Birinci Qarabağ Savaşı Şəhidi Nizami Abbasovun ailəsinə verilən söz tutulacaqmı-ŞƏHİD AİLƏSİNƏ MƏXSUS MƏNZİLİN AYLARDIR YUBADILAN, LƏNGİLDİLƏN TƏMİRİ BAŞA ÇATDIRILACAQMI, BİGANƏLİYƏ, LAQEYDLİYƏ SON QOYULACAQMI? – FOTOLAR

Daha bir Şəhid ailəsi problemlə, yenə də məmur laqeydliyi, məmur biganəliyi, məmur süründürməçiliyi ilə üzləşib…

Birinci Qarabağ Savaşının Şəhidlərindən və Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsindən olan Nizami Bağır oğlu Abbasovun ailəsi-xanımı İradə Abbasova və Vətənə əmanət qalmış tək övladı-Nizamə xanım aylardır kirayələrdə yaşamaq məcburiyyətində qalıblar…

Maddi durumlarının yetərsiz olmasına, dolanışıqlarına güclə çatmasına rəğmən ötən ilin yayından Bakı şəhərində-özü də baha qiymətə kirayədə yaşamaq məcburiyyətindədirlər…

Səbəb də 20 ildən bu yana yaşadıqları mənzilin təmir edilməsinə söz, vəd verilməsinə baxmayaraq, təmirin aylardır ləngidilməsi, yubadılmasıdır…

Qeyd edək ki, Şəhid ailəsi olduğu üçün Abbasovlar ailəsi 1999-cu ildə Qarabağ rayonunun Lökbatan qəsəbəsində Şəhid ailələri üçün tikilmiş binalardan birində iki otaqlı mənzillə təmin olunublar…

Ancaq Şəhidin ailəsi qohum-əqrəbaları, yaxınları Qobustan qəsəbəsində yaşadıqları üçün həmin mənzili satıb, adıçəkilən qəsəbənin Salyan yolu küçəsində yerləşən köhnə beşmərtəbəli binadan (bina 25, mənzil 24) mənzil alıblar və 2003-cü ildən də orada yaşayırlar…

Yaşadıqları 20 il ərzində də maddi imkansızlıq və çətinlik üzündən mənzilə əl vurmayıblar, təmir etdirə bilməyiblər…

Təmirsiz olan mənzil isə ötən illər ərzində daha da bərbad, yaşanılmaz bir vəziyyətə düşüb…

Üstəlik də köhnə bina və birinci mərtəbə…

Odur ki, Şəhidin həyat yoldaşı İradə xanım mənzilin durumu, təmiri məsələsi ilə bağlı ötən illərdə, xüsusilə, 2022-ci ildə döymədiyi idarə, qurum, məmur qapısı qalmayıb…

Prezident Administrasiyasından tutmuş Qaradağ rayon İcra Hakimiyyətinə, digər dövlət qurumlarına qədər gedib, üz tutub, kömək istəyib…

İki dəfə Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyevin qəbulunda olub…

Bir dəfə özü, bir dəfə isə köməkçisi qəbul edib…

Və Şəhid ailəsinin probleminin həll olunması üçün Qaradağ rayon İcra Hakimiyyətinin rəhbərliyinə müvafiq göstəriş və tapşırıqlar verilib…

İçra başçısı da öz növbəsində Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəhbərliyinə tez bir zamanda Şəhid ailəsinin yaşadığı mənzilin təmir olunmasını göstərişini verib…

Əslində ötən ilin iyun ayında başlayıb avqust ayında başa çatdırılmalı olan təmir işlərinə sentyabr ayında başlanılıb…

Və…

Təəssüflər və əfsuslar olsun ki, sentyabrdan ötən 8 aya yaxın müddət ərzində mənzilin təmiri başa çatdırılmayıb…

Gün-günə satılıb necə deyərlər…

Hər dəfə, sadəcə, vəd verilməklə, “düzələcək” deyilməklə kifayətlənilib…

Və nəticədə maddi durumları yetərli olmayan Şəhid ailəsi, iki Azərbaycan xanımı kirayədə, yaşadıqları ünvandan çox-çox uzaqlarda kirayə evdə yaşamaq məcburiyyətində qalıblar…

***

Bu gün günorta saatlarında vəziyyəti gözlərimlə görmək, məsələni yerində araşdırmaq üçün həmin ünvanda, Şəhid ailəsinin mənzilində oldum…

Hər yer uçulub-sökülmüş, ortaya tökülmüş vəziyyətdə…

Necə deyərlər, ötən aylarda əl üstə əl, daş üstə daş qoyulmayıb-cüzi istisnalarla…

Yaxın vaxtlarda da təmirin başa çatacağı, çatdırılacağı üfüqdə belə görünmür…

Və olduqca qəbuledilməz bir vəziyyət, qəbuledilməz bir yanaşma…

Bunun adı həm də Şəhid ruhuna hörmətsizlik, Şəhid əmanətlərinə sayğısızlıqdır…

Başqa adı yoxdur bunun, bu vəziyyətin…

Ona görə də artıq Şəhid ruhuna, Şəhid ailəsinə göstərilən bu sayğısızlıq, bu hörmətsizlik aradan qaldırılmalı, bərbad vəziyyətdə olan mənzilin təmiri çox tez bir zamanda başa çatdıtılmalıdır!

Burada artıq növbəti dəfə sözə, vədə, bəhanəyə yer yoxdur və olmamalıdır!

Hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməlidir!

Elə edək, elə edilsin və elə edilməlidir ki, Şəhid öz Haqqını bizlərə-sağ qalanlara halal etsin!

***

Yeri gəlmişkən, Nizami Bağır oğlu Abbasov 1968-ci ilin fevral ayının 23-də Qobustan qəsəbəsində dünyaya gəlib.

Ailənin səkkiz övladından, altı qardaşdan biri olub.

1992-ci ilin oktyabr ayının 10-da əslən Qubalı, özü isə Qobustan doğumlu İradə xanımla ailə qurub.

26 yaşında, 1994-cü ilin yanvar ayının 24-də cəbhəyə, Vətənin müdafiəsinə yollanıb…

Və cəmi bir ay sonra, 26 yaşının tamam olmasına 3 gün qalmış-fevral ayının 20-də Füzulinin Böyük Bəhmənli kəndi istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Bir gün sonra, 1994-cü ilin fevralın 21-də də nəşi Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən günlər sonra, mart ayının 2-də isə tək qız övladı-Nizaməsi dünyaya gəlib.

Nizaməsi Vətənə əmanət qalıb.

Ruhu şad, məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Külək güclənəcək, dolu düşəcək, sulu qar yağacaq-XƏBƏRDARLIQ

Read Next

“Heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa onlardan biri Fransa, ikinci isə İrandır…”-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir