Bir il keçdi: BU GÜN AİLƏNİN TƏK, ALİ TƏHSİLLİ VƏ SUBAY OĞLU NİCAT ŞÜKÜRLÜNÜN ANIM GÜNÜDÜR…-FOTOLAR – YENİLƏNİB

Bu gün, 12 oktyabr tarixində Bakının, Səbail rayonunun, Bayıl qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Nicat Ayaz oğlu Şükürlünün torpağa tapşırılmasından bir il keçir.

Bu gün onun Anım Günüdür.

Etikxeber.az-ın xəbərinə görə, evin-ailənin tək və subay oğlu olan Nicat Şükürlü 1991-ci ilin 23 oktyabr tarixində Bakıda, Səbail rayonunun Bayıl qəsəbəsində anadan olub.

1998-ci ildə Bakı şəhərinin Bayıl qəsəbəsində yerləşən 49 nömrəli tam orta məktəbin birinci sinfinə gedib və 2009-cu ildə həmin məktəbi müvəffəqiyyətlə başa vurub.

Orta məktəbi bitirdikdən bir müddət sonra Azərbaycan Silahlı Qüvvələri sıralarına həqiqi hərbi xidmətə yollanıb.

Hərbi xidməti başa vurduqdan bir müddət sonra, yəni,  2014-cü ildə Bakı Slavyan Universitetinin (BSU) Əlavə təhsil və qiyabi şöbəsinin Beynəlxalq münasibətlər ixtisasına qəbul olunub və 2019-cu ildə bu ixtisası bitirib.

2020-ci ilin oktyabr ayının 2-də könüllü olaraq ordu sıralarına yazılıb, İkinci Vətən Müharibəsinə, döyüşlərə atılıb.

Füzuli, Xocavənd  Hadrut istiqamətində döyüşlərdə iştirak edib, döyüşüb, vuruşub, igidliklər göstərib.

Və oktyabrın 11-ində Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə yüksəlib.

 Nəşi bir gün sonra, ayın 12-sində Səbail rayonunun Badamdar qəsəbəsindəki qəbiristanlıqda, Şəhidlər məzarlığında dəfn olunub.

Ölümündən sonra İgidliyinə, Qəhrəmanlığına görə, Ali Baş Komandan tərəfindən 3 medalla – “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”  “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bir neçə ay öncə isə oxuduğu 49 saylı məktəbdə Şəhidimizin büstü ucaldılıb.

Bu yerdə qeyd edək ki, Nicat Şükürlü Bayıl qəsəbəsinin digər Şəhidlərindən olan Cəmil Məmmədli ilə eyni küçədə, Buxta küçəsində yaşayıblar.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Nicat Şükürlünün Badamdar qəbiristanlığındakı məzarı ziyarət olunacaq.

Ziyarətdə Şəhidin ailə üzvləri, Bakının Səbail rayonundan olan Şəhid anaları, məktəblilər və digər şəxslər iştirak edəcəklər.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək.

Ziyarətdən sonra Şəhidin anım mərasimi keçiriləcək, adına ehsan veriləcək.

Məkanı cənnətlik, məzarı behiştlik olsun, qəbri nurla dolsun!

Nur içində yatsın!

Allah ailəsinə, əzizlərinə səbr, dözüm versin!

00:02

***

MƏZARININ ZİYARƏTİ…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əli Rzayevin-MƏZARININ ZİYARƏTİ VƏ ANIM MƏRASİMİ…-FOTOSESSİYA – YENİLƏNİB – (1)

Read Next

Hava sabah-NECƏ OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir