Birgə və birlikdə yazılan daha bir Dastan, daha bir Tarix!-JALƏ ƏLİYEVA YAZIR

Cəmi günlər öncə daha bir Tarix, daha bir dostluq və qardaşlıq, birlik və bərabərlik Dastanı yazıldı.

Yenə və bir daha “İki dövlət-tək millət” deyiminin, kəlamının sözdə deyil, əməldə ifadəsi, təzahürü, təcəssümü yaşandı.

Dünyada analoqu olmayan və olmayacaq iki qardaş və dost dövlət yenidən və bir daha birgə tarixi Qələbə və Zəfərə imza atdı.

Müstəqilliyinin 104-cü ildönümündə, 28 may tarixində hər zaman yanımızda olan qardaş və dost Tükiyənin cümhurbaşqanı sayın Rəcəb Tayyib Ərdoğan yendən qardaş, can Azərbaycana səfər etdi.

Bu səfərdə onunla birgə İkinci Vətən Müharibəsinin Qələbə və Zəfərlə başa vurulmasında böyük rolu olan “Bayraktar” PUA-larının yaradıcı, hər birimizin sevimlisi- “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar və Türk Dünyasının fəxri, Nobel mükafatı laureatı, professor Əziz Səncər də iştirak edirdi.

Onların bu səfərdə, Azərbaycan və Türkiyə prezidentlərinin də qatıldığı tarixi “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirakı özünün xüsusi müstəsnalığı ilə seçilirdi, festivala xüsusi gözəllik və rəng qatırdı.

Bəli, ən gözəl, tarixi günümüzdə, müsəlman-Şərq tarixində ilk demokratik respublikanın-Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsinin 104 illiyində sevinc-sevincə, şölən şölənə qarışçışdı, 104 il öncə olduğu kimi, yenə də iki qardaş və dost ölkə, onun liderləri bir yerdə idi, birgə idi.

Çıxışına “Bu gün Azərbaycanda bayram günüdür, Müstəqillik Günüdür, bizim ən əziz bayramımızdır. Bu bayramı ikiqat bayram edən əziz qardaşımın bizimlə bərabər olmasıdır. Xahiş edirəm, bütün Azərbaycan xalqı adından Türkiyə Respublikasının Prezidentini və onunla bərabər Azərbaycana gəlmiş bütün bacı-qardaşlarımızı səmimiyyətlə salamlayaq”-deyə, başlayan Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev bəyan etdi ki, yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurdu və əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi.

Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir.

Bu 30 il ərzində də türk qardaşlarımız daim bizim yanımızda olublar.

Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir.

Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun.

Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir.

Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır.

Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

Unutmadıq, unutmarıq və unutmayacağıq!

Çıxışında həmçinin “Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var – o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik”-deyə, bəyan edən Ali Baş Komandan bildirdi ki, Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır.

“Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim, Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına örnək olmalıdır.Mən bir daha əziz qardaşım, hörmətli Prezident və Türkiyədən gəlmiş bütün dostlarımıza, qardaşlarımıza, bacılarımıza bu bayram günündə bizimlə bərabər olduqları üçün öz təşəkkürümü bildirmək istəyirəm“-deyərək, cənab Prezident əmin olduğunu bildirdi ki, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək.

Eyni zamanda, tarixi nitqində sayın Ərdoğan bütün dünyaya bir daha önəmli mesajlarını verdi.

Bəyan etdi ki, bölgəmizdə yeni bir səhifə açmağın vaxtı çatıb.

Hədəf isə dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgəmizdə sabitliyin möhkəmləndirilməsidir.

Bu hədəflərin həyata keçirilməsi üçün də Azərbaycanla sıx həmrəylik, təmas və koordinasiya davam etdiriləcək.

“Bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Göylərdə nazlı-nazlı dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq. Eynilə Anadolu kimi, bura da bizim torpağımızdır. Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir”-deyə, çıxışında bəyan edən sayın Ərdoğan bir daha birmənalı və qətiyyətli şəkildə dedi ki, iki qardaşı hansısa hüdud ayıra bilməz.

“Eynilə doğulduğumuz yerlər kimi, bura da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?”-deyərək, sayın Ərdoğan bununla bir daha birlik və bərabərliyimizi, həmrəyliyimizi bəyan və əyan etdi.

Bəli, 104 il öncə olduğu kimi, 2022-ci ilin 28 may tarixində də yenə sevincli, bəxtəvər, sözlə izahı mümkün olmayan anlar, gözəlliklər yaşandı, yaşadıq.

Bütün dünya bir daha birlik və bərabərliyimizə, həmrəyliyimizə, sarsılmazlığımıza, monolitliyimizə şahidlik etdi.

Bir daha bütün dünya gördü ki, Azərbaycanla Türkiyə birdir, birgədir və bu birliyi, birgəliyi də heç nə sarsıda, poza bilməz!

Bəli, bu günə kimi birlik və bərabərliyimizlə çox Qələbə və Zəfərlərə imza atmışıq və bundan sonra da həmrəylik və monolitliyimizlə daha çox Qələbə və Zəfərlərə imza atacağıq.

Buna hər kəs bir daha və bilmərrə əmin olsun!

Qələbələr bizimdir və bizim də olacaq!

Jalə ƏLİYEVA,

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

“Məsuliyyətli ölkə kimi biz bunu nəzərə alırıq və müxtəlif səbəblərə görə çətinliklərlə üzləşən ölkələri dəstəkləməyə çalışırıq…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Bundan sonra “Turkey” deyil-“TÜRKİYE” OLACAQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir