Bu gün Neftçala rayonunun Birinci Qarabağ Savaşı Şəhidi İlham Adil oğlu Dadaşovun Anım Günüdür.
Onun Şəhidliyindən 31 il keçir.
Etikxeber.az xəbər verir ki, İlham Dadaşov 1973-cü ilin 19 iyun tarixində Neftçala rayonunun Kürkənd kəndində ziyalı ailəsində anadan olub…
Atası, övlad, oğul həsrəti ilə dünyasını dəyişən mərhum Adil kişi ali təhsilli olub…
Anası Elmira xanım isə iki kollec (texnikum) diplomludur…
İlham ailənin 4 övladından, 4 qardaşdan biri, evin ikinci oğlu idi…
Əvvəlcə Kürkənd kəndində orta məktəbə gedib, sonra ərəb-fars dilini bildiyi üçün Bakı şəhərində fəaliyyət göstərən S.C.Pişəvəri adına ərəb-fars təmayüllü məktəbdə (indiki S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında) təhsilini davam etdirib…
Orta məktəbi bitirdikdən sonra bir müddət keçmiş sovet ordusunda-keçmiş Leninqrad, indiki Sankt-Peterburq şəhərində xidmət edib…
1991-ci ildə SSRİ-nin süqutu, Azərbaycanın ikinci dəfə müstəqillik qazanması ilə əlaqədar hərbi xidmətini yarımçıq dayandırıb, yenidən Vətəninə, Azərbaycana dönüb…
Həmin vaxt Birinci Qarabağ Savaşının davam etməsi, şiddətlənməsi ilə əlaqədar özü könüllü şəkildə hərbi xidmətə-cəbhəyə yollanıb…
Və 19 yaşının tamamından düz 3 ay sonra, 1992-ci ilin sentyabr ayının 19-da Fərrux yüksəkliyi uğrunda döyüşlər zamanı Şəhid olub…
Amma onun nəşini götürmək mümkün olmayıb, amansız, qəddar düşmən, insanlıqdan nəsibini almayan erməni faşistləri onun nəşini geri qaytarmayıblar…
Həmin vaxtdan ailəsi, xüsusilə, anası Elmira xanım, Elmira Abbasova nə qədər çalışsa da, nə qədər cəhd etsə də, 1992-ci ilin sentyabrından 1993-cü ilin fevralına, o cümlədən 1993-cü ilin yayına, Ağdamın işğalına qədər övladının nəşinini tapmaq üçün hər yeri qarış-qarış gəzsə də, heç bir nəticə əldə edə bilməyib, bütün cəhdləri boşa çıxıb…
Ağdamın işğalı isə Yaralı, Dərdli, övlad həsrətli ananın ümidlərini daha da azaldıb, qırıb…
Və o vaxtdan bu günə kimi-31 ildir İlham Abbasov itkin Şəhidlərimiz siyahısındadır…
Sadəcə, anası Elmira xanım az da olsa, təsəlli tapmaq üçün övladına boş məzar düzəltdirib…
İlham həm də subay olub.

***
Şəhidliyinin 31-ci ildönümü, Anım Günü ilə bağlı bu gün Şəhidin Anım mərasimi keçiriləcək.
Öncə Şəhidin rəmzi-boş məzarı ziyarət olunacaq, ruhuna dualar oxunacaq, sonra Anım mərasimi keçiriləcək, adına ehsan veriləcək.
Məzarını ziyarətdə və Anım mərasimində Şəhidin ailə üzvləri, yaxınları, Bakı, Sumqayıt, Neftçala və digər bölgələrdən olan Şəhid ailələri, din xadimləri, Neftçala rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri iştirak edəcəklər.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az