“Bir zamanlar özüm Şəhid ailələrini ziyarət edirdim, bu gün isə bir Şəhid ailəsi kimi bizim ocağı ziyarət edirlər…”-LƏNKƏRANLI, ŞİLƏVARLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, AİLƏNİN İKİ ÖVLADINDAN BİRİ, DÖRD MEDALLI İMAMƏLİ ŞƏFƏQQƏT OĞLU ƏHƏDZADƏNİN ANASI RƏSMİYYƏ ŞÜKÜROVA – FOTOLAR

İllər öncə bir Azərbaycan xanımı, bir Azərbaycanlı, bir Vətənpərvər insan kimi özüm Şəhid ailələrində olur, Şəhid evlərini, Şəhid ocaqlarını ziyarət edirdim. Şəhid ailələrinə az da olsa, mənəvi dəstək olmağa çalışırdım. Bu gün isə özüm Şəhid anasıyam. İki övladımdan, iki oğlumdan birini Vətən yolunda Şəhid vermişəm və bu gün bir Şəhid ocağı kimi bizim evə, Şəhidimizin ocağına ziyarətə gəliblər dərd ortaqlarım. Hər birinə öz adımdan, ailəm adından sonsuz minnətdarlığımı bildirirəm.

Bu sözlər Lənkəran rayonunun Şiləvar kəndindən olan İkinci Vətən Müharibəsi Şəhidi İmaməli Şəfəqqət oğlu Əhədzadənin anası Rəsmiyyə xanıma məxsusdur.

Şəhid anası Rəsmiyyə xanım bu sözləri 2 iyun 2024-cü il tarixində Bakı və Sumqayıt şəhərlərindən olan bir qrup Şəhid ailəsinin İmaməli Əhədzadənin ocağını, ailəsini ziyarət zamanı dilə gətirdi.

Bakıdan Sumqayıtdan olan Şəhid ailələri ziyarət zamanı İmaməli Əhədzadənin ailəsinə, valideynlərinə Allahdan səbr və dözüm dilədilər, Dərd və Qürur ortaqları kimi hər zaman onlara mənəvi dəstək olduqlarını və olacaqlarını bildirdilər.

Qeyd edim ki, İmaməli Əhədzadə 24 avqust 1997-ci il tarixində dünyaya gəlib.

Ailəsi ilə birlikdə həm Sumqayıt şəhərində, həm də Lənkəranın Şiləvar kəndində yaşayıblar.

Ailədə iki övlad, iki qardaş olublar.

Qardaşı Səbuhi Əhədzadə hazırda ailəli, bir oğlan atasıdır.

Övladı da əmisinin-İmaməlinin adını daşıyır.

İmaməli 2003-2014-cü illərdə gimnaziyada təhsili alıb.

Orta məktəbi qurtardıqdan bir müddət sonra, 2015-ci ildə isə Vətənin keşiyinə, Əsgərliyə yollanıb.

Azərbaycan Ordusunun Əsgəri kimi 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

2017-ci ildə Əsgərliyini başa vurduqdan sonra yenidən evinə, ailəsinə dönüb, mülki işdə çalışıb.

2020-ci ilin 21 sentyabrında hərbi səfərbərliyə cəlb olunub və İkinci Vətən Müharibəsinin üçüncü günündə, sentyabr ayının 29-da Füzuli istiqamətində Şəhidlik məqamına ucalıb.

Nəşi 7 gündən sonra tapılıb və oktyabrın 6-da Şiləvar kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü” “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.

Hazırda Şiləvarda adını daşıyan küçə var.

O, həm də Şiləvarın iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Onunla yaşıd və can dostu olan Şiləvarlı Mirməhəmmədəli Tərlan oğlu Rzazadə də İkinci Vətən Müharibəsi Şəhididir.

23 yaşında Şəhidlik məqamına ucalan İmaməli də Mirməhəmmədəli kimi subay idi.

Hər ikisinin də məkanı cənnətlik, məqamı uca, ruhu şad olsun!

Hər ikisinin də ruhu qarşısında baş əyirik!

Hər ikisi də Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Nəşi 8 aydan sonra tapılan Gəncəli İkinci Vətən Müharibəsi Şəhidləri-ELVİN MUSTAFAYEVLƏ ORXAN YUSUBOVUN BU GÜN ANIM GÜNLƏRİDİR…

Read Next

“Evə zəng etdilər ki, bəs, yoldaşınız ağır yaralanıb…Mən də başıalovlu özümü hospitala çatdırdım, gördüm ki…”-BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ RAMİZ HƏSƏNOVUN HƏYAT YOLDAŞI TƏHMİNƏ HƏSƏNOVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir