Bir nəfəs qədər yaxın olanlar…-TELLİ PƏNAHQIZI

Azərbaycan teatrının tarixində tez-tələsik, necə deyərlər, “iki daşın arasında” hazırlanan tamaşalar olub, yəqin ki…

Amma onlar bəlkə də bu qədər ciddi, bu qədər təsirli, hər kəsin düşüncəsinə bu qədər hakim olacaq qədər doğma, hər kəsi bir müddət təsir altında saxlayacaq qədər maraq qazanmayıb.

Ancaq o gecə… küçələrdə Qələbə sevincimizin ildönümünü çoşqu ilə qeyd edən insanların sevincinə şahid olan tamaşaçıların  sırasında mən də vardım və ürəyimdən keçirdi ki, kaş bu cavanların, gözü Zəfər şəfəqlərindən  yaşaran yaşlıların da bu gecə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində yaşanacaq o lirik-psixoloji, çox ağrılı və şərəfli mövzuda yazılmış əsərin ilk tamaşası ilə tanışlıq imkanı olaydı.

Maşınların pəncərəsindən şəhər küçələrindəki qələbəliyin səsini batıra biləcək qədər uca bir səslə ətrafa yayılan mahnıların sədası altında, əli bayraqlı dəstələrin artıq son bir ildə brendə çevrilmiş möhtəşəm cümlə –  “Qarabağ Azərbaycandır!” şüarı hər kəsi vəcdə gətirdiyindən və 30 illik düşmən işğalına məruz qalan torpaqlarımızı azad etməyə mane olan, əslində açıq-aşkar ermənilərin maraqlarını dəstəkləyən dövlətlərin və beynəlxalq təşkilatların “sülh missiyası, barışıq təklifi, güzəşt vasitəçiliyi” bu ikicə kəlmə sözün nidasıyla” cəhənnəmə gedəndən” sonra Ali Baş komandanımız İlham Əliyevin qətiyyəti, əzmi və nəhayət Dəmir yumruğu ilə  30 illk həsrətimizin Qələbə, Zəfər təntənəsi dostları sevindirib düşmənləri və onların çoxsaylı havadarlarını xar etdiyindən, o gecə millətin sevincini bölüşmək üçün küçə və meydanlara axışanların coşqusunu da anlayıb haqq qazandırırdım.

Çünki 30 il susan, loyal təkliflərlə baş aldatdığını zənn edən bu ədalətsiz dünya bir daha əmin oldu ki, türklə ikibaşlı oyun oynayanın papağı başından, başmağı ayağından çıxarılar, atlısı yəhərdən salınar, keçilməz, alınmaz səngəri, yuvası başına uçular, çünki türk övladı həmişə son sözünü hərb meydanında ağlı-zəkası, qılıncı-süngüsü ilə deməyi başarıb, yetər ki, onun davası Vətən, Torpaq davası, uğrunda canından keçməyi fəxarət sayan oğulları da Vətən sevdalı olsun! 

O Zəfər gecəsində həm bayırdakı coşqu, həm də səhnədəki ab-hava çuğlaşmışdı sanki…44 günlük hərbin ab-havası ilə yaşayan analar vardı burada… şəhidlik zirvəsinə yüksəlmiş oğullarımızın adının anılması, cəbhədə göstərdikləri qəhrəmanlığın bundan sonrakı siyasət və hərb tariximizin yeni səhifəsində yaratdı reallığın təsviri, milyonlarla azərbaycanlının, xüsusilə də ölkəmizin gəncliyinin qürur, inam, istinad və güvənc mənbəyinə çevrildi. Bu savaşda şanlı ordumuz və Müzəffər Ali Baş Komandanımız dünyaya bir daha sübut etdi ki, varlığı, mənəvi yüksəlişi,  rəşadəti və döyüş əzmi ilə erməni millətçilərinin öz gəncliyinin beynini zəhərlyən, onları “qədim dövlət, böyük millət” xəyalı ilə aldadıb, tarixdə olmayan və heç vaxt olmayacaq “Böyük hayastan” xülyasııilə silahlandıran və yüzlərlə yeniyetməni döyüş meydanında sahibsiz qoyub qaçan “liderlərinə” bir daha qandırdı ki, bu sərsəm mifi darmadağın edə biləcək gücdə siyasi cəhətdən yetkin bir gənclik yetişdirməyə nail olan ölkənin ərazi bütövlüyü bundan sonra da təmin ediləcək və bir daha kimsə bu torpaqlara kəc baxmaq, pay ummaq kimi bir iddiasına düşsə, anındaca cavabını alacaq!

“Bir nəfəs qədər”… təkcə analarına yox, Azərbaycanda 10 milyonluq əhalinin hər zümrəsinə 44 günlük müharibə günlərində aldığı nəfəs, udduğu hava qədər qiymətli, əziz, vacib və doğma olan əsgər oğullarımız… yuxumuzu gözümüzdən, ürəyimizi sinəmizdən, aldığımız nəfəsi köksümüzdən “oğurlayan”, hissimizə, duyğumuza hakim kəsilə-kəsilə  bizə doğmalaşan igidlərimiz! 44 gün səhərimiz onların döyüşdüyü bölgələrdən  aldığımız xəbərlərlə açıldı, gecələrimiz qaçaq düşən narahat mürgümüzdən boylanan o igidlərə dualarla süsləndi, sabahlarımız ümidlərlə gözlənildi. 

Bir ünvana gələn şəhid xəbərinin odundan neçə evə köz sıçradı, hər evdə bu çınqıların yanğısı duyuldu. Yeniyetmə qızlarımız Qumru (Nəzrin İsmayılzadə),  övladlarımız Vətən (Əmrah Dadaşov), ana-bacılarımız Zərifə (əməkdar artist Naidə Orucova), Gövhər (Gülcahan Salamova, Mehriban Zalıyeva)  pərvanə kimi Laçın ananın (Gülnarə Abdullayeva) başına dolandılar, onu təklənməyə qoymadılar. Bax, bu birlik, bu həmrəylik oldu qələbəmizi  təmin edən, düşmənin belini qıran, “yenilməz ordu” eyforiyasını darmadağın edən. 

İstedadlı rejissor Samir Qulamovun qələminin məhsulu olan “Bir nəfəs qədər…” elegiyasının bu cür səmimi və içdən gələn bir hərarətlə qarşılanması gözlənilən idi. Çünki müəllifin təsvir etdiyi olaylar, seçdiyi  qəhrəmanlar bizik, sənsən, mənəm, qonşumuzdakı şəhid anasıdır, gözü yolda qalan əsgər sevgilisidir, evində müharibədən yaralı qayıdan oğlunun, körpə balalarının qayğısından daha çox şəhid anasına təkliyini, ağrı-acısını, müvəqqəti olsa da, unutdurmaq, ona təsəlli vermək istəyən, onun yanında olmağı özünün mənəvi borcu  sayan  qonşulardı. 

Müəllif ilk növbədə bu birliyi, bu qayğı və diqqətin vəhdətindən mayalanmış İnamın və Qələbə əzminin təntənəsini təkrar-təkrar yaşadır tamaşaçısına! Hər dəyişən səhnədə, hər yenilənən şəkildə bizi məcbur edir ki, sonacan nəfəsimizi çəkməyə belə cəsarət eləmədiyimiz anlara şahidlik edək!

İlk əvvəl hər birimiz əlimizi nəbzimizin üstünə qoyub Hərbi komissarla (İbrahim Əlizadə) məhəllə uşaqlarının – həkim komissiyasının səhhətinə görə yararsız sayıb cəbhəyə aparmadığı cavanların dialoqunun nə ilə yekunlaşacağını gözləyirik. Çılğın, özünəgüvənli, 30 illik həsrətdən doğulmuş bu dəliqanlılar ciddi-cəhdlə komissarı inandırmağa çalışırlar ki, onların xəstəliyi Vətənin azad ediləcək hər  qarışı yanında boş şeydir! Lap həlak olsalar belə, ruhları həmişə bu torpaqda rahat nəfəs alan insanlara, gözündən gülən körpələrə baxıb şad olacaq!

Sonrakı səhnələrdə əlimiz nəbzimizdən sinəmizə doğru uzanır; bir Ana var qarşımızda! Övladının əsgər paltarı, şəkilləri ilə evinin baş köşəsini süsləyən Laçın ana! Bütün şəhidlərin qara yaylıqlı, qaməti şux, başı dik, vüqarlı, cəsur, cəsarətli və ümidli analarının obrazı…O da bütün analar kimi övladının yoxluğuna inanmır, hər an yanında olan, müxtəlif söhbətlərlə fikrini yayındıran, ev işlərinə əl atan qonşularını inandırmağa  çalışır ki, onun oğlu sağdır, qələbə xəbəri ilə bərabər o da geri dönəcək! Çünki onun övladı özü kimi döyüşkən  oğullarla bərabər Vətən torpağını bütövləşdirməyə gedib!

Bu tamaşanın kuliminasiya nöqtəsi ananın “gerçəkləşən arzusudur”-övladı və onun döyüş dostları (Səmədzadə Xasıyev, Hidayət Əliyev, Əli Kərimov, Murad Əliyev) onun “görüşünə gəliblər”. Əslində bu xəyali görüş, ananın bircə anlıq mürgüsünün heç vaxt gerçəkləşməyəcək təsəllisidir…bu anda tamaşaçı əlinin ürəyinin üstündən götürüb qəhərdən qovuşan boğazına, göynəyən gözlərinə aparır! İlahi, bu xəyalın, bu illüziyanın həqiqət olması üçün o an alqışdan başqa nə göndərmək olar Anaya ki, onun dərdini, acısını, həsrətini, özləmini sənin də duyduğunu, onunla bu hissləri bölüşdüyünü hiss etsin?! 

” – Balam gəlmişdi, ay Zərifə, yanında da döyüşçü yoldaşları varıydı, ay Gövhər! Axır ki, mən balamı gördüm, onu öpdüm, qoxladım! O elə gözəl idi ki, yanaqlarından qan damırdı,  bədənindən elə gözəl qoxu gəlirdi ki, ətri bütün evi bürümüşdü! O adi ətir iyi deyildi, qızlar! Sizə necə izah edim, bilmirəm?  O ətri heç vaxt, heç bir yerdə hiss etməmişəm! O İLAHİ bir ətir idi. Amma…balamın  bədəni buz bağlamışdı sanki, əli-ayağı da soyuq idi.”-dediyi an…sənin nəfəsin təngiyir, əllərin kəpənək kimi gah yanağında, gah da sinəndə çırpınır…nəfəsin təngiyir. Dönüb ətrafına baxırsan. Hamı elə sən əhvaldadır və bu an yenə ANAnın səsi səni real aləmə qaytarır:

” – O mənə bir nəfəs qədər yaxın idi… bir nəfəs qədər. Müharibədə ən çox analar itirir. Biz analar bu 44 gündə nələr çəkdik?!  Bu 44 günü biz də balalarımızla bərabər döyüşdük, onların bədəninə dəyən qəlpələr bizim ürəyimizə sancıldı. Azad etdikləri hər qarış torpağa görə biz də onlarla bərabər sevindik. Soyuqda üşüdük onlarla bərabər. Mənim əzizlərim, siz torpağı Vətən etdiniz. Əliyalın Şuşa qalasına dırmaşan qabar bağlamış barmaqlarınıza qurban olum, balalarım! Qanınız tökülən hər bir qarış torpaq hələ neçə-neçə  Mübarizlər, Poladlar yetirəcək. İndi Xarı bülbül də başqa cür açacaq. Bundan belə Araz da, Həkəri də başqa cür çağlayacaq! O torpaq yenə gülüstana dönəcək. Haqqımız sizə halal olsun, igidlər! Rahat uyuyun, namusumuzun ləkəsini silən qəhrəmanlar! Siz bu Vətənin cənnəti uğrunda döyüşüb, o dünyanın cənnətini qazandız! 

– Vətən torpağında, indi  günəş çıxıb! O günəş sizin Ruhunuzun nuru, ziyasıdır!-sözlərini isə  44 gündə döyüşçülərimizlə bərabər bir müharibə tarixi yazan jurnalistlərimizin ümumiləşdirilmiş obrazına çevrilmiş xanım həmkarımız-Füliya (Ofelya Novruzqızı) söyləyir və bu sözlər son akkordlar kimi tamaşa salonunun göz yaşı içində boğulan sükutunu çilikləyən Qürur, Fəxarət, Zəfər və Qələbə  nidasına çevrilir!

İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşanın  quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayevadır.

Zəfər təntənəmizin  unudulmayan anlarını bir daha yaşamaq istəyirsinizsə, yolunuzu Azərbaycan Dövlət Akademik Musiqili Teatrından salın Özünüzlə bir dəstə çiçək götürməyi də unutmayın, bu həm Şəhidlərimizin müqəddəs ruhuna, həm də şəhid Analarının dözümünə sizin vətəndaş ehtiramınız olacaq! 

Telli PƏNAHQIZI,

Telejurnalist, şair və publisist

Etikxeber.az

Read Previous

Ölkə Prezidenti İlham Əliyevin yubileyidir-60 YAŞI TAMAM OLUR

Read Next

“Həm səhhətim yerində deyil, həm də maddi durumum çox çətindir…İşləmək imkanım yoxdur…Bu vəziyyətdə necə işləyim?!”-UCARLI QAZİ SAHİB ŞƏKƏRƏLİYEV HAQQININ TANINMASINI İSTƏYİR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir