Bir orden və dörd medallı Şəhid-SƏBUHİ ORUCOVUN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR – BU GÜN ONUN 30 YAŞI TAMAM OLUR…

Bakı şəhərinin Suraxanı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Səbuhi Vahid oğlu Orucovun doğum günüdür.

Bu gün Səbuhi Orucovun yubiley-30 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki üçüncü ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Səbuhi Orucov 1993-cü il yanvarın 20-də Bakı şəhərində, Bülbülə qəsəbəsində anadan olub.

Ailədə iki övlad, iki qardaş olublar.

O, 2000-2011-ci illərdə Bülbülə qəsəbində yerləşən 232 və 87 saylı orta məktəblərdə oxuyub.

Orta məktəbi bitirdikdən sonra, 2011-2013-cü illərdə Tərtər rayonunda hərbi xidmət keçib.

Xidməti başa vurduqdan sonra  Müdafiə Nazirliyinin Sülhməramlı Taborunda müddətdən artıq hərbi qulluqçu (MAXE) olaraq çalışıb.

İkinci Vətən Müharibəsi zamanı MAXE kimi döyüşlərdə iştirak edib.

Füzuli, Cəbrayıl, Laçın, Qubadlı rayonları istiqamətində döyüş, vuruşub.

İgidliklər, Qəhrəmanlıqlar göstərib, nümayiş etdirib…

Adıçəkilən rayonların-bir çox yaşayış məntəqələrinin işğaldan azad olunmasında iştirak edib.

Axırıncı dəfə isə ailəsi, anası Narınc xanımla Şəhidliyindən iki gün öncə, 24 oktyabr tarixində danışıb.

Və 2020-ci ilin oktyabrın 26-da Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik zirvəsinə ucalıb.

Nəşi bir gün sonra, oktyabrın 27-də Bülbülə qəsəbə Şəhidlər Xiyabanında dəfn olunub, Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Səbuhi həm də subay olub.

Şəhidliyinin biri ilinin tamamına cəmi günlər qalmış Səbuhi Orucovun ailəsinin yaşadığı binanın yaxınlığında adını daşıyan “Şəhid bulağı”nın açılışı olub.

***

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Sonra Suraxanı rayonu ərazisində yerləşən “İlkin” restoranında ŞəhidinnCənnətdəki üçüncü doğum günü ilə bağlı mərasim düzənlənəcək, adına ehsan veriləcək, bir daha ruhuna dualar oxunacaq, çıxışlar ediləcək.

Mərasimdə eyni zamanda, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək.

Məzarını ziyarətdə və mərasimdə Şəhidin anası və tək qardaşı, yaxınları, Şəhid ailələri, Qazilər və digər şəxslər iştirak edəcəklər.

Məkanı cənnətlik, Cənntədəki üçüncü doğum günü-30 yaşı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Qanlı və Şanlı 20 Yanvardan-33 İL KEÇİR…

Read Next

XİN-dən İslandiya Nazirlər Komitəsinin sədrinə-CAVAB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir