“Birinci cəhd qəbul imtahanını iyul ayında keçirməyi nəzərdə tuturuq…İkinci cəhd olacaq ya olmayacaq, bilmirik, çalışacağıq ki, avqustda keçirək…”-MƏLEYKƏ ABBASZADƏ

Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki mərhələdə həyata keçirilir.

Etikxeber.az məlumat verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, imtahanın ikinci mərhələsinin iki dəfə (1-ci cəhd və 2-ci cəhd) keçirilməsi nəzərdə tutulur, lakin koronavirus pandemiyası ilə əlaqədar yarana biləcək sanitar-epidemioloji vəziyyətdən asılı olaraq qəbul imtahanının ikinci mərhələsinin 2-ci cəhdinin keçirilməmə ehtimalını nəzərə alaraq abituriyentlərin 1-ci cəhddə iştirakı tövsiyə olunur. Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin həm I-IV ixtisas qruplarına (hər hansı biri və yaxud ikisi üzrə) daxil olan ixtisaslar, həm V ixtisas qrupuna daxil olan ixtisaslar, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir): Ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli olan abituriyentlər elektron tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. SQK-ların siyahısı və onların fəaliyyət müddəti, ərizə qəbulu ilə bağlı xüsusi hallar, imtahanların keçirilməsi, müsabiqə şərtləri, tədris dili və xarici dil imtahanları ilə bağlı xüsusi hallar və digər məsələlərlə verilmiş keçiddə (“Tələbə qəbulu haqqında elan Ali TM”) tanış olmaq olar. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu DİM tərəfindən elan olunacaq müddətdə internet vasitəsilə aparılacaq.

Sonra “Ali məktəblərə qəbul imtahanlarının vaxtını müəyyən kontingent müəyyən olunduqdan sonra elan edəcəyik”-deyən M. Abbaszadə mətbuat konfransında bildirib ki, əvvəl imtahan tarixləri Təhsil Nazirliyi ilə birgə müzakirə əsasında müəyyən edilirdi:

“Bu il isə karantin rejiminə görə tarixləri yalnız Operativ Qərargah təsdiq edəndən sonra elan edə bilirik. Sorğu göndərəndə görək konkret bilək ki, nə qədər adam sənəd verib, harda imtahan verəcək. Heç olmasa əsas kontingenti müəyyən edəndən sonra deyə bilərik ki, harada qəbul imtahanının birinci mərhələsi baş tutacaq. Aprel ayında buraxılış imtahanında təxminən 200-250 adam üzrlü səbəbdən iştirak etməyib. Həmin şagirdlər də o tarixdə regionlarında keçirilən imtahanda iştirak edəcəklər, bunun üçün biz məktəblərinə xəbər verəcəyik. Əvvəlki illərin məzunları da sənədlərini tez təqdim etməlidirlər. Çox güman ki, gələn həftə vaxtı elan edə biləcəyik. Birinci cəhd qəbul imtahanını iyul ayında keçirməyi nəzərdə tuturuq. İkinci cəhd olacaq ya olmayacaq, bilmirik, çalışacağıq ki, avqustda keçirək. Amma məsləhət görərdim ki, birinci cəhddə hamı iştirak etsin, çünki karantin sərtləşsə, avqustda ikinci cəhd olmaya da bilər”.

Etikxeber.az

Read Previous

“Yurd yerlərini itirməyimizin səbəblərindən biri onların qədrini yetərincə bilməməyimiz olub… Ancaq Tanrı indi millətimizə səhvlərimizdən nəticə çıxarmaq şansı verib…”-MİLLƏT VƏKİLİ

Read Next

Fəxrim-Azərbaycanımın FƏXRİ! – ŞƏHİD ANASI YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir