib…
Əsgərliyini başa vurub, yenidən evinə-ailəsinə dönüb və az müddət sonra ailə həyatı qurub…
Bir oğlan övladı dünyaya gəlib…
15 yaşlı oğlu Cəsur hazırda orta məktəb şagirdidir…
İsmayıl bir müddət Qazaxıstanda yaşayıb, işləyib…
2020-ci ilin İyul-Tovuz hadisələrindən sonra dostları ilə əlaqə saxlayıb, yenidən Azərbaycana dönmək qərarı verib və pandemiya dövrü olmasına baxmayaraq, avqust ayında doğma Vətəninə qayıda bilib…
2020-ci ilin 21 sentyabr tarixində özü könüllü şəkildə hərbi təlimlərə qoşulub…
İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərə, Vətənin müdafiəsinə atılıb…
Şərəfli döyüş yolu 13 gün çəkib…
Müharibə zamanı göstərdiyi şücaətə görə Gizir rütbəsinə layiq görülüb…
Axırıncı dəfə doğmaları ilə oktyabrın 5-də danışıb…
Oktyabr ayının 9-da isə Füzuli istiqamətində ağır döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Ancaq uzun müddət nəşini əldə etmək mümkün olmayıb…
Nəşi yalnız 2 ay 1 gündən sonra tapılıb, ailəsinə təhvil verilib və dekabr ayının 10-da İkinci Fəxri Xiyabanda Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra üç medal və bir ordenlə təltif olunub…
Hazırda Yasamal rayonunun küçələrindən biri Onun adını daşıyır…
Bu yerdə qeyd edim ki, 31 mart 2025-ci il tarixində Şəhidsevər, Vətənpərvər ziyalılar-Fərid Nəsibzadə, Araz Məmmədov və Hüseyn Xudatovla birlikdə Şəhidimizin ocağını, anasını, hazırda tək yaşayan Mahirə xanım Nəzərlini ziyarət etdik…
Şəhidimizin anasına Allahdan səbr və dözüm arzuladıq…
“Şəhidimizin məkanı cənnətlik, dərgahı mübarək olsun!”-dedik…
İsmayıl Qasımov da daxil olmaqla, cəmi Şəhidlərimizin ruhu qarşısında baş əydiyimizi söylədik…
Təxminən 40 dəqiqə çəkən ziyarətimiz zamanı Şəhidimizin anasını Novruz və Ramazan bayramları münasibətilə təbrik etdik…
“Nə qədər çətin və ağır olsa da, bayramınız mübarək, Orucunuz, dualarınız Tanrı dərgahında qəbul olunsun!”-dedik…
Söhbətləşdik, dərdləşdik…
Şəhidimizin anası Mahirə xanımın dediklərindən:
“İsmayıl Qazaxıstanda işləyirdi… İyul-Tovuz hadisələrindən, Polad Həşimovun Şəhidliyindən sonra, 2020-ci ilin avqustunda-pandemiya dövründə Azərbaycana döndü…Ürəyinə dammışdı ki, müharibə olacaq və o, hələ İkinci Vətən Müharibəsindən öncə, 21 sentyabr tarixində təlimlərə qoşuldu…Çünki ürəyi Vətən torpaqlarının azad olunması eşqi ilə döyünürdü…Müharibənin ilk günündən döyüşlərə atıldı, Gizir rütbəsinə layiq görüldü…Döyüş yolu 13 gün çəkdi və oktyabrın 9-da Füzuli istiqamətində Şəhid oldu (səsi titrəyir, göz yaşlarını saxlaya bilmir)…”
Araya bir anlıq sükut çökür və sonra sözlərinə davam edir:
“…Ancaq nəşi 2 ay 1 gündən sonra tapıldı və dekabrın 10-da torpağa tapşırıldı…Biz Masazırda yaşasaq da, Yasamalda, bacısının evində qeydiyyatda idik…Bir gün bacısına deyib ki, “posılka” gəlsə, hansı ünvana gəlsin…Bacısı da soruşub ki, ay İsmayıl, nə “posılka”, müharibədə “posılka” olur? O da qayıdıb gülə-gülə deyib ki, bayraqlı “posılka”nı, cənazəmi, tabutumu deyirəm də…Mən Şəhid olacağam…Dedi və Şəhid də oldu…”
Məqamı Uca, ruhu şad olsun!
Nur içində uyusun!
***
FOTOLAR:







Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az