“Birinci Vətən Müharibəsindən, Əsgərlikdən sağ-salamat döndüm…Şəhidlik qismətim deyilmiş…Şəhidlik balamın, övladımın taleyinə, qismətinə yazılıbmış…Mən Şəhid olmadım, amma balam Vətən yolunda Şəhid oldu…”-SABİRABADLI ANTİTERROR ŞƏHİDİ, AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ, ALİ TƏHSİLLİ, SUBAY QASİM MƏMMƏDHƏSƏNOVUN ATASI BİLAL MƏMMƏDHƏSƏNOV – FOTOLAR – YENİLƏNİB

18 iyun 2024-cü il tarixində növbəti ziyarətimi gerçəkləşdirdim…

Daha bir Şəhid ocağında oldum…

Daha bir Şəhid ailəsinə baş çəkdim…

Daha bir Şəhid ocağını, ailəsini ziyarət etdim…

Sabirabad rayonunun antiterror Şəhidlərindən olan Qasim Bilal oğlu Məmmədhəsənovun Dərdli, Yaralı, həm də Məğrur, Dik Duruşlu, Qəhrəman, Alicənab ailəsi, valideynləri, doğmaları ilə bir araya gəldim…

Öncə Şəhidimizin valideynlərinə, qardaş və bacısına Allahdan səbr və dözüm dilədim…

“Şəhidimizin ruhu şad olsun!”-dedim…

Müqəddəs ruhu qarşısında ehtiramla baş əydiyimi bildirdim…

Qasim Məmmədhəsənov da daxil olmaqla, heç bir Şəhidimizi, onları yetişdirən, onları Uca tutan ailələri, valideynləri unutmağa haqqım olmadığını, haqqımız olmadığını dilə gətirdim…

Şəhidlərimizə və onları böydüb boya-başa çatdıran Qəhrəman valideynlərə, ailələrə heç zaman borcumu ödəyə bilməyəcəyimi, borcumuzu ödəyə bilməyəcəyimizi söylədim…

İki saata yaxın çəkən ziyarətim zamanı Şəhidimizin valideynləri, xüsusilə, atası Bilal Məmmədhəsənovla dərdləşdim, söhbətləşdim…

Şəhidimizin atasının dediklərindən:

“Mən özüm də müharibə iştirakçısıyam…1993-cü ildən 1997-ci ilə qədər Vətənin keşiyində dayanmışam, 1993-94-cü illərdə Füzuli istiqamətində qanlı döyüşlərdə iştirak etmişəm…Neçə-neçə Əsgər, döyüş yoldaşım gözüm önündə Şəhid oldu…Aktyor “Fəlakət”in-Elşən Orucovun dayısı qollarımda can verdi, Şəhid oldu…Gözlərimlə nələr görmədim…Amma qismət deyilən bir şey var…Müharibədən, Əsgərlikdən sağ-salamat döndüm…Görünür, Şəhidlik qismətim deyilmiş…Şəhidlik balamın, övladımın taleyinə, qismətinə yazılıbmış…Mən Şəhid olmadım, amma balam Vətən yolunda Şəhid oldu…Vətəni də Ucaltdı, özü də Ucaldı…”

Şəhidimizin atasını dinlədikcə, ona qulaq asdıqca… həyəcanımdan özümə yer tapa bilmirdim…

Bilmirdim… nə deyim, necə təsəlli verim…Ki, yaralı qəlbinə az da olsa, su səpilsin, ürəyi az da olsa, toxtaqlıq tapsın…

Həmin anlar çox aciz, çox çarəsiz idim…

Sözlər də, kəlmələr də tükənmişdi, boğazımda düyünlənmişdi…

***

Şəhidimizin ocağına, ailəsinə baş çəkdikdən sonra valideynləri ilə birlikdə öz hesablarına tikdirdikləri Xatirə kompleksini-“Şəhid bulağı”nı ziyarət etdim…

Daha sonra Qaraqaşlı kənd qəbiristanlığındakı məzarını ziyarət və ruhuna dualar etdim…

Məzarı, ruhu qarşısında baş əydim…

***

Bu yerdə qeyd edim ki, Qasim Məmmədhəsənov 2001-ci ilin dekabr ayının 18-də Sabirabad rayonunun Qaraqaşlı kəndində-ziyalı ailəsində dünyaya gəlib…

Atası Birinci Vətən Müharibəsi iştirakçısı, 49 yaşlı Bilal Məmmədhəsənov Texniki Universiteti bitirib, ali təhsillidir…

Qasim ailənin üç övladından, iki qardaşdan biri və evin böyük oğlu olub…

2007-2018-ci illərdə Qaraqaşlı kənd tam orta məktəbində təhsil alıb…

2018-2022-ci illərdə UNEC-də, Azərbaycan Dövlət İqtisad Universitetində oxuyub…

2022-ci ilin yayında, iyul ayında həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…

Şuşa istiqamətində yerləşən “N” saylı hərbi hissədə qulluq edib…

Və 2023-cü ilin 23 saatlıq antiterror əməliyyatı zamanı Xocalı istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi 21 sentyabr 2023-cü il tarixində Qaraqaşlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib…

22 yaşında Şəhidlik məqamına ucalan Şəhidimiz həm də subay idi…

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq-AZƏRBAYCAN MÜDAFİƏ NAZİRLİYİ

Read Next

Gözünüz, gözləriniz aydın olsun, Əzizə ana, Həsən ata!-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir